Çağdaş Azərbaycan qadın hərəkatının liderlərindən olan Novella Cəfəroğlunun 70 yaşı tamam oldu. Bəlkə də, ənənəyə uyğun olaraq sadəcə yubileyi xatırlatmalıydım, rəqəm yazmamalıydım. Axı adətən, qadınların yaşını soruşmazlar və ya yazmazlar.
Ancaq bu dəfə ənənəni pozmağımıza elə Novella xanımın özü əsas verir. Birincisi, daşıdığı soyadı ilə. "Cəfəroğlu" kimliyini soyad olaraq götürməklə Novella xanım zərif qadın mühafizəkarlığının ona yad olduğunu sənədlə də "rəsmiləşdirib".
Biz onun adını (yaşımıza uyğun olaraq) 20-22 ildir tanıyırıq. Azərbaycanda milli azadlıq hərəkatı başlanandan bəri. Və bu illərdə Novella xanımın gərgin fəaliyyəti, fasiləsiz iş rejimi də bir daha göstərdi ki, bir qadın ömrü yaşamaq ona nəsib olmayıb. Özünün qadın ömrünü minlərlə qadının məhz qadın kimi yaşaması uğrunda mübarizəyə həsr edib. Ancaq bəlkə də, elə ən böyük qadınlıq öz rahatlığını, başqalarının rahat yaşamasına qurban verməkdir. Bu illərdə Novella xanım nə qədər qadının haqlarını qorudu? Tək qadınlarınmı? Haqsızlıqla üzləşən azmı kişilər oldu, onun üstünə qaçan? Bu missiyası ilə Novella xanımı həm də ən zərif qəlbli bir qadın saymaq olar.
Müstəqil Azərbaycanda ictimai birlik, qeyri-hökumət təşkilatı yeni anlayışdır. Və səhv etmirəmsə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycanda ilk fəaliyyətə başlayan QHT-dir. Bu mənada, Novella xanım həm də Azərbaycanda QHT məktəbinin təməlini qoyanlardan biridir.
O, özündən sonra bu sahəyə gələnlərə qısqanclıqla yanaşmadı. Bir çoxunun əlindən tutub irəli çəkdi, əlaqələrin qurulmasında vasitəçi oldu. Bu gün Novella xanımın ətrafında insan hüquqlarının müdafiəsi ilə məşğul "qadın batalyonu" yaranıb (Yəqin, "qadın batalyonu" ifadəsi tanış gəldi, axı bir vaxtlar Novella xanıma edilən hücumlarda bu ifadədən gen-bol istifadə olunurdu).
Bildiyim qədər Azərbaycanda "əməkdar hüquq müdafiəçisi" adlı dövlət mükafatı yoxdur. Ancaq Novella xanım elə son 20 ildə insan hüquqlarının müdafiəsi sahəsindəki misilsiz xidmətlərinə görə Azərbaycanın ən ali dövlət mükafatlarına layiqdir. ABŞ Dövlət katibinin təsis etdiyi beynəlxalq qadın şücaəti üzrə mükafata 2007-ci ildə Novella xanım layiq görülüb. Ona verilmiş Marşal mükafatı isə dünyada cəmi 50 nəfərə verilib.
Yəqin ki, müvafiq dövlət qurumları bu fürsəti əldən verməyəcək və 70 illik yubileyində Novella xanım müstəqilliyi və insanlarının azadlığın uğrunda mübarizə apardığı Azərbaycanın ali mükafatları ilə təltif olunacaq.
Azərbaycanda az qala on nəfərdən birinin fəxri ad daşıyıcısı olduğu bir vaxtda, Novella xanımın nəzərdən kənarda saxlanılması heç cür anlaşılan olmazdı. O, iqtidarlı-müxalifətli hamının dəyəridi.
Novella Cəfəroğlu kimliyini tanımaq üçün ona okeanın o tayındanmı baxmaq lazımdır..?