Modern.az

Şəhid ailələrinin övladları ailə həyatı qurdu - Tanışlıq hekayəsi

Şəhid ailələrinin övladları ailə həyatı qurdu - Tanışlıq hekayəsi

Ölkə

Bu gün, 13:56

Biləsuvarda şəhid ailələrinin övladları – şəhid Ziyarət Hüseynovun qardaşı Vüqar Hüseynov və şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

Modern.az Vüqar Hüseynovla əlaqə saxlayaraq cütlüyün tanışlıq hekayəsini öyrənib.

Vüqar Hüseynovun sözlərinə görə, Güneli ilk dəfə televiziyada görüb və onun çıxışı, vətənpərvər mövqeyi, şəhidlərə göstərdiyi diqqət onda xoş təəssürat yaradıb.

“Televizora baxarkən Güneli gördüm. Onun efirdə çıxışı, vətənpərvər ruhda danışığı, şəhidlərimizə qayğısı çox xoşuma gəldi. Mən Güneldə, onun danışığında əsl Azərbaycan xanımının timsalını gördüm. Həm özünü, həm də danışığını bəyəndim. Tanışlığımız da belə başladı. Onun haqqında maraqlandım, tapdım və tanış olduq. Sonradan gördüm ki, düşüncələrimiz və hisslərimiz qarşılıqlıdır. Əvvəlcə öz aramızda danışıb qərar verdik. Daha sonra müəyyən addımlar atdım və istəyimə nail oldum. Aramızdakı sevgi bir müddət davam etdi. Sonda bir-birimizə söz verdik ki, qardaşlarımızın adını layiqincə ucaldacağıq”, – deyə V.Hüseynov bildirib.

O, ailə qurmaq qərarını ilk olaraq anası ilə bölüşdüyünü deyib. Vüqar Hüseynovun sözlərinə görə, ən böyük sirdaşı olan anasının məsləhətindən sonra məsələ ailə daxilində müzakirə olunub və razılıq əldə edilib.

Cütlüyün gələcəklə bağlı arzularından biri də övladlarına şəhid qardaşlarının adını verməkdir.

“Allah bütün subaylara toy, ailə quranlara da övlad qismət etsin. Oğlan övladımız olsa, qardaşlarımızın adlarını onda yaşatmaq istəyirik. Həmçinin hər ikimiz öz sahəmizdə şəhidlərimizin, onların timsalında isə bütün şəhidlərimizin unudulmaması və xatirələrinin yaşadılması üçün çalışmaq istəyirik”, – deyə V.Hüseynov qeyd edib.

Qeyd edək ki, Ziyarət Hüseynov və Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi təxribatın qarşısını alarkən şəhid olublar.

Sizə yeni x var
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər