“Xəzər” televiziyasının Proqramlar redaksiyasının direktoru, “Həyata baxış” verilişinin aparıcısı və eləcə də “Aramızda qalsın” serialından Kənan obrazı ilə tanınan Ramal Hüseynov Türkiyənin məşhur “Çocuklar duymasın” teleserialının prodüseri Birol Güvənin onları məhkəməyə verəcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.
O, Modern.az saytına açıqlamasında bildirib ki, bununla bağlı türklər onları məhkəməyə verə bilməzlər. “Çünki, bu bir dünya projesidir. Türklər özləri də “Çocuklar duymasın” serialının ideyasını İngiltərədən götürüblər. Bu baxımdam türklər o zaman haqlı olarlardılar ki, bu layihə onlara məxsus olsun. Türkiyənin özündə demək olar ki, bir çox serialları xaricdən götürülüb. Çoxusu pirat layihələrdir. Onlar özləri yaxşı bilirlər ki, bu proje türklərə aid deyil”.
R.Hüseynov onu da bildirib ki, “Çocuklar duymasınlar”la “Aramızda qalsın” serialının oxşar cəhəti yalnız ailə-məişət mövzusunda olmasıdır.
“Bizim çəkdiyimiz teleserial həm sujet, həm də ssenari baxımından tam fərqlidir. Ola bilsin ki, ilk baxışdan bəzi oxşarlıqlar nəzərə çarpsın. Qeyd edim ki, bu serialın hazırlanmasına milyonlarla pul xərclənir. Əgər biz “Aramızda qalsın”ı Türklərdən götürəcəkdirsə, onda elə pul verib “Çocuklar duymasın”ı alıb tamaşaçılara göstərərdik”.
Anar Rüstəmov