
Bir müddət öncə Misirin sabiq prezidenti Hüsnü Mübarək xalqın etirazlarına tab gətirməyərək hakimiyyətdən getməyə məcbur oldu. Misirdə hakimiyyətdən salınan Hüsnü Mübarək Azərbaycanın Xirdalan şəhərində hələki taxtında oturmaqdadır. Söhbət onun Xırdalandakı heykəlindən gedir. Bu heykəl Azərbaycan cəmiyyətində müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bir çoxları hesab edir ki, H.Mübarəkin heykəli götürülməlidir və bunun əksini söyləyənlər də var. Modern.az bu məsələyə münasibətini öyrənib.
Şair Əkbər Qoşalı hesab edir ki, Misir hadisələrindən həmən sonra ölkəmizdə bu liderin heykəli götürülməməlidir. Onun sözlərinə görə, Hüsnü Mübarəkin Azərbaycanda heykəlinin ucaldılması Misir xalqına olan ehtiramın nəticəsidir: “Misir xalqı öz liderini devirib, bu artıq tarixi faktdır. Bununla belə mən hesab etmirəm ki, orada çevriliş aktı baş verdikdən sonra biz burda sürətlə Hüsnü Mübarəkin heykəlinin yıxılmasını həyata kecirməliyik. Biz abidəni Hüsnü Mübarək olduğuna görə yox, o zaman Misirin başında duran bir şəxs kimi, bütövlükdə Misir xalqına ehtiramımızın əlaməti olaraq ucaltmışıq”.
Ə.Qoşalı bildirib ki, bu məsələ ilə bağlı yəqin ki, aidiyyatı dövlət orqanları, xüsusilə də heykəlin yerləşdiyi ərazinin bələdiyyə rəhbəri, icra hakimiyyəti müzakirələr aparacaq və doğru qərara gələcəklər: “Uzun müddət Misir xalqına rəhbərlik etmiş bir şəxsin heykəli ilə bağlı qərar qəbul etmək üçün müəyyən vaxt lazımdır. Hesab etmirəm ki, Misir kimi qədim və böyük bir dövlətə rəhbərlik etmiş şəxsin heykəli ilə bağlı bir qədər isti başla qərar vermək lazımdır. Bəlkə də bu barədə qərar qəbul etmək üçün bir qədər zamana ehtiyac var”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, hər hansı şəxsə heykəl qoyan zaman əvvəldən ətraflı fikirləşmək lazımdır: “Fikirləşmək lazımdır ki, nəyə görə, hansı səbəbdən Azərbaycanda Misirin prezidentinin heykəli qoyulur. İndi bu ötüb keçmiş bir məsələ olduğuna görə, ona qayıtmaq lüzümü yoxdur. Mən hesab edirəm ki, o da bir tarixdir, tarixin səhvi də ola bilər, düzü də”.
A.Aşırlı bildirib ki, ölkəmizdə yalnız Azərbaycana və ümumilikdə türkçülüyə xidmət etmiş şəxslərin heykəlləri qoyulmalıdır: “Mən hesab edirəm ki, türkçlüyə və bizə aid olan şəxslərə heykəl qoymaq lazımdır. Məsələn Nuru Paşanın Bakıda heykəli yoxdur. Ona heykəlin qoyulmasını daha məqsədəuyğun hesab edirəm”.
Bununla yanaşı A.Aşırlı bildirib ki, qoyulan heykəllərin götürülməsinin tərəfdarı da deyil: “Çünki onlar bütövlükdə tarixin bir hissəsidir”.
Millət vəkili Fərəc Quliyev isə deyib ki, o siyası adamlara onların sağlığında heykəl qoyulmasının tərəfdarı deyil: “Ancaq bununla belə, heykəllər qoyulursa və sonradan onları götürmək zərurəti yaranırsa, onların dağıdılmasının da tərəfdarı deyiləm. Bu cür heykəllər üçün açıq səma altında tarix müzeyinın yaradılmasının tərəfdarıyam. Onları açıq səma altında tarix müzeyində saxlamaq və barələrində həqiqətləri yazmaq lazımdır ki, bu adam filan illər ərzində bu işləri görüb. Azərbaycanda Şaumyana, Əzizbəyova və başqalarına heykəl qoyulmuşdu. Onların da qırılmasının tərəfdarı deyiləm. Bunların hamısı tarixdir, insanlar onları tanımalıdır. Yaxşıdır və ya pis, bu, bir tarixdir. Mübarək də bir tarix yaşayıb”.
Sədaqət Süleymanova