Modern.az

İlhamə Quliyeva müxalifətə müraciət etdi: “Bura Ərəbistan deyil!”

İlhamə Quliyeva müxalifətə müraciət etdi: “Bura Ərəbistan deyil!”

Ölkə

30 Mart 2011, 11:46

Tanınmış müğənni, xalq artisti İlhamə Quliyeva Azərbaycan müxalifətinə müraciət edib. “Azərbaycan” qəzetində dərc edilmiş bu günkü müraciətində İ.Quliyeva müxalifət partiyalarını “xam xəyala” düşməkdə ittiham edib.

Modern.az saytı həmin müraciəti qısa ixtisarlara oxuculara təqdim edir

“Ötən əsrin sonlarında ölkəmizdə baş verən xaosu da görmüşük, özbaşınalığı da. Bu məmləkətin sakinləri nə Aydan təşrif buyurub, nə də okeanın o tayından. "Başına gələn başmaqçı olar", - deyiblər. Həyat kimin haqlı, kimin haqsız olduğunu dəfələrlə göstərib. Əgər ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsəydi, kim bilir, millətimizin taleyi hansı qaranlıq tufanlarda sona yetəcəkdi? İndi bu missiyanı Prezident İlham Əliyev ləyaqətlə davam etdirir. Azərbaycan bölgədə ən güclü dövlətə çevrilib. İndi vətənimizi dünyanın çox yerində yaxşı tanıyır, ölkə başçısının apardığı uğurlu siyasəti, quruculuq işlərini ürəkdən bəyənirlər. Bizi inkişafa, tərəqqiyə, firavanlığa aparan rəhbərin ətrafında sıx birləşməli, Azərbaycana xidmət etməkdə, dövlətimizin mənafeyini qorumaqda israrlı olmalıyıq”.

Daha sonra müğənni son zamanlar ərəb inqilablarının ölkəmizdə təkrarlanması ilə bağlı təhlillərə toxunaraq buna imkan verilməyəcəyini vurğulayıb.

“Nədənsə özümüzün libasımız ola-ola özgənin nimdaşına, çuxasına maraq göstərənlər də tapılır. Bura Ərəbistan deyil ki, radikal müxalifət hansısa bir ölkədə baş verən gərginlikdən ruhlanaraq onun Azərbaycanda da təkrarlanmasını arzulasın. Görən, bu iddiaya düşməkdə məqsəd nədir? Buna ürək və vicdan necə yol verir ki, bugünkü modern Azərbaycanı inkişafdan qalmış, bir sıra sahələrdə tənəzzülə uğramış, gerilik içində çırpınan məmləkətlərlə eyniləşdirirlər?
Məgər ərəb ölkələrindəki proseslər yerli əhalinin öz arzusu ilə baş vermişdi? Allah Mirzə Cəlilə rəhmət eləsin! Görün neçə illər öncə hələ o, aləmi qarışdıran bu "barmağın" kimə məxsus olduğunu necə müdrikcəsinə söyləyib. Biz ki bu hadisələrin mahiyyətini yaxşı bilirik. Əvvəl iki qardaşı bir-birinin üstlərinə saldırdılar (Liviyanı nəzərdə tuturam), sonra da göydən, dənizdən üstlərinə bombalar yağdırdılar, atəşə tutdular. Budurmu sivil yolla mübarizə aparmaq? Azərbaycan xalqı hüquqi, unitar, dünyəvi dövlətdə, sivil cəmiyyətdə yaşayır. Övladlarımız xaricdə təhsil alır, beynəlxalq arenalarda öz qabiliyyətlərini, istedadlarını nümayiş etdirir, müxtəlif konfranslarda iştirak və çıxış edirlər”.

“Mən üzümü radikal müxalifətə tutaraq demək istəyirəm ki, xam xəyallarla bu millətin ovqatını az korlayın! Azərbaycanı heç bir vaxt məhvə apara bilməyəcəksiniz! Bu gün dünyanın beynəlxalq nüfuzlu qurumları öz hesabatlarında Azərbaycanı MDB məkanında sosial-iqtisadi inkişafın tempinə görə lider sayırlar. Unutmaq olmaz ki, Avropa ilə Asiyanın ucqar nöqtələrini özündə birləşdirən Azərbaycan məşhur İpək yolunun qurucularından biridir”-deyə müğənni müraciətində bildirib.

Xalq artisitinin fikrincə, uğurları görmək istəməyən, nailiyyətləri dəyərləndirməyən qara qüvvələr çalışırlar ki, işlər yarımçıq qalsın.
“Halbuki Azərbaycan dövlətinin başçısı ümummilli liderdən yadigar qalmış siyasi kursu elə uğur və geniş miqyasda məharətlə davam etdirir ki, xalqımız böyük məhəbbətlə, ehtiramla, inamla öz Prezidentinin ətrafında sıx birləşib. Azərbaycan xalqı heç zaman işığı zülmət rəngində görənlərə imkan verməz ki, milli maraqlarımıza zərər gətirəcək hadisələr törənsin. Əlbəttə, biz sivil dövlətdə yaşayırıq. Mitinq də keçirmək olar, nümayişə də çıxmaq olar, amma hər şey qanuni yolla edilməlidir. Hüquqi dövlətdə yaşayan vətəndaşın radikallığa meyil etməsi, antiazərbaycan siyasəti aparması, süni gərginlik yaratması, xarici qüvvələrin sifarişlərini yerinə yetirməsi isə qətiyyən yolverilməzdir!”

“İllərdir ki, biz Qarabağ problemi adlı bir dərdlə nəfəs alırıq. Belə bir problemi olan xalqın nümayəndəsi növbəti bir münaqişə ocağı yaratmağa necə səy göstərə bilər? Bu gün bizim hamımızın ümumi bir düşməni var. Belə bir vəziyyətdə müxalifətin bu cür süni gərginliyə aludə olması erməni dəyirmanına su tökmək deməkdir. Gəlin vətənimizi sevmək yolunda, işğalda inildəyən torpaqlarımızın alınması naminə dövlət başçısının ətrafında sıx birləşək! Gəlin bütün qüvvələrimizi, gücümüzü, ağlımızı bir məcraya yönəldək. İstər iqtidar, istərsə də radikal mövqedə dayananlar bu xalqın övladlarıdır. Fikrimcə, biz birlikdə daha güclü, daha sarsılmazıq. Bu səbəbdən də bir daha "bəlkə də qaytardılar" arzusu ilə xam xəyallara düşənlərə demək istəyirəm: bura Ərəbistan deyil, bura Azərbaycandır! Onun qüdrətli, qadir, müdrik rəhbəri var! Xalq da ona inanaraq ətrafında birləşib! Xarici qüvvələrin oyuncağına çevrilməyə maraqlı olmayın! Həyat dəfələrlə göstərdi ki, haqsızlar həmişə uduzublar. Hamımız ölkə Prezidentinin daxili və xarici siyasətini dəstəkləməklə Qarabağ probleminin həll olunmasında öz rolumuzu düzgün müəyyənləşdirək. Bu, bizim hər şeydən əvvəl vətəndaşlıq borcumuzdur! Bu gün hər birimizin yüksəlişi, bax bu birlikdən keçir!”-deyə xalq artisti yekunlaşdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı