Martın 2-də Bakıda keçiriləçək tanınmış rus estrada bəstəkarı İqor Krutoyun yaradıçılıq gecəsində iştirak etmək üçün Rusiyanın bir sıra tanınmış estrada müğənniləri bu gün axşam Bakıya gəlir. Tanınmış simalar arasında erməni əsilli müğənnilər İrina Alleqrova və Filipp Kirkorov da var. Bu səfər baş tutarsa, son 20 ildə erməni müğənnilərin Bakı səhnəsində ilk çıxışı olacaq. Kirkorovun və Alleqrovanın Azərbaycana səfəri ictimai rezonans doğurub.
“Konsertin təşkilatçıları erməni əsilli müğənniləri başqa çür təqdim etməyə çalışırlar. Belə adamların Bakıya gəlməsi yol verilməzdir”.
Bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az-a açıqlamasında deyib.
A.Nağı bildirib ki, bu müğənnilərin Bakıya gəlməsi ilə bağlı mətbuatda müəyyən müzakirələr gedib. “Təşkilatçılar da deyir ki, guya Filipp Kirkorov türklərə, azərbaycanlılara qarşı öz rəğbətini dəfələrlə bildirib. Amma mən hesab edirəm ki, o ermənidir və erməni siyasətinə xidmət edir. Ona görə, elə bir adamın Bakıya gəlməsi yolverilməzdir. Digər tərəfdən Alleqrova uşaq vaxtı Bakıda yaşayıb, sonradan Ermənistana gedib. Amma bu gün özünü Ermənistanın təbliğatçısı kimi təbliğ edir. Mən mətbuatdan bildim ki, onun “Ermənstan, mən sənə qayıdaçağam” adlı bir mahnı diski də olub. Yəni açıq şəkildə Ermənistan mövqeyindən çıxış edir”.
İqor Krutoya bəstəkar və müğənni kimi hörmət etdiyini deyən A.Nağı bildirib ki, buna baxmayaraq hər iki müğənninin Azərbaycana gəlməsi və hansısa konsertdə iştirak etməsi yolverilməzdir. “Biz mövqeyimizi bildiririk. Və təklif edirik ki, təşkilatçılar bizim mövqeyimizi nəzərə alsınlar. /gər nəzərə almasalar, o adamlar gəlsələr, orada baş verəcək hər hansı bir hadisənin məsuliyyəti onların üzərinə düşəcək”.
A.Nağının sözlərinə görə, Qarabağ Azadlıq Təşkilatı bu məsələni nəzarətdə saxlayıb və müəyyən planlar hazırlayıb.
“Bununla bağlı müəyən planlarımız var amma, hələki açıqlamaq istəmirik. Prosesi nəzarətdə saxlayırıq”.
Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov isə başqa mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, İrina Alleqrova erməni yox, yəhudi olub. “Onun atası Musiqili Komediya Teatrının aktyoru olub. Dəqiq bilirəm ki, onun atası, ansı yəhudi olub. Onun əri erməni olub. Amma özü erməni olmayıb”.
F.Sücəddinov qeyd edib ki, onların Bakıya gəlməsi Mədəniyyət və Turizim Nazirliyi və başqa aidiyyatı qurumların təşkilatcılığı nəticəsində baş tutur. “Bizimkilər dəvət edib onlar da gəlir, elə belə gəlmir ki ? Hamısına damğa vurmaq düzgün deyil, biz özümüzə dost tapmalıyıq. Bizim dostumuz yoxdur. Kate Lel bilməyib Qarabağa getmişdi. Sonra gəldi üzr istədi. Yaxşı bu da düşmən oldu? Kimin ağlına nə gəldi onu da yazır, hamısı savadsız insanlardır. Hərəyə bir damğa vurulur, məsələ ondadır ki, baxaq görək bizdən nə yazırlar, bunu mədəniyyət naziri çağırıb, Prezident Aparatının razılığı olub”.
Amma İrina Alleqrovanın rəsmi tərcümeyi halında atasının erməni olması qeyd edilib. Atası Aleksandr Sarkisov sonradan soyadını Alleqrov adına dəyişib. (İtalyanca “alleqro” “şən” sözündən). Aleksandr Sarkisov Azərbaycan SSRİ-nin əməkdar artisti olub.
İrina Alleqrova 1961-cı ildə ailəsi ilə birlikdə Rostovdan Bakıya köçüb. Validyenləri Musiqili Komediya Teatrında işləyib. Müğənni orta məktəbi Bakıda bitirib. Amma Konservatoriyaya girmək arzusunu həyata keçirə bilməyib. İ.Alleqrova hətta 1970-ci illərdə Azərbaycan SSRİ-nin xalq artisi Rəşid Behbudovla bərabər bir çox qastrol səfərlərində olub. Elə həmin illərdə müğənni İrəvan Orkestrində çalışmağa başlayıb.
O, 2001-ci ildə Rusiya-Ermənistan dostluğuna həsr olunmuş təntənəli konsert proqramında çıxış edib. Ötən il İrina Alleqrova qondarma erməni soyqırımının "ildönümü" günü - aprelin 24-də Rusiyanın Voronej şəhərində konsert proqramı ilə çıxış edib. Və İrinanın bu hərəkəti ermənilərin etirazına səbəb olub. Müğənni üzrxahlıq etmək üçün elə həmin il "Ermənistan, mən sənə qayıdacam" adlı yeni albom buraxıb.
Sədaqət Süleymanova