Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Hanoyda keçirilən görüşlər, prezidentlərin qəbul etdiyi Birgə Bəyanat və imzalanan sənədlər energetika, nəqliyyat, investisiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
İki xalq arasında dostluğun tarixi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfərinə gedib çıxır. Həmin səfərdən sonra azərbaycanlı neftçilər və mütəxəssislər Vyetnamın neft-qaz sənayesinin qurulmasında və müharibədən sonrakı bərpa işlərində iştirak etdilər. Minlərlə vyetnamlı gənc isə Azərbaycanda ali təhsil aldı. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Vyetnama səfəri iqtisadi, texniki və elmi əməkdaşlığın, eləcə də kadr hazırlığı üzrə əlaqələrin daha sistemli xarakter almasına təkan verdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr yeni mərhələyə keçdi. 1992-ci ilin sentyabrında diplomatik münasibətlərin qurulması siyasi dialoqun, ticarət və mədəni əlaqələrin inkişafı üçün zəmin yaratdı. To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə əməkdaşlığın uzunmüddətli istiqamətlərini müəyyənləşdirdi.
Bu gün iki ölkə arasında energetika, nəqliyyat, investisiya, müdafiə, elm və təhsil sahələrini əhatə edən 30-dan çox sənəd imzalanıb. Hökumətlərarası komissiya, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları bu əməkdaşlığın davamlılığını təmin edən mexanizmlərdir.
İqtisadi əlaqələrin genişlənməsi üçün də imkanlar var. Vyetnamın Cənub-Şərqi Asiyada inkişaf edən iqtisadiyyatı ilə Azərbaycanın Cənubi Qafqazdakı nəqliyyat və enerji imkanları birgə layihələr üçün zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində vurğuladığı kimi, bu imkanların birləşdirilməsi yeni bazarlara çıxmağa, birgə layihələr həyata keçirməyə, biznes və investisiya əlaqələrini genişləndirməyə şərait yarada bilər.
Bakı və Hanoy BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində də əməkdaşlıq edirlər. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət bu əməkdaşlığın əsas prinsiplərindəndir.
Təhsil və humanitar layihələr iki ölkə arasındakı əlaqələri cəmiyyətlər səviyyəsində də möhkəmləndirir. Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəb inşasına və Hanoy Ticarət və Turizm Kollecinə dəstəyi bu əməkdaşlığın konkret nümunələridir. Universitetlər arasında imzalanmış sənədlər isə akademik əlaqələrin genişlənməsinə imkan verir.
Vyetnam səfəri zamanı qəbul edilən sənədlər qarşıdakı əməkdaşlığın hüquqi əsasını genişləndirir. İndi əsas vəzifə bu razılaşmaları energetika, nəqliyyat, investisiya və təhsil sahələrində konkret layihələrə çevirməkdir.
Malik Həsənov,
Milli Məclisin deputatı