
Əgər soruşulsa ki, Azərbaycanda ilk dünyəvi məktəb harada açılıb? Onda adamın ağlına bircə cavab gələr - 1875-ci ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində. Əgər soruşsalar ki, rus artilleriyasının Allahı Əli ağa Şıxlınski harada anadan olub? Həmən adamın ağlına gəlir ki, 1863-cü il mart ayının 3-də Qazax qəzasının Qıraq Salahlı kəndinin Qazaxlar məhəlləsində anadan olub. Əgər desələr ki, dahi Səməd Vurğunun doğulduğu kənd hansıdır? Yəqin ki deyəcəksiniz ki, Qazax rayonunun Yuxarı Salahlı kəndi. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov da 1891-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuşdu…
İndi isə belə dahilər yetirən kəndi gözləyən fəlakətlə tanış olun
Qazax rayonunun Kür çayı sahilində yerləşən Yuxarı Salahlı kəndi təbii fəlakətin bir addımlığındadır. Kür çayının daşması nəticəsində iti axarlı çay öz məcrasından çıxaraq sağ sahildə yerləşən Yuxarı Salahlı kənd sakınlərinin son 6 ildə 400-500 hektar əkin-biçin və örüş sahəsini aparıb.
Xatırladım ki, tarixi XIII-XIV əsrlərə gedib çıxan Qıraq Salahlı kəndi tarıxən 3 dəfə Kür çayının "hücum"larına məruz qalaraq öz yerini dəyişib. XIX yüzilin sonu XX yüzilin əvvəllərindək 5 məhəllədən ibarət olan (Keşəli, Saatlı, Şəmmətli, Sədəfli, Qazaxlı) Qıraq Salahlı kəndi Kür çayının kəndin yaşayış ərazilərini yuyub apardığına görə yerləşdiyi yerdən uazqlaşaraq yuxarı hissəyə köçən kənd məhəlləsi Yuxarı Salahlı kəndini, orta ərazilərə köçən məhəllələr Orta Salahlı kəndini, aşağı səmtə köçən məhəllələr isə Aşağı Salahlı kəndini əmələ gətirib.
Sonuncu iki kənddən fərqli olaraq, Qara Çökək adlanan yerdə binə tutan Yuxarı Salahlı kəndi 1940-1944-cü illərdə yenidən Kür çayının "şıltaqlıqları"na məruz qalaraq üçüncü- hazırda yerləşdiyi əraziyə köçüb. O zaman Kür çayı ilə kənd arasındakı məsafə 2 km-ə yaxın olub.
1970-ci illərdə Kür çayının sahillərinə dəmir-beton bəndlər vurulmağa başladı. Lakin bu layihə iti axarlı çaylar üçün hesablanmadığından çox qısa müddətdə Kür çayı həmin beton bəndləri darmadağın edərək, yenə öz əvvəlki axın yerinə səmt götürüb.
"Çörəyi Kür çayından və Qarayazı meşəsindən çıxan" salahlılar hazırda 4-cü köçün təhlükəsini yaşayırlar. Yuxari Salahlı Kürün axarı istiqamətində 3 km düzənlik ərazidə planla salınmış 5 böyük küçədən ibarətdir. Sonuncu küçə ilə Kür çayını hər gün daralmaqda olan 100-150 metr məsafə ayırır. Yuxari Salahlının böyük bir hissəsini içməli su ilə təmin edən artezian quyusunu Kür çayı tarixə qovuşdurub.
Həmçinin strateji əhəmiyyətli Bakı-Tbilisi avtomobil yolunun 150 metrliyindən axan Dəli Kür yola doğru sürətlə yaxınlaşmaqdadır. Dəli Kür problemi təbii fəlakət olduğuna görə buna ancaq dövlət səviyyəsində yanaşılmalıdr. Əgər Respublika səviyyəsində bu yaxınlaşan fəlakətin qarşısı alınmasa Azərbaycan üçün yeni Yuxarı Salahlı problemi də qaçılmaz olacaq. Azərbaycana dühalar bəxş etmış bir kəndin taleyinə biganə qalmaq ən azından etinasızlıqdır.
Yusif Alı Afşar