Rusiya Gürcüstanla münasibətləri bərpa etmək üçün ciddi güzəştlərə getməlidir”. Bu fikirləri Modern.az saytına politoloq Qabil Hüseynli Gürcü patriarxı II İlyanın hökuməti Rusiya ilə dialoqa getmək barədə çağırışını şərh edərkən bildirib. Onun sözlərinə görə, Gürcü patriarxının çağırışı xoş niyyətli olsa da, bu ölkələr arasındakı gərgin münasibətləri yoluna qoymaq üçün mütləq Rusiya tərəfi ciddi güzəştlərə getməlidir.
“Gürcüstanla Rusiya arasındakı münasibətləri həll etmək üçün ilk növbədə Rusiya güzəştlərə getməlidir. Lakin hələki Rusiya bu addımı atmağa hazırlaşmır. Əlbəttə, din xadiminin çağırışı onun səlahiyyətlərindən irəli gəlir. Lakin mən hesab edirəm ki, bu münasibətlərin yaxınlaşmasında çoxlu əngəllər var”. Politoloq Q.Hüseynli hesab edir ki, bütün bunlar hamısı Rusiyanın Gürcüstana olan hədsiz qəzəbindən irəli gəlir.
“Rusiya istəmir ki, Gürcüstan NATO-ya daxil olsun. Onların istəyi ondan ibarətdir ki, Gürcüstan yalnız MDB çərçivəsində qalsın. Bu da mümkün olmadı. Bildiyimiz kimi, Gürcüstan NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Gürcüstan NATO-nun bazası olmasa da, yaxın qruplaşmalarını öz ərazilərində qəbul edir. Bu da Rusiyanı hədsiz dərəcədə hiddətləndirir və Gürcüstana olan qəzəbi daha da artırır".
Q.Hüseynlinin fikrincə, qonşu ölkələr arasındakı ən böyük problem Cənubi Osetiya və Abxaziya məsələsidir. “Rusiya bu torpaqları işğal edib və qondarma bir respublika kimi elan olunan qurumu tanıyıb. Bu səbəbdən də Gürcüstanla Rusiya arasında məhz Rusiyanın günahı ucbatından yaranmış o qədər problem var ki, bunları aşıb keçmək çox asan deyil. Amma son zamanlar müəyyən münasibətlərdə mülayimləşmə hiss olunur. Bunlar da Putinin diqtəsi ilə prezident Medvedev tərəfindən həyata keçirilir”.
Modern.az