Salyan rayonunun Seyidan kəndində sakinlərlə səyyar qəbul keçirilib.
Modern.az xəbər verir ki, görüş Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov tərəfindən təşkil olunub.
Səyyar qəbulun keçirilməsində məqsəd vətəndaşların təklif, müraciət və problemlərini yerindəcə dinləmək, onların həlli istiqamətində operativ tədbirlər görmək olub.
Görüş zamanı Rüstəm Xəlilov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin problemlərinin öyrənilməsi və həlli məqsədilə bu cür görüşlərin davamlı keçirildiyini bildirib.
Rayon rəhbəri Salyan ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə sakinlərə məlumat verib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Həlli qısa müddətdə mümkün olan problemlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.
Rüstəm Xəlilov vətəndaş məmnunluğunun dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, nəzarətə götürülən müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək.