Gəncəli jurnalistlər sabiq icra başçısı Eldar Əzizovun dövründəki vəziyyətdən danışıb, Elmar Vəliyevdən nə gözlədiklərini söylədilər

Modern.az saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” layihəsini bu həftə Gəncə şəhərindən olan media nümayəndələri ilə davm etdirir. Gəncədən olan jurnalistlər şəhərin iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin hazırki məşğuliyyəti barədə nə düşünürlər?
“Ərzaq məhsulları və digər xidmətlər Bakıdakı qədər bahalaşmayıb”
“Trend” İnformaiya Agentliyinin əməkdaşı Murad Əliyev digər regionlarla müqayisədə Gəncədə əhalinin iqtisadi vəziyyətinin nisbətən yaxşı olduğunu bildirib: “İstər əhalinin məşğulluq səviyyəsi, istərsə də ümumi yaşayış vəziyyəti baxımından şəhər Bakıya nisbətən çox aşağı səviyyədədir. Amma Gəncədə ərzaq məhsulları və digər xidmətlərin qiymətləri Bakıdakı qədər şişirdilmiş deyil. Bunu da qeyd etmək lazımdır”.
Murad Əliyevin fikrincə, son illər qədim şəhərdə təhsildə müsbət tərəflər görsənir: “Məsələn, Texnologiya Universitetində rüşvət ümumiyyətlə yığışdırılıb. Bu böyük irəliləyişdir. Digər universitetlərdə də bu istiqamətdə addımlar atılsa, yaxşı olar”.
Bununla yanaşı, jurnalist orta məktəblərin təhsil sistemində hələ dəyişiklik olmadığını bildirib: “Orta məktəblərin təhsil sistemi necə var, elə də qalıb. Bütün ölkədə bu problemlər var – məktəbdə pul yığılması məsələsi və s. hamısı qalır. Bu sahədə irəliləyiş olduğunu eşitməmişəm”.
Həmkarımız Gəncənin səhiyyə sistemindən də danışıb. Onun sözlərinə görə, şəhərdə açılan təzə Diaqnostika Mərkəzində əhali üçün xidmətlər tam pulsuzdur:
“Belə hallar istər – istərməz digər səhiyyə ocaqlarında da bu kimi işlərin aparılmasına təsir edir. Texnologiya Universiteti, Diaqnostika Mərkəzi, yəqin gələcəkdə onlar kimi şəffaf işləyən qurumlar çoxalacaq. Yəni əvvəlki illərə baxanda əhaliyə pulsuz xidmət göstərə bilən yer var, amma əvvəl heç o da yox idi”.
M.Əliyev qeyd edib ki, Gəncənin infrastrukturu inkişaf edir, yollar çəkilir, parklar salınır: “Şəhərin qaz, işıq, su təminatında da problemlərin olduğunu eşitməmişəm. Bəlkə təzə salınan qəsəbələrdə belə problemlər ola bilər, yəqin ki, bu da düzələr”.
Məşğuliyyətdən danışan Murad Əliyev Gəncədə əhalinin əvvəlki kimi yenə alverlə məşğul olduğunu deyib: “İnsanların məşğuliyyət sahəsində hansısa bir dəyişiklik yoxdur. İşsizlik şəhərdə qismən var. Hər kəs ailəsini dolandırmaq üçün nə iləsə məğul olur. Amma statistikaya baxsaq, görərik ki, işsiz insanlar çoxdur, axı ticarətlə məşğul olanlar rəsmən işsiz sayılır”.
Həmkarımız əhalinin yaşayış səviyyəsinin yaxşı olmadığını bildirib: “Əhalinin əsas dolanşıq mənbəyi ticarət, Rusiyada işləyən həmvətənlərimizin göndərdiyi pullardır. Gəncə şəhərində qiymətlərə baxanda aydın olar ki, əhalidə pul o qədər də çox deyil”.
M.Əliyev Gəncənin icra başçısı və oradan seçilən deputatların fəaliyyətindən danışarkən bunları deyib: “Gəncənin yeni icra başcısı Elmar Vəliyev barədə heç nə deyə bilmərəm, çünki onun haqqında elə də məlumatlı deyiləm. Amma keçmiş icra başçısı Eldar Əzizov əhalinin problemləri ilə maraqlanırdı və onlara kifayət qədər diqqətlə yanaşırdı.
Gəncədən seçilən millət vəkillərinin əhalinin problemləri ilə maraqlanması barədə isə heç nə eşitməmişəm, yəni əhali ilə görüşdüklərinin şahidi olmamışam”.
“90-cı illərdə Gəncə kənd səviyyəsinə enmişdi”
“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva inkişaf edən ölkə iqtisadiyyatının Gəncədə də müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, 90 -cı illərə nisbətən bu gün şəhərdə iqtisadi dirçəlişin şahidi olmaq mümkündür:
“Gəncədə yeni müəssisələr, iş yerləri açılır, sahibkarlıq inkişaf edir. Son illər artıq fəaliyyətini dayandırmış bir neçə fabrik, zavod işə düşüb. Ölkə başçısı da Gəncədə yeni müəssislərin, iş yerlərinin açılışında iştirak edib”.
“Gəncə şəhərində baş verən yeniliklər hamısı ölkə iqtisadiyyatının inkişafının göstəricisidir” deyən N.Abdullayeva inkişafla yanaşı, burda problemlərin də olduğunu və Gəncənin iqtisadiyyatının hələ istənilən səviyyəyə çatmadığnı qeyd edib: “Gəncədə əhali səhiyyə sahəsində hələ də problemlərlə qarşılaşır. Burda insanlara göstərilən tibbi xidmətlərin zəifliyini müşahidə edirik. Yeni iş yerləri daha çox açılsa, əmək qabiliyyətli insanlar işlə təmin oluna bilərdi.
Bununla yanaşı, Gəncədən ali məktəblərə qəbul olan abituriyentlərin də sayı çox deyil. İstərdik ki, bu nəticə 100 fazi olsun. Bu da Gəncədə orta məktəblərdə hələ də problemlərin olduğunu göstərir.
90-cı illərdə şəhərin kommunal təsəsrrüfatı tamamilə sıradan çıxmışdı. Əhali kəndlərdə olduğu kimi odundan istifadə etməyə məcbur qalmışdı. Amma indi bu sahələr tədricən bərpa olunur. İşıqla bağlı problem olmasa da, qazla bağlı Gəncənin ətraf ərazilərində hələ də problemlər var”.
Nigar Abdullayeva hesab edir ki, Gəncə şəhərində sabiq icra başçısı Eldar Əzizovun dövründə çox dəyişiklik olub: “90-cu illərdə kənd səviyyəsinə gəlib çıxan Gəncə Eldar müəllimin rəhbərliyindən sonra tamamilə abadlaşdı. Məscidlər, teatrlar bərpa olundu və Gəncənin keçmiş gözəlliyi özünə qayıtdı. İndi yeni rəhbər təyin olunub, görək bundan sonra necə olacaq”.
Həmkarımız onların dairəsindən seçilən deputat Musa Quliyevdən çox razı olduğunu deyib:
“Musa Quliyev ötən dövrdə əhali ilə görüşlər keçirib, amma istəyərdik ki, yeni fəaliyyət dövründə də bu, davamlı olsun”.
“Gəncədə ən böyük problem işsizlikdir…”
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ülviyyə Şamilqızı Azərbaycanın hər yerində olduğu kimi Gəncədə də iqtisadi problemlərin olduğunu bildirib: “Demək olmaz ki, orada hər şey əladır və heç bir problem yoxdur. Yalnız ərzaq, tərəvəz məhsullarının qiymətləri baxımından Gəncədə ucuzluqdur”.
Ü.Şamilqızı şəhərdə iş yerlərinin az olduğunu da qeyd edib: “Orada ən böyük zavod Aliminium zavoddur, o da tam gücü ilə fəaliyyət göstərmir. Şəhər əhalisinin işlədiyi böyük yer ora idi, o da fəaliyyətini tam bərpa etmədiyinə görə, əhalinin vəziyyəti bir o qədər də yaxşı deyil”.
Bununla belə, həmkarımız şəhərdə inkişafın da getdiyini deyib. Onun fikrincə, 10 il öncə ilə müqayisədə Gəncə inkişaf edir: “Düzdür, şəhərin vəziyyəti yaxşıdır, abadlaşdırma gedir, inkişaf var, bir sözlə, Gəncə gözəlləşir. Bundan əlavə, burada əhaliyə QHT-lərin də dəstəyi çoxdur. İnsanlara pulsuz xidmətlər göstərmək, uşaqların təhsil alması, inkişaf etməsi, xaricdə seminarlarda iştirak etməsi üçün təşkilatlar böyük iş görür”.
Ülviyyə Şamilqızının sözlərinə görə, Gəncədə ən böyük problem işsizlikdir: “Qaz, işıq, su-bunlar hamısı normasındadır. Əhalinin az hissəsi Aliminium zavodda işləyir, qalanları isə xırda ticarətlə məşğul olur. Rusiyaya üz tutanlar da çoxdur”.
Ü.Şamilqızı Gəncənin təhsil və səhiyyə sahəsinin işini belə qiymətləndirib: “Şəhərdə təhsilin səviyyəsi məktəblər və universitetlər üzrə fərqlidir. Oxuyan tələbə Gəncədə heç bir universitetdə sıxışdırılmır. Orta məktəblərdə də müəllimlərin bilik səviyyəsi yüksəkdir.
Səhiyyədə əhaliyə tibbi xidmətlər göstərilir. Burada savadlı həkimlər çoxdur, amma hər xəstəxanada yox. Gəncədə xüsusi adı olan xəstəxanalarda yaxşı həkimlər var, məsələn 3 nömrəli xəstəxana, dispanser. Məhz bunlar əhalinin çox müraciət etdiyi xəstəxanalardır. Burada insanlara tez –tez pulsuz xidmətlər də göstərilir. Əminliklə deyə bilərəm ki, dövlət xəstəxanalarında hüququnu bilən adam ödənişsiz müalicə ala bilər”.
Digər jurnalistlər kimi Ülviyyə Şamilqızı da yeni icra başçısı barədə məlumatsız olduğunu deyib. Bildirib ki, sabiq icra başçısı Eldar Əzizov şəhərlə maraqlansa da, əhali görüşmürdü: “Ümumiyyətlə, Gəncədən hansı deputataların seçildiyini, niyə seçildiyini, onların kim olduğunu bilmirəm. Onların heç biri bir iş görmür”.
“Gəncədə internetə aludəçilik gəncləri “pozub””
Keçmiş jurnalist Vüsalə Hüseynova isə Gəncəni iki prizmadan təhlil etmək istədiyini bildirib. O, birinci prizmanın Gəncənin Azərbaycanın ideoloji mərkəzi, sütunu olması ilə bağlı olduğunu deyib:
“Tarixə nəzər salsaq Gəncə özünün məhşurları, çinarlar şəhəri olması, ziyalıları ilə və eyni zamanda düşmənə qarşı mübarizə aparan bir yer olması ilə yaddaşlardadır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtının Gəncə olması isə dediklərimi bir daha təsdiqləyir.
İkinci istiqamət isə müasir Gəncə ilə bağlıdır. Keçid dövrü ilə indiki zamanı müqayisə edəndə şəhərin müsbət və mənfi çalarlarını görmək olur. Həmin vaxt bütün Azərbaycanın şəhərləri kimi Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncədə də vəziyyət bərbad idi”.
V.Hüseynovanın sözlərinə görə, bu gün Gəncədə inkişaf müşahidə olunur və Azərbaycanın Avropaya inteqrasiyası özünü bu şəhərdə də göstərir: “Bununla belə burda da problemlər mövcuddur. Bu gün Gəncə insanlarının təhsil səviyyəsi aşağıdır. Hazırkı vaxtda Gəncəyə gedəndə şəhərin ziyalı təbəqəsini görə bilmirəm. Zamanında hər şeyə birinci reaksiya verən Gəncə camaatı bu gün passivləşib.
Şəhər inkişaf edir, yollar təmir olunur, nəqliyyat infrastrukturu çox gözəlləşib, hər şey qaydasındadır, ancaq insanların öz potensiallarını qaldırmaqda problemlər mövcuddur”.
Vüsalə Hüseynovanın fikrincə, gənclərin təhsilə, kitab oxumağa marağının azlığı müəyyən qədər internet aludəçiliyi ilə bağlıdır.
“Avropa və digər inkişaf etmiş ölkələrdə də internetə aludəçilk var, amma orda metroda insanlar kitab oxuyurlar. Tək Gəncədə yox, bütün Azərbaycanda bu problemin qarşısını almaq üçün ilk növbədə kitabxanaların sayını artırmalıyıq”.
Həmkarımız hesab edir ki, Gəncədə zavodlar, xalça kombinatı, karamel fabriki fəaliyyətini bərpa etsə, şəhərdə işsizlik problemini həll etmək olar və Rusiyaya işləmək üçün gedənlər vətənlərinə qayıda bilərlər.
“Bu gün Gəncənin uşaq bağçaları çox bərbad vəziyyətdədir. Təbii ki, o bağçaların təmirə ehtiyacı var” deyən jurnalistin sözlərinə görə, şəhərin təhsil səviyyəsinin necə olduğunu bilmək üçün TQDK-nın rəsmi statistik nəticələrinə baxmaq kifayətdir.
“Gəncədə səhiyyə sahəsində müsbət tərəflər də var, mənfi tərəflər də. Təmir və təmizlik baxımından müsbət görüntülər mövcuddur. Amma istərdim ki, regionlarımızda, şəhərlərimizdə işçi qüvvəsinin səviyyəsi qalxsın. Yəni Gəncə həkimləri də Bakıdakı kimi xarici təhsil kurslarına göndərilsin, səviyyələri artsın”.
Vüsalə Hüseynovanı bu gün ən çox narahat edən məsələ Gəncədə kriminal hadisələrin çoxalmasıdır. Onun fikrincə, bunun qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlər görülməlidir.
“Sabiq icra başçısı Eldar Əzizovun dövründə Gəncə özünün inkişaf mərhələsini yaşadı” deyən V.Hüseynovanın fikrincə, yeni təyin olunan başçı Elmar Vəliyevin dövründə şəhər özünün müasirlik dövrünü yaşayacaq.
“Gəncədən seçilən millət vəkillərinin üçünü daha yaxşı tanıyıram, amma biri yeni olduğu üçün məlumatım yoxdur, o insanın özü və fəaliyyəti barədə yetərincə məlumata malik deyiləm. Bizim dairədən seçilən Musa Quliyevin isə qanunvericilik sahəsində fəaliyyətini çox yüksək qiymətləndirirəm”.
Vüsalə Hüseynova arzu edir ki, Gəncənin millət vəkilləri Qənirə Paşayeva, Mehriban Əliyeva kimi əhalinin problemləri ilə maraqlansalar, insanlarla daha sıx təmasda olasalar, onlara münasibət yüksələr.
Aytən ƏLİYEVA