Modern.az

Kağız üzərindəki xoşbəxtlik

Kağız üzərindəki xoşbəxtlik

Ölkə

3 Aprel 2011, 15:00

Orta məktəbdə oxuyanda bizə Süleyman Rüstəmin məşhur "Azərbaycana gəlsin" şeirini əzbərlədirdilər. Bu həmin vaxt idi ki, Cəbrayılda valideynlər uşaqlarına paltar almaq üçün Qafana gedirdilər.
Səksəninci illərin ortaları olsa da, ermənilər azərbaycanlılara nifrətlə baxırdılar. Onlar əllərindəki dolu zənbillərlə Qafanın küçələrində dolaşan azərbaycanlıları kinayə ilə süzüb, belə deyirdilər: "Axşam çapan, səhər Qafan". Biz şalvar, köynək, hətta yağ-pendir almaq üçün Qafana getdiyimiz vaxt şairlərimiz azərbaycanlıların dünyanın ən xoşbəxt xalqı olması barədə qafiyələr qoşurdular.
Azərbaycan xalqı öz xoşbəxtliyini həmişə rəqəmlərdə tapıb. İqtisadi göstəricilərə görə, biz Gürcüstandan da, Ermənistandan da öndəyik. Amma Gürcüstanda banan bir, Bakıda isə üç dollara satılır. Halbuki gürcü müəllim və həkim heç də azərbaycanlı həmkarından az maaş almır.
Azərbaycanda yaşayış minimumu 95 manat həcmində müəyyənləşdirilib. Amma minimum əməkhaqqı 85 manatdır. Belə çıxır ki, minimum əməkhaqqı alan vətəndaşımız acından ölməmək istəmirsə, tələb olunan əlavə 10 manatı əldə etmək üçün metro vaqonlarında dilənməlidir. Onu da qeyd edək ki, müstəqil iqtisadçıların hesablamalarına görə, ölkəmizdə yaşayış minimumu 168 manat təşkil edir. Azərbaycanda isə büdcə təşkilatlarında çalışanların yarısından çoxu ayda bu qədər maaş ala bilmir. Məsələn, Milli Elmlər Akademiyasında kiçik elmi işçi vəzifəsində çalışan dostum ayda cəmi 101 manat maaş alır.
Bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 325 manatdır. Lütfən, bu rəqəm sizi çaşdırmasın. Dövlət Statistika Komitəsinin əməkdaşları nəqliyyat naziri Ziya Məmmədovla 106 nömrəli avtobusda işləyən sürücülərin maaşlarını üst-üstə gələndən sonra bu rəqəm alınıb. Oqtay Şirəliyevlə həkimlərin, Misir Mərdanovla müəllimlərin maaşlarını da üst-üstə gələndə təxminən eyni rəqəm ortaya çıxır.
Rəsmi statistikaya görə, hər bir Azərbaycan vətəndaşı gündə 2500 kilokalori qəbul edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 3500 kilokaloridir. Azərbaycanda müəyyənləşdirilmiş rəqəm inkişaf etməkdə olan ölkələrdəki göstəricilərlə üst-üstə düşür. Amma hökumətimiz fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yanğınsöndürən maşının kasıb sürücüsünün bir gündə qəbul etdiyi qidanı bir yerə tolayandan sonra bu rəqəmi ortaya çıxarıb. Mənim tanıdığım sürücülərin əksəriyyəti nahar yeməyi üçün cəmi 1-2 manat xərcləyirlər.
Deməli, sıravi azərbaycanlıların adına yazılan 2500 kilokalori Kəmaləddin Heydərovun və həmkarlarının təşkil etdiyi dəbdəbəli ziyafətlər sayəsində ortaya çıxıb.
Azərbaycanda bir ildə 2 milyon 100 min ton təbii şirə istehlak olunur. Gündəlik 2500 kilokalorinin alınmasında bu amilin də mühüm rolu var. Amma ölkəmizdə ildə cəmi 400 min ton meyvə istehsal olunur. 3-4 kiloqram meyvədən isə 1 litr təbii şirə almaq mümkündür. Bu isə o deməkdir ki, Azərbaycan öz potensialı hesabına ildə cəmi 100 min ton təbii şirə istehsal edə bilər. Yəni, məşhur reklamda iddia edildiyi kimi, içdiyimiz şirələr heç də damla-damla toplanmır. Şirə biznesi ilə məşğul olan "fövqəladə güc" adi suyun içərisinə damla-damla tökdüyü kimyəvi məhlulun hesabına 2 milyon 100 min ton məhsul əldə edir.
Müxtəlif rəqəmlərin təhlili göstərir ki, azərbaycanlılar öz xoşbəxtliklərini ancaq kağız üzərində tapırlar. Bu "xoşbəxtliyin" ömrü isə kağızın ömrü qədər qısa olur...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı