Fövqəladə Hallar Nazirliyində (FHN) fəaliyyət göstərən "112 zəng mərkəzi"nin yaradılmasının 5 il tamam olur. Bu xidmət ölkə başçısının müvafiq fərmanı ilə 2006-cı il fevralın 28-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində təşkil olunub.
Bu gün artıq ölkənin iri şəhərlərində şəhər ATS abonentləri, həmçinin, respublika ərazisindəki bütün mobil operator abonentləri 24 saat ərzində bu “qaynar nömrə”yə ödənişsiz müraciət edə bilərlər.
Qeyd edək ki "112" bütün Avropa ölkələri tərəfindən qəbul olunmuş və istifadə edilən “qaynar xətt” nömrəsidir. Ölkə vətəndaşları "112" nömrəsinə yanğın hadisəsi, yol nəqliyyat qəzası və digər hadisələr barədə məlumat verə bilirlər.
"112 zəng mərkəzi"nin rəisi, polkovnik Fikrət Məcidov bildirib ki, son illər ərzində mərkəzə daxil olan zənglərin statistikası da insanlarda xidmətə inamın artdığının göstəricisidir. Gün ərzində telefonçu-operatorlar 10-15 min zəng qəbul edirlər. Bu zənglərin təxminən 150-200-nü konkret müraciətlər təşkil edir ki, həmin müraciətlər də aidiyyəti üzrə yönləndirilir.
Ümumilikdə götürsək, 2007-2010-cu illər ərzində "112" zəng mərkəzi 32 mindən artıq müraciəti aidiyyəti üzrə yönəldib.
“Ötən 5 il ərzində "112" zəng mərkəzində işin keyfiyyətini artırmaq istiqamətində xeyli iş görülüb. Mərkəzdə 10 operator, radio rabitəçi və dispetçer üçün iş otaqları yaradılmış, Tetra MTM-700 rəqəmsal, CM-360, CP-160 analoq tipli radiostansiyalar, operativ zalda 2 ədəd iri monitor quraşdırılmış, bütün iş yerləri kompyuter və rəqəmsal telefonlarla təchiz olunmuşdur. Mərkəzə daxil olan zəngləri qəbul etmək üçün mini ATS quraşdırılmış, hər hansı qəzalar zamanı zənglərin fasiləsiz qəbulunu təmin etmək məqsədilə şəhər ATS-indən 2 Mbit axına malik əlavə optik rabitə xətti çəkilmişdir-deyə Fikrət Məcidov bildirib.
Yeniliklər içərisində 2010-cu ildən istifadə olunan "BİMAS" (Böhran İdarəetmə Mərkəzinin Avtomatlaşdırılmış Sistemi) proqram təminatını qeyd etmək gərəkdir. Bu proqram vasitəsilə "112" zəng mərkəzi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi arasında fasiləsiz əlaqə saxlamağa imkan verən 100 Mbit rəqəmsal axına malik şəbəkə yaradılıb. Mərkəzə daxil olan müraciətlər və görülmüş tədbirlərin hamısı "BİMAS" da qeydiyyata salınır və manitorlarda nəzarət üçün görünür.
Modern.az