Modern.az

Ailələrdə uşaqların azalması 2 minə yaxın müəllimi işsiz qoyub

Ailələrdə uşaqların azalması 2 minə yaxın müəllimi işsiz qoyub

Ölkə

11 Noyabr 2009, 16:13

“25 ilə yaxın iş stajım var. Məktəbimizə o qədər cavan kadrlar götürüblər ki, mənim kimi təcrübəsi olanlar kənarda qalıb. Gənc müəllimlər dərslərin açılmasına 2-3 ay qalmış qapı-qapı gəzib sinif düzəltmək üçün uşaq yığmağı özlərinə ar bilmirlər. Gələn il öz sinifimlə vidalaşacam. İndidən özümə dərd etmşəm ki, 50 yaşımda qapı-qapı gəzib yeni sinif üçün necə uşaq yığacam.

Bu sözləri bizimlə söhbətdə Qaradağ rayonundakı orta məktəblərdən birində dərs deyən Mahizər müəllimə dedi. Müsahibimizin fikrincə, Təhsil Nazirliyi bu işə əncam çəkməlidr: «Axı ehtiyac olmadığı halda bir məktəbə nə qədər ibtidai sinif müəllimi götürmək olar?». 

2 min müəllim işsiz qalıb

Qeyd edək ki, 1991-93-cü illərdə ibtidai sinif müəllimləri çatışmırdı. Buna görə digər o zaman xeyli başqa fənn müəllimi ixtisaslarını dəyişərək ibtidai sinif müəllimi olublar. Amma indi «çərxi-fələk tərsinə dövran edir». İbtidai sinif üzrə təhsil alanlar ixtisaslarını digər fənn müəllimliyi ilə dəyişməli olurlar. Bunun bir səbəbi təhsil ocaqlarının tələbatdan artıq ibtidai sinif müəllimi «istehsal etməsi»dirsə, digər səbəb birinci sinifə gedən şagirdlərin son 10 ildə təxminən 40 min nəfər azalmasıdır.   

Əgər 2000-2001-ci tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin birinci sinifinə 165 min 756 nəfər şagird gedirdisə, 2002-2003-cü illərdə bu rəqəm 170 min oldu. 2004-2005-ci tədris ilində birincilərin sayı azalaraq 126 min, 2005-2006-cı dərs ilində -sə 124 min olub. 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 min 600 şagird qəbul edilib. 2009-2010-cu tədris ilində isə bu rəqəm 125 min civarında olub.  

Bu da onu göstərir ki, son 9 ildə şagirdlərin sayı təxminən 40 min nəfər azalıb. Hər bir ibtidai sinifdə minimum 20 nəfər şagirdin olduğunu nəzərə alsaq, onda son 9 il ərzində əvvəl dərs deyən təxminən 2 minə yaxın müəllimə tələbatın azaldığını görərik.

Bakıda ibtidai sinif şagirdləri 200 min nəfər azalıb

 

Təkcə Bakı şəhəri üzrə isə son 9 ildə birinci sinifə gedənlər 7 min nəfər azalıb. 2000-2001-ci tədris ilində Bakı şəhərində birinci sinifə 36 min 275 şagird, 2006-2007-ci ildə 28 min 362, 2007-2008-ci tədris ilində 28 min 344 uşaq qəbul olunub. 2008-2009-cu tədris ilində isə 29 min 417 şagird birinci sinifə qədəm qoyub. 2009-2010-cu ildə Bakının 326 məktəbində 29 min 664 nəfər birinci sinifə gedib.  Dövlət Statistika Komitəsindən götürdüyümüz digər rəqəmlər də maraqlıdır. Əgər 2000-2001-ci tədris ilində ölkə üzrə 1-4-cü siniflərə gedən şagirdlərin sayı 688 min 923 nəfər olubsa, 2008-2009-cu tədris ilində bu rəqəm 487 min 974-ə düşüb. Bu da 9 il ərzində 1-4-cü sinifdə təhsil alanların sayının nə az, nə də çox, düz 200 min nəfər azalması deməkdir.

 

Bir ilə 1700 ibtidai sinif müəllimi  

İndisə ali məktəblərdə ibtidai sinif müəllimi hazırlığı üçün təklif edilən yerlərin sayına baxaq. 2006-2007-ci il tədris ilində 14 ali məktəb sözügedən ixtisas üzrə 1088 (923 yer  dövlət, 165 özəl ali məktəblərin payına düşür) qəbul yeri ayırıb. 2007-2008-ci tədris ilində bu rəqəm azaldılaraq 857-yə (692 dövlət, 165 özəl) endirilib. Amma 2008-2009-cu tədris ilində dövlət ali məktəbləri ibtidai sinif müəllimi ixtisası üçün ayırdığı yerlərin sayını çoxaldıb. Belə ki, dövlət ali məktəbləri 852, özəl ali təhsil ocaqları isə 135 qəbul yeri ayırıb. Ötən tədris ilində olduğu kimi, bu il də ali məktıblərdə sözügedən ixtisas üzrə 987 yer ayrılmışdı. 

Amma ölkə üzrə ibtidai sinif müəllimi hazırlayan təhsil ocaqlarının sayı bununla məhdudlaşmır.  Ali mək­təb­lər­dən baş­qa öl­kə­nin müx­tə­lif ra­yon­la­rın­da ib­ti­dai si­nif mü­əl­li­mi ha­zır­la­yan tex­ni­kum və kol­lec­lə­r də var. Apardığımız araşdırma göstərdi ki, texnikum və kolleclərdə sözügedən ixtisas üzrə müəllimi hazırlığı kifayət qədər azaldılıb. Əgər 2005-2006-cı tədris ilində texnikum və kolleclərdə ibtidai sinif müləliim hazırlığı üçün 1340 yer ayrılmışdısa, 2008-2009-cu tədris ilində bu yerlərin sayı təxminən 2 dəfə azaldılaraq 650-yə endirilib.    

Beləliklə, 13 ali, 23 texnikum və kollecdə hər il orta hesabla 1600-1700 ibtidai sinif müəllimi hazırlanır. Onların məzun olandan sonrakı aqibətini isə deyəsən düşünən yoxdur.

 

Təhsil Nazirliyi niyə nikbindir?

 

Təhsil Nazirliyindən kurrikulumun tətbiqi ilə bağlı qəbul planında sözügedən ixtisas üzrə kadrların sayının azaldılacağının nəzərdə tutulduğunu bildiriblər. Amma maraqlıdır ki, nazirlikdə ibtidai sinif müəllimərinin çoxluğunun heç bir ziyanı olmadığını düşünürlər. Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi Ənvər İmanovun fikrincə, ölkədə ibtidai sinif müəllimlərinin sayının çox olması müsbət haldır. Onların əksəriyyəti işsiz qalsa belə…

Ba­kı Şə­hə­r Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə təhsil ocaqlarında hazırlanan ibtidai sinif müəllimlərinin sayının azaldılmasının tərəfdarıdır: «Ötən 10-15 illə müqayisədə ailələrdə uşaqların sayı azalıb. Əgər əvvəllər əksər ailələrdə 3 uşaq normal sayılırdısa, indi 2 uşaqlılar cəmiyyətdə çoxuşaqlı kimi qəbul edilir. Təbii ki, uşaqların saynının azalması ibtidai sinif müəllimlərinin işsiz qalmasına gətirib çıxarır. Problemi aradan qaldırmaq üçün səlahiyyətli orqanlar qəbul planında ibtidai sinif müəllimi hazırlığını azaltmalıdırlar».

 

Ali məktəblərin “canfəşanlığı”

 

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Müasir Tədris və Təhsilə Yardım Mərkəzinin təhsil siyasəti üzrə mütəxəssisi  Elmina Kazımzadə hesab edir ki, Təhsil Nazirliyi ibtidai təhsil üzrə plan tərtib etdikdə bazarda sözügedən kadrlara tələbatı mütləq nəzərə almalıdır: «Təssüflər olsun ki, bu gün ali  təhsil ocaqlarında ibtidai sinif müəllimlərinin hazırlığı ölkədə müəllimlərə olan ehtiyacı ödəmək üçün deyil, insanların ali təhsil almaq arzusunu reallaşdırımaq üçün aparılır. Çünki təhsil alan ibtidai sinif müəllimlərinin 99 faizi öz ixtisası üzrə iş tapa bilmir».

 

Təhsillli işsizlər

E.Kazımzadə hesab edir ki, sözügedən ixtisas üzrə qəbul planı tərtib edilərkən əhalinin demoqrafik göstəriciləri nəzərdən keçirilməlidir: «Hətta demoqrafik göstəricilərə uyğun olaraq 5 illik plan da tərtib etmək olar. Məsələn, statistikaya müraciət edib anadan olan uşaqların sayını öyrənmək və 5 ildən sonra təxminən neçə nəfərin birinci sinifə gedəcəyini müəyyənləşdirmək mümkündür. Həmçinin 5 il ərzində neçə ibtidai sinif müəlliminin təqaüdə çıxacağını da Təhsil Nazirliyinin statistika bölməsindən əldə etmək olar. Bu iki göstərici ilə növbəti 5 idə neçə ibtidai sinif müəlliminə ehtiyacın olduğunu öyrənmək heç də çətin deyil».

Mütəxəssis onu da bildirdi ki, bazardakı tələbata uyğun kadrlar hazırlamaq təhsil siyasətinin komponentlərindən biridir: «Heç bir hesablama aparmadan, gözəyarı ali məktəblərə qəbul planı hazırlamaq sabahısı gün təhsilli işsizlər ordusunun yaranmasına gətirib çıxaracaq».    

Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə qə­bul pla­nı Təh­sil Na­zir­li­yi tə­rə­fin­dən ha­zır­la­nır və Na­zir­lər Ka­bi­ne­tinə göndərilir. Nazirlər Kabinetində təsdiqlənəndikdən sonra isə plan yerləri ictimaiyyətə təqdim edilir. 

Lalə MUSAQIZI

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?