Modern.az

Fəzail Ağamalı: "Xaricdən müxalifətə 40 milyon dollar ayrılıb"

Fəzail Ağamalı: "Xaricdən müxalifətə 40 milyon dollar ayrılıb"

Ölkə

31 Mart 2011, 09:47

Deputat bu barədə əlində məlumatların olduğunu bildirir

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İctimai Palataya daxil olan müxalifət partiyalarının xaricdən 40 milyon dollar almaqda ittiham edib. Rəsmi dövlət qəzeti “Azərbaycan”a müsahibəsində millət vəkili bildirib ki, kütləvi aksiyalar barədə qərar məhz bu qüvvələri razı salmaq üçün verilib.

“Məndə olan məlumata görə, artıq ölkədə radikal müxalifəti hərəkətə gətirmək, Azərbaycanda sabitliyi pozmaq, süni gərginliyə, vətəndaş qarşıdurmasına zəmin yaratmaq üçün xaricdən təxminən 40 milyon dollar vəsait ayrılıb. Təbii ki, bu informasiyanın müvafiq dövlət strukturları tərəfindən dəqiqləşdirilməsi vacibdir. Və bu pulun kim tərəfindən konkret kimə verilməsi də dəqiqləşdirilməsi vacib olan məqamlar sırasındadır”-deyə F.Ağamalı bildirib.

Deputat qeyd edib ki, radikal müxalifət qanunla qadağan edilmiş yerlərdə kütləvi aksiyalar keçirməklə və beləliklə, asayiş keşikçiləri ilə bilərəkdən qarşıdurmaya getməklə özünə dünyanın diqqətini cəlb etməyə çalışır.

“Aprelin 2-nə radikal müxalifətin təyin etdiyi yeni mitinq də bu mənada hər hansı effekt verməyəcək”-deyən deputat həmin gün  müxalifət növbəti dəfə təxribata gedəcəyini istisna etməyib.

“Qanunvericiliyə uyğun olaraq belə qanunsuz aksiyaların qarşısı alınmalıdır. Çünki qanunun aliliyinin təmin olunması hamı üçün vacib və zəruridir. Heç bir siyasi partiya qanunun pozulması üçün xüsusi imtiyaza malik deyil”.

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin son parlament  seçkilərində məğlubiyyətə düçar olduğunu deyən F.Ağamalı deyib ki, onlar bunun səbəblərini özlərində analiz edib siyasətdən getmək barədə qərar qəbul etməli idilər.

“Lakin etmədilər. Görünür, onlar siyasətə bir biznes forması kimi yanaşır, siyasətdən həyat şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edirlər. Ola bilsin, digər səbəblər də mövcuddur. İstisna etmirəm ki, onları indiyə qədər yaşadan, maliyyə yardımları edən xaricdəki himayədarları bu şəxslərə siyasətdən getmək barədə hələ göstəriş verməyib”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı