Bu gün ADP-nin qərargahında müxalifət partiyalarının birləşdiyi İctimai Palatanın iclası keçirilib. İclasda aprelin 2-də mitinq keçirmək qərarı verilib.
"Müsavat.com"un məlumatına görə, iclasda həm də quruma yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Quruma üzv olmaq üçün müraciət edən 100 nəfərdən 43-nün xahişi müsbət həll olunub. Yerdə qalan şəxslərin müraciətinə gələn sessiyada baxılacaq.
İctimai Palatanın iclasına gərginlik də yaşanıb. Belə ki, nöqsan və problemlərlə bağlı təkliflərin səsləndirildiyi bir zamanda tribunaya qalxan AXCP-çi Xaliq Bahadır İctimai Palatanın Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda ittiham edib. Hazırkı hadisələr fonunda 1989-cu il olaylarının təkrar edildiyini vurğulayan X.Bahadır agentura şəbəkəsi rolunu oynayan Koordinasiya Şurasının dərhal buraxılmalı olduğunu vurğulayıb. X.Bahadırın sözlərinə görə, Koordinasiya Şurasında təmsil olunmaqlarına baxmayaraq, öz şəxsi maraqlarının keşiyində dayanan Şura üzvlərinin hamısı tutduqları vəzifədən azad edilməli və təkrar, gizli səsvermə yoli ilə Koordinasiya Şurasına yeni üzvlər seçilməlidir.
Bundan sonra sessiyanın işində gərginlik yaranıb. AXP lideri Pənah Hüseyn AXCP üzvü Xaliq Bahadırın İP üzvlərinə qarşı haqsız ittihamlar səsləndirməsnə, qurum üzvlərini agent adlandırması məsələsinə toxunub və buna son verilməsini tələb edib. Buna cavab olaraq AXCP üzvü Ramiz Kamal Xaliq Bahadırın müdafiəsinə qalxıb və Pənah Hüseynin ünvanına daha sərt ittihamlar yağdırıb.
2 aprel mitinqinə hazırlıqla bağlı məsələnin müzakirəsi zamanı çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər isə dünyada, regionda və ölkədə gedən siyasi prosesləri təhlil edib. Müsavat başqanı bildirib ki, bütün diqqəti 2 aprel mitinqinə vermək lazımdır: "2 aprel mitinqi Azərbaycan xalqının, demokratik qüvvələrin gücünün nümayişi olacaq".
İsa Qəmbər qeyd edib ki, hakimiyyət ləngimədən siyasi və iqtisadi islahahatlar həyata keçirməlidir, əks təqdirdə inqilab qaçılmaz olacaq.
Müzakirələrin yekununda 2 aprel mitinqinin qətnamə layihəsi qəbul olunub. Bakı şəhər İcra Hakimiyyətinə göndərilən müraciətdə aksiya üçün «Nərimanov» metrostansiyasının yaxınlığında yer ayrılması istənilib. İcazə verilmədiyi təqdirdə İctimai Palata mitinqi Fəvvarələr Meydanında keçirəcək.
Modern.az