st1:*{behavior:url(#ieooui) }
Ötən həftə Milli Məclisdə hesabatı qəbul edilən Ombudsman Elmira Süleymanovanın fəqliyyəti hüququşünaslar tərəfindən bəyənilmir. “Azərbaycanda Ombudsman İnstitutunun olması bir dekorasiyadır”. Bu fikirləri tanınmış hüquqşünas, “Viza” hüquq şirkətinin rəhbəri Aslan İsmayılov Modern.az saytına açıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycanda real Ombudsman İnstitutu yoxdur:
“Azərbaycanda məhkəyə sistemi olmadığından, qanunlara məmurlar və vətəndaşlar tərəfindən hər yerdə hörmətsizlik göstərildiyindən, hansısa Ombudsman İnstitutunun olması sadəcə bir dekorasiyadır. Mən Azərbaycanda real Ombudsman İnstitutu görmürəm”.
A.İslayılov Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti haqda belə deyib: “Real institut və real məhkəmə haqqında fikir söyləyib, müxtəlif təkliflər vermək olar. Lakin real olmayan məhkəmə və Ombudsman İnstitutu haqqında nəsə fikir söyləmək mümkün deyil”
“Məncə Ombudsmanın fəaliyyəti qənaətbəxşdir”
Gənc Hüquqşünaslar Birliyinin sədri Elmari Məmişov Ombudsmanın fəaliyyəti ilə bağlı sualımıza cavabında bildirib ki, Elmira Süleymanovanın işi nisbətən qənaətbəxşdir.
“Son zamanlar Ombudsmanın fəaliyyəti tam görsənmir. Deyə bilərəm ki, Ombudsman bundan öncə daha aktiv və fəal idi. Amma, biz onlara tez-tez müraciətlər göndəririk. Onlar bu müraciətlərə baxırlar və mən hesab edirəm ki, bu müraciətlərə konkret cavablar verilir”.
“Ombudsman özünə status qazana bilib”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı açıqlamasında bildirib ki, Azərbaycanda Ombudsman İnstitutunun yaranması ciddi hadisə kimi qeyd olunmalıdır. “Mən deyə bilərəm ki, ötən zaman çərçivəsində Ombudsman İnstitutu üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün ciddi addımlar atıb. İstərdim ki, bu qurum insanların hüquqlarının müdafiə olunmasına daha ciddi təsirlər göstərə bilsin. Onların hüquqlarının qorunması istiqamətində daha ciddi fəaliyyət göstərsin”.
Millət vəkili ölkə başçısının insanların hüquqlarının qorunması ilə bağlı verdiyi tapşırıqları qeyd edərək bildirib ki, bu işdə Ombudsman Aparatının üzərinə ciddi iş düşür: ”Mən ümidvaram ki, Omudsman insanların hüquqlarının pozulması ilə bağlı süründürməçiliyə yol verməməsində, bu kimi neqativ halların aradan qaldırılmasında üzərinə düşən işi bundan sonra da yerinə yetirə biləcək”.
“Ombudsman Aparatı gözdən pərdə asmaq üçün yaradılan bir qurumdur”
Hüquqşünas Namizəd Səfərov Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətini belə qiymətləndirib: “Mən Ombudsmanın fəaliyyətinə 5 ballıq şkala ilə “1”, 10 ballıq şkala ilə “2” qiymətini verirəm. Məncə bu, Elmira Süleymanovanın 10 illik fəaliyyətinə verilən əsl qiymətdir”. Hüquqşünas bildirib ki, Ombudsman Azərbaycanda tam formal fəaliyyət göstərən bir İnstitutdur:
“Dövlət tərəfindən yaradılan bu institut yalnız hakimiyyətin mənafeyini müdafiə etməklə məşğuldur. İnsanların hüquq və azadlıqlarının qorunması istiqamətində isə bir addım belə olsa, atılmır. Ombudsman İnstitutu Azərbaycanda məhkəmə, prokurorluq kimi heç nəyə yaramayan bir qurumdur. Bu sadəcə, gözdən pərdə asmaq üçün yaradılıb”-deyə N.Səfərov qeyd edib.
Hüquqsünas Ombudsmanla bağlı maraqlı fakta toxunub: “2003-il prezident seçkiləri zamanı həbs edilmiş və polislər tərəfindən fiziki zorakılığa məruz qalmış bir şəxs Elmira Süleymanovaya bildirmişdi ki, “görürsünüz məni döyüb nə günə salıblar”. Bunun müqabilində Elmira xanımın cavabı belə olub ki, “yəqin ki, sən nəsə etmisən ki, səni döyüb bu hala salıblar”. Anar Rüstəmov