
Bu gün Azərbaycanda daxiıli ezamiyyə üçün ayrılan vəsaitin həcmindən kimsə razı deyil. Səbəbi isə çox sadədir: ayrılan vəsait rəziledici dərəcədə aşağıdır.
Təsəvvür edin, bir günlüyə Qubaya ezam olunursunuz. Sizə 15-25 manat pul verilir. Nəqliyyat, yemək-içmək, gecələmək - bütün xərclər bunun içindədir. Şərhə ehtiyac qalırmı...
Bu gün reginlarda fəaliyyət göstərən və ən aşağı xidmət təklif edən otellərin günlük qiymətləri 20 manatdan aşağı deyil. Məsələn, Cənub bölgəsində otellərin bir günlük qiyməti 50-500 manat arasında, Şimal bölgəsində 50-600 manat, Qəbələ-İsmailli bölgəsində isə 30-850 manat arasında dəyişir.
Bakıya ayrılan ezamiyə xərci isə 35 manat təşkil edir. Dəfələrlə ölkədə yeyinti sahəsində və xidmət sahələrində qiymət artımı müşahidə olunsa da, görünür bu məsələ Nazirlər Kabinetinin yadına düşmür.
Məsələ ilə bağlı öncə Nazirlər Kabinetinin münasibətini öyrənməyə çalışsaq da, cəhdimiz nəticəsiz qaldı. Nazirlər Kabinetinin mətbuat katibi telefonun o başından nəylə bağlı əlaqə saxladığımızı öyrəndikdən sonra telefona yaxın belə gəlmədi.
Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icaracı katibi Fərasət Qurbanovun sözlərinə görə, ezamiyyə tariflərinin azlığı yalnız QHT-ləri deyil, eyni zamanda da dövlət qurumlarında çalışan əməkdaşları narahat edir:
“Son vaxtlar bu məsələ bir daha QHT icmasında müzakirə olunur. QHT-lər Şuranın maliyə dəstətyi ilə reallaşdırdığı layihələr çərcivəsində regionlara nəzərdə tutulan tədbirlərin keçirilməsi zamanı ezamiyyə xərcləri ilə bağlı narazılıqlarını ifadə edirlər. Biz çalışırıq ki, tədbirin keçirilməsi ücün müəyyən olunmuş vaxt çərçivəsi dəqiq qeyd olunsun. Yəni əgər QHT-nin hər hansı bir şəhərdə bir günlük tədbiri varsa, onun təşkilatçılıq işlərinə uzaqbaşı iki gün vaxt sərf oluna bilər. Bu da əlbətdə bəzən bizim QHT-ləri qane etmir, ona görə ki, həmin normalara uyğun rayonlara ezam olmunmaq olduqca çətindir”.
F.Qurbaovun sözlərinə görə, ezamiyyəyə gedənlərə bahalı otellərdə qalmağa icazə verilmir və müəyyən normalar tətbiq edilir: “Həmçinin, nəqliayyat vasitəsindən istifadə edərkən biletlər təqdim olunsa, həmin biletlərin də haqqı ödənilir. Bir şərtlə ki, bu biletlər müəyyən olunmuş avtobus reysinin biletləri olmalıdır. Ezamiyyəyə gedən dövlət işcisi və ya QHT rəhbəri mütləq ictimai nəqliyatdan istifadə etməlidir. Həmçinin getdiyi yerdə 15 manata özünün bütün problemlərini həll etməlidir. Bunlar bu günkü tələblərə uyğun deyil”.
Müsahibimiz deyir ki, ezamiyyə tariflərinin müasir tələblərə uyğunlaşdırılması ezamiyyəyə gedən şəxslərin səmərəli fəaliyyətinə səbəb ola bilər: “Mövcud problemi aradan qaldırmaq üçün ilk növbədə mövcud vəziyyət doğru qiymətləndirilməlidir. Ezamiyyə olunması üçün Mərkəzi avtovağzaldan rayonların istiqaməti üzrə işləyən yumşaq avtobusların biletləri qəbul olunmalıdır. Ezam olunan şəxs həmin rayonda fəaliyyət göstərən özəl otellərdən istifadə etdiyi halda, onların ödədiyi qəbzlər qəbul olunmalıdır. Bir şəxs otelə 50 manat ödəyirsə, bunun üçün qəbz təqdim edirsə, mən hesab edirəm ki, bu qəbzlər qəbul olunmalıdır. Yalnız bu qəbzin içində yemək xərcləri varsa, yemək xərcləri də nəzərə alınmalıdır. Yəni real vəziyyət nəzərə alınmalıdır”.
F.Qurbanov hesab edir ki, ezamiyyəyə gedənə 15 manat təqdim edib və bunun qarşlığında bir sutka əməkdaşdan bütün iaşə xidmətləri tələb etmək indiki vəziyyətlə uyğun deyil.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, daxili ezamiyyə ilə xarici ezamiyyəyə ayrılan vəsaiti müqayisə etdikdə, ciddi fərqlərin olduğunu görmək olur:
“Məsələn, Tacikistana səfər edən şəxsin bir günlük ezamiyyə xərcləri 140 dollar, Özbəkistana 160 dollar, Kiyev şəhərinə 210 dollar, Almatıya 210 dollar, Qırğızıstana 130 dollar təşkil edir. Bu yaxınlarda bizim bir həmkarımız Bişkek şəhərinə getmişdi, o deyir ki, Bişkekdə o qədər uçuzluqdur ki, 100 dolları 3-4 gün xərcləyib”.
R.Ağayevin sözlərinə görə, qonşu ölkələrlə müqayisədə bizdə daxili ezamiyyəyə ayrılan xərclər xarici ezamiyyəyə ayrılan xərclərdən 10 dəfə azdır: “Ezamiyyələr daha çox işgüzar məqsədlər üçün həyata keçirilir. Bu məqsədlə ayrılan xərclər real xərclərlə müqayisədə son dərəcə aşağıdır. Əgər büdcə təşkilatının işçisi gedirsə, o xərclə yaşaya bilmirsə, mərkəzi təşkilatın nümayəndəsidirsə, fikirləşir ki, təşkilatdan kimsə ona hansısa bir yardım etsin. Yaxud cibindən pul xərcləməlidir. Bu baxımdan ezamiyyə xərcləri real xərclərlə müqayisə də son dərəcə aşağıdır”.
İqtisadçı ekspert bildirir ki, aparılan araşdırmalar göstərir ki, Bakı şəhərində ərzağın qiyməti Bişkek şəhəri ilə müqayisədə 30-50 % yüksəkdir: “Ancaq daxildə ayrılan ezamiyə xərci isə Bişkekə ayrılan xərcdən 8 dəfə azdır”.
Bir nəfər üçün qalmaq xərcinin Yevlax, Tərtər və Bərdədə 25-30 manatdan aşağı olmadığını söyləyən ekspert eyni zamanda qeyd etdi ki, bir insanın gün ərzində normal qidalanması üçün ən azı 25-30 manat lazım gəlir:
“Faktiki olaraq rayon mərkəzində təkçə qalmaq və yemək xərcləri hökümətin tətbiq etdiyi minimum xərc normativlərindən ən azı üç dəfə çoxdur. Bu sahadə əsaslı addımlar atılmalıdır. Hökümət vəziyyəti obyektiv qiymətləndirmək üçün Maliyyə Nazirliyi hər bir rayon mərkəzinə sorğu göndərə bilər. Tutaq ki, bir neçə mehmanxanada qiymətləri öyrənə bilərlər. Ən aşağı və ən yüksək mehmanxana qiyməti, eləcə də ikisinin ortasında olan bir mehmanxanın qiymətini öyrənmək olar”.
Ekspertin sözlərinə görə, infilyasiya sürəti yüksək olan ölkələrdə hökümət ezamiyyəyə ayrılan xərc normativlərinə ildə bir dəfə baxmalıdır: “Ezamiyyəyə 50-60 manat ayrılsa, bunu obyektiv rəqəm adlandırmaq olar. Öz təcrübəmizdən çıxış edib deyirəm ki, bu günkü, reallıqda rayon mərkəzlərində bir günü normal şəkildə başa vurmaq üçün heç olmasa mehmanxana və yemək xərcləri 50 manat götürülməlidir. Halbuki, bizdə 15 manatdır”.
Xatırladaq ki, 2011-cu ilin dövlət büdcəsi zərfində ümumilikdə ezamiyə xərclərinə 174 milyon 6884 manat vəsait ayrilib. Bundan ölkə daxili ezamiyyəyə 125 milyon 8510 manat, xarici ezamiyyəyə isə 48 milyon 8374 manat ayrılıb.
Sədaqət SÜLEYMANOVA