Hacı Hacıağa: “Qeydiyyatla bağlı müraciətimizə Ədliyyə Nazirliyi cavab vermir”
“Azərbaycan İslam Partiyası qeydiyyatla bağlı bütün lazımi sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Lakin bizə aydın olmayan səbəblər üzündən nazirlik heç bir münasibət bildirmir”. Bu sözləri Modern.az-a açıqlamasında İslam Partiyasına 2007-ci ilə qədər sədri olmuş Hacı Hacıağa Nuriyev Baş prokurorun birinci müavini Rüstəm Usubovun partiyanın fəliyyəti ilə bağlı dediklərinə münasibət bildirərkən qeyd edib.
Saxta partiya olmadıqlarını deyən Hacı Hacıağanın sözlərinə görə, AİP-in qurultayından sonra qeydiyyatla bağlı növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət edilib. “Biz lazım olan bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. Lakin nazirlik bizim müraciətimizə heç bir cavab vermir”-deyə o vurğulayıb.
1992-ci ildə rəsmi dövlət qeydiyyatından keçən AİP-in rəhbərliyi 1996-cı ildə “vətənə xəyanət” ittihamı ilə həbs edilib. 1997-ci ildə siyasi partiyaların yenidən qeydiyyatı aparılarkən AİP partiya olaraq qeydə alınmayıb.
Qeyd edək ki, bu gün jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov İslam Partiyasını “saxta qurum” adlandırıb.
“İslam Partiyası saxta qurum olub. Bu qurum Ədliyyə Nazirliyində də qeydiyyatdan keçməyib. Onun rəhbəri Mövsüm Səmədov, əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb”-deyən R.Usübov bildirib ki, İslam Partiyasının Gəncə, Masallı, Astara rayon təşkilatları rəhbərlərinin evində də axtarışlar aparılıb: “Onların evində də çoxlu miqdarda silah tapılıb. Hazırda bu məsələlərin hamısı ilə bağlı istintaq gedir”.
Modern.az