Sabah Kəlbəcərin işğalının 18 ili tamam olur. Bununla bağlı kəlbəcərli məcburi köçkünlər adından beş nəfər BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Modern.az saytı müraciəti olduğu kimi təqdim edir:
- Biz, 1993-cü ilin aprelində Ermənistanın işğalçılıq siyasəti nəticəsində ata-baba torpaqlarımız olan Kəlbəcərdən köçkün düşmüşük. Rayonun 73 min əhalisi məcburi köçkün kimi Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşıb.
Düz, 18 ildir ki, doğma yurdumuza həsrətik. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsə də, indiyədək bu qətnamələr kağız üzərində qalıb. Halbuki BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qəbul etdiyi haqlı qətnamənin mürəkkəbi qurumamış hərbi əməliyatlara başlanıldı.
Hesab edirik ki, kainatın övladları kimi bizim də Yer üzərində yaşamaq hüququmuz var. Sizə müraciət etməkdə məqsədimiz Ermənistan tərəfindən pozulmuş insan hüquqlarının bərpasına yardımçı olmağınızı xahiş etməkdir. Axı Ermənistanın işğalçılığı siyasəti nəticəsində bizim bütün hüquqlarımız pozulub.
Bu yaxınlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Faktaraşdırıcı Missiyası Kəlbəcərdə süni şəkildə ermənilərin məskunlaşdırıldıqları barədə məlumat yayıblar. Bildiririk ki, Kəlbəcər işğal olunana qədər burada bir nəfər erməni yaşamayıb. Ona görə də, bu haqsızlığa son qoymağınızı xahiş edirik.
Ümümbəşəri dəyərləri hər şeydən üstün tutan bir nufuzlu qurum kimi Sizdən artıq dərəcədə xahiş edirik ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şuasının 1993-cü ildə qəbul etditi 822, 853, 874, 884 saylı qətnamələrini gerçəkləşdirəsiniz.
Biz öz haqqımızın özümüzə qaytarılasını istəyirik. Biz Ermənistanın işğalçılıq siyasəninin durdurulmasını tələb edirik.
Biz öz ata-baba torpaqlarımıza qayıtmaq istəyirik.
Kəlbəcər rayon məcburi köçkünləri adından
Elşad Eyvazlı
Elxan Salahov
Aqil Camal
Adil Cəmil
Xalid Nağıyev