Modern.az

Vətənə sevgi, dövlətə vergi…..

Vətənə sevgi, dövlətə vergi…..

Ölkə

11 Noyabr 2009, 19:50

“Uşaqlar növbəti dərsimiz paraleloqramın xüsusiyyətləri haqqındadır’’-müəllimin bu cümləsi məni sanki yuxudan oyatdı. Cəbr dərsində heç vaxt oturmaq istəmirdim. Ona görə də müəllim dərsə başlar-başlamaz yenə də gələcəyim barədə xəyallar qurmağa başladım. Şagird olanda ən böyük istəyim gələcəkdə şirkət sahibi olmaq idi. Dahi şair Sabirin “Adəmi adəm edən paradır,

Parasız adəmin günü qaradır” şeiri həyat şüarım idi. Fikirləşirdim ki, şirkətim olandan sonra bütün vergiləri ödəyəcəm. Heç vaxt əyri yollarla pul qazanmayacam. Sözüm onda yox, illər ötdü, aylar keçdi-uşaqlıq arzuma çatdım.Yəni bir şirkətin sahibi oldum. Təzə-təzə işə başlayanda çox həvəsliydim, vergiləri tam ödəyirdim. Amma zaman keçdikcə görürdüm ki, başqa şirkətlər heç də vergiləri tam ödəmirlər, müxtəlif üsullarla yayınırlar. Bu mənim heç də xoşuma gəlmirdi, çünki onlar vergidən yayınsalar da, məndən çox pul qazanırdılar. Düşünürdüm ki, görəsən onlara nəzarət edən yoxdur? Zaman ötdükcə anlayırdım ki, sadəcə “yekə adamlarla’’ dil tapmaq lazımdır. “Hörmətlə’’ hər şeyə çarə tapmaq mümkündür.Nəysə, çox uzatmayım. Mən də başladım o biri şirkətlər kimi “işləməyə’’. Bir sözlə, məni iqtisadiyyatın yazılmamış (bəlkə də yazılmış) qanunları dəyişdi. Yadımdan çıxmamış deyim ki, aylıq qazancım 20000 manat olsa da, hər ay 1000 manat vergi ödəyirdim. Görün vergidən necə yayınırdım-işçilərimi sığortalamırdım. Bu yolla sığortaya görə vergini ödəmirdim. İşçilərimin sayı 100-dən çox olsa da, onların yalnız 40-nı qeydiyyatdan keçirmişdim. Yerdə qalan 60 işçiyə görə ödəməli olduğum vergini isə mənimsəyirdim. Ya da ki, işçilərimə 400 manat əmək haqqı verdiyim halda, vergi müfəttişlərinə 200 manat aldıqlarını göstərirdim. Yerdə qalan 200 manatın vergi haqqı cibimə axırdı. Hələ bir mağazam da var idi. Satıcılarıma tapşırmışdım ki, alıcılara çek verməsinlər. Amma müşahidə edirdim ki, insanlar özləri qəbz götürmək istəmirlər. Bununla da mənə artıq pul qazandırır, amma nəticəsi haqqında düşünmürdülər, bununla da özlərinə ziyan vururdular. Ona görə ki, ölkədə onlarla belə mağaza var. Əgər hamısının bu yolla gizlətdiklərini hesablasaq onda bir gənc ailəyə ev vermək olardı. Ya da ki, ən sadəsi qəbz verməyən bir mağaza sahibinin yayındığı vergi ilə kimsəsiz ailəyə yardım etmək olardı, ən azından bir qarın yemək qədər. Ən pisi odur ki, bunu insanlar anlamırlar. Hər dəfə dükanıma gələn vergi müfəttişlərinə etdiyim “hörmətdən” sonra bir aydakı 500 manatlıq vergi bir göz qırpımında 100 manata çevrilirdi. Necə? Axı mən artıq “hörmət etməyi” öyrənmişdim. Hər dəfə ödəmədəyim vergiyə görə nə qədər qabağa düşdüyümə sevinirdim. Amma heç fikirləşmirdim ki, bəlkə bu pulu dövlətə keçirsəm, kiməsə kömək etmiş olaram. O zaman bu fikirlər mənə cəfəngiyat kimi gəlirdi. Fikirləşirdim ki, dövlətin kiməsə kömək etməyə pulu çatır. Axı bizim kifayət qədər neftimiz var, ölkəmiz analoqu olmayan yolla injkişaf edir. Haradadır o günlər…..  Hər şey o gündən sonra dəyişdi… Şirkətdə oturmuşdum. Eyni küçədə yaşayan bir qadın yanıma gəldi, həyat yoldaşının Qarabağ müharibəsində həlak olduğunu dedi. Amma o, iş dalınca gəlməmişdi. Dərdini anladandan sonra aydın oldu ki, oğlu qan xərçəngindən əziyyət çəkir, əməliyyat üçün 500 manat pula ehtiyacı var.Yəni bir gəncin, gələcək əsgərin həyatı məndən asılı idi. Qadının möhtac olduğu o pul mənim bir həftə, bəlkə də bir gün ərzində ödəmədiyim vergiyə bərabər idi. O an ən vicdansız adam kimi davrandım. O qədər pulumun olmadığını dedim. Qadının bəlkə də ən son ümidi mən idim. Mən də o ümidi məhv etdim. O heç nə demədən, əlini hər şeydən üzmüş kimi səssizcə yanımdan getdi. Üstündən bir neçə gün keçmişdi, uşağın səhhəti ilə maraqlanmaq üçün müvəqqəti olaraq yatdığı xəstəxanaya getdim: Əsl dəhşətlə orada rastlaşdım. Çünki xəstəxanada o pula möhtac olan onlarla uşaq var idi. Onların da hamısının bəlkə də ödəmədiyim vergi pullarına ehtiyacı vardı. Mənim əyri yollarla qazandığım’ pullara… Həkimə yaxınlaşıb uşağın səhhətini soruşanda heç kimə arzulamadığım cavabı eşitdim-“o artıq həyatda yoxdu”. Bilirsiniz o an yadıma nə düşdü? Hər dəfə gülə-gülə ödəmədiyim vergi pulunu qatlayaraq necə cibimə qoymağım və ölən uşağın ağlayan sifəti. Deməli mən bir uşağı ödəmədiyim vergi ilə öldürdüm-yəni potensial qatiləm. Bəlkə mən vergini dövlətə keçirsəydim onda o uşağın əməliyyatına sərf oluna bilərdi. Və o da sağ qala bilərdi. Təsəvvür edin, ölkədə mənim kimi vergidən yayınan nə qədər şirkət sahibləri var. Biz cibimizi doldursaq da, nəticəsi haqqında heç nə düşünmürük. Bunun cəzasını isə sadə insanlar çəkirlər. Halbuki vergini ödəsəydim, dövlət öz fondundan belə insanlara kömək edə bilərdi. Amma o zamanlar heç də belə şeylərə görə narahat olmurdum. 

Dünya böhranı hər şeyi alt-üst etdi. Vəziyyət elə gətirdi ki, mən tamamilə müflis oldum. Bir qəpiyim belə qalmamışdı. Qalmağa bir ev, yeməyə çörək, sürməyə də bahalı maşın yox idi. Oğlum təhsilini yarımçıq qoymalı oldu. Çünki 600 manat pulu verə bilmirdim. Bax o an düşünməyə başladım ki, bəlkə indi hansısa şirkətin ödəmədiyi vergiyə görə, mənim oğlum təhsilini davam etdirə bilmir. Deməli onda mən də kiminsə oxumaq haqqını əlindən alırmışam. Bu vəziyyətə ailəm dözə bilmədi. Həyat yoldaşım xəstələndi, müalicə üçün dərman ala bilmirdim. Sonradan məlum oldu ki, o qan xərçənginə tutulub. İllər öncə o qadının qapılara düşdüyü kimi, indi mən qapı-qapı düşüb pul gəzməyə başladım. İndi mən kiminsə ödəmədiyi vergiyə möhtac idim. Hansı qapını döysəm də rədd cavabı alırdım, kimdən pul istəsəm də, tapa bilmirdim. Çox pis olurdum, illər öncə bir qadını başa düşməmişdim, çünki pula-pul demirdim. İndi özüm qadının yerindəyəm. O zamanlar vergi ödəməməklə xoşbəxt idimsə, yüzlərlə insan bundan əziyyət çəkirmiş. Ödəmədiyim vergiylə bir qaçqın uşağını xaricdə oxutdurmaq olardı. Bir xəstə insanı müalicə etmək, o qədər xeyirxah işlər görmək olardı ki…. Sadəcə vergiləri dövlətə keçirmək lazım idi. Başım daşdan-daşa dəydikdən sonra gec də olsa vergidən yayınanlara məsləhət də vermək istəyirəm- kiminsə 1 manatı olsa belə, ödəmədiyi vergisi qalıbsa, dövlətə keçirsin. Bəlkə o 1 manat kiminsə bir qarın çörək pulu ola bilər.   Azər TEYMURLU BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

Məqalə  Regionların İnkişafı   İctimai Birliyinin elan etdiyi müsabiqəyə  təqdim olunur 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?