Modern.az

Sürücülər qaydalardakı dəyişikliklərdən xəbərdardırlarmı? (Sorğu və fotolar)

Sürücülər qaydalardakı dəyişikliklərdən xəbərdardırlarmı? (Sorğu və fotolar)

Ölkə

28 Fevral 2011, 14:49

Milli Məclisin fevralın 22-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş şəxslərlə bağlı əlavə və dəyişikliklər qəbul olunub. Yenicə təsdiqlənən bu əlavə və dəyişikliklərdə avtobus sürücülərinin xəbəri varmı və buna nə dərəcədə riayət edirlər?
Modern.az-ın əməkdaşı sərnişindaşıma ilə məşğul olan bir neçə marşrut üzrə hərəkət edən avtobus sürücüləri arasında sorğu keçirib.

İlk olaraq sualımız 106 nömrəli avtobusun sürücüsu Füzuli Ayazova ünvanladıq. Müsahibimiz İnzibati Xətalar Məcəlləsinə olunan əlavə və dəyişikliklərdən xəbərdar imiş. F.Ayvazov dedi ki, əlavələrdə göstərilib ki, sürücü avtobusda siqaret çəkməməli, maqnitafon və radio oxutmamalıdır. 
“Hər şeydə, hər yerdə qayda-qanun işləsə, mən buna da ikiəlli razıyam. Özüm siqaret çəkən deyiləm və qaydalara da riayət edirəm. Qabaqlar radioda ancaq xəbərlərə qulaq asırdım, indi isə ümumiyyətlə radionu yandırmıram. Qaydaları pozmamışam və dövlət yol polisinin əməkdaşlarıda məni saxlamıyıblar”.

26 nömrəli marşrutda işləyən sürücu Rəhman Baxşəliyev də dəyişikliklərdən xəbərdar olduğunu bildirdi.
“Avtobusda radionu yandırmaq olmaz, siqaret çəkmək olmaz, avtobusu təmiz saxlamaq lazımdır və s. Mən öz işimə məsuliyyətlə yanaşdığım üçün indiyədək hansısa cəzaya məruz qalmamışam”.
“Əlavə və dəyişikliklərdən razısınızmı” sualına müsahibimiz “bunu gələcək göstərər, nə nəticə verəcək. Ümid edirik ki, yaxşı olar” deyə cavab verdi.

224 nömrəli avtobusun sürücüsu Məcid İsayev isə dedi ki, dəyişikliklərdən  xəbəri  yoxdu.
“Heç kim də mənə bu haqda xəbədarlıq etməyib. Bununla bağlı yol polisi bizə hansısa cəza da tətbiq etməyib”.

84 nömrəli marşrutda çalışan sürücü Eldar Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən xəbərdardır:
“Qadağalara münasibətim belədir ki, radioya qulaq asmaq lazımdı, xəbərləri eşitmək üçün. Dünyadan xəbərimiz olmalıdı ya yox, səhər tezdən çıxırıq axşam saat 12-1-də qayıdırıq, başımızı atıb yatırıq. Bilməliyik ki, dunyada nə var, nə yox. Mən qaydaları pozmasam, məni heç kim cərimələyə bilməz. Maqnitafona gəldikdə onu cavan sürücülər oxudurlar, həm də səviyyəsiz musiqilərə möhkəm “xod” verirlər”.

267 nömrəli avtobusun sürücüsü Ramin Ağayev bildirdi ki, onun da qaydalardakı dəyişikliklərdən xəbəri var:
“Səhv eləmirəmsə avtobusda siqaret çəkmək, maqnitafon oxutmaq, radionu yandırmaq olmaz. Siqaret çəkən deyiləm, radioda arada xəbərə qulaq asırıq. Bununla bağlı hələki hansısa problemlə üzləşməmişik və yol polisi də məni saxlamıyıb”.

İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş şəxslərlə bağlı əlavə və dəyişikliklər:

- nəqliyyat vasitəsini idarə edən şəxs alkoqoldan, narkotik vasitədən, psixotrop maddədən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş olarsa, 5 balla qiymətləndirilərək cərimələnəcək.
 - sürücünün nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçırması isə 5 balla qiymətləndiriləcək.
-nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan dayanacağında saxlanmalıdır. Dayanma və durma qaydalarını pozduğu üçün avtomobili müvafiq icra hakimiyyəti orqanının duracağına gətirilən sürücü inzibati cəriməni və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanması haqqını həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə qəbz veriləcək və nəqliyyat vasitəsi sürücüyə qaytarılacaq.
- nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti bitdikdə sürücülük vəsiqəsi iki halda sürücüyə qaytarılır - nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün, yaxud nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxsə imtahansız həmin müddət bitdiyi gün.
- şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, “Taksi” tanınma nişanı, taksometr və digər göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunacaqlar.
- əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 20 manat, lisenziyasız sərnişin və yük daşınmasına görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat, qalaq yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınma şərtlərini pozanlar 40 manatdan 50 manatadək, pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olanlar 1500 manat, avtovağzal fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesini pozanlar 500 manat cərimə olunacaqlar.
- avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olduqda, o cümlədən qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etmədikdə 50 manat miqdarında cərimə ediləcəklər.
- nəqliyyat vasitəsində – trolleybus, tramvay, avtobus və taksidə şəhərətrafı və şəhər daxilində biletsiz sərnişin daşınmasına görə 5 manatdan 15 manatadək, şəhərlərarası marşrut üzrə 15 manat, beynəlxalq marşrut üzrə avtobuslarda 30 manat, dəmir yolu nəqliyyatında 5 manatdan 10 manatadək, dəniz və çay nəqliyyatında 15 manatdan 25 manatadək, hava nəqliyyatında isə 20 manatdan 40 manatadək cirəmə tətbiq ediləcək.
- beynəlxalq daşımaları həyata keçirən şəxslər müvafiq dövlətin ərazisinə giriş və ya çıxış üçün sənədlərə malik olmadıqda – fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 3 min manatadək cərimələnəcəklər.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı