MƏN anlayışını formalaşdırmaq qaranlıqda sönməyəcək bir şamı yandırmaq kimidir. Bu bənzətməni etmək, bəzədilmiş insan obrazının cəmiyyətə verdiyi təsirindən irəli gəlir. Ədəbiyyatda, şeirdə insan obrazının başqa nəsnələrə bənzədilərək insanlıqdan çıxarılması, həmin nəsnələrə deyil insanın özünə xidmət edir...
Hər kəsin gücü var. Gücündən istifadə etmək isə insanların ona qarşı qoyduğu sədlərdən asılıdır. İnsanların təsir etdiyi insan artıq özü deyil. Başqalarının fikrindən formalaşmaq artıq özünü öldürmək kimidir. İnsan fiziki olaraq yaşayır. Amma insanın elmi, siyasi, mədəni, iqtisadi və s. yaşamıda var. İnsan fiziki olaraq doğulandan sonra artıq siyasiləşməyə başlayır. “İnsan siyasi heyvandır (canlıdır)” Aristotelin bu lakonik fikri insanın digər canlıdan fərqini izah edir. Daha çox insanın bu kimi yaşamı fiziki olaraq yaşamını unutdurur. Və nəticə olaraq insan ölmək üçün doğulub fikri formalaşır. Ölümdən danışmıram, zamanı gələndə yaşayacağıq...
Özünü yenidən doğmaq nədir? Bir gün yuxudan oyanmaq? Hər şey bu qədər asan olsaydı, hər gün yenidən doğulmuş insan başqalarını doğmağı düşünməzdi. Təbiətin qanunları tamamilə dəyişərdi. Diqqət edək, bu gün özünü yenidən doğan gənclərə və ya doğa bilməyən gənclərə. Niyə bu günki gənclik gələcəyin qurulmasında özünü yenidən doğa bilmir?
Zamanın sənin yox başqalarının xeyrinə işləməsi səni zamanı günahlandırmağa əsas vermir. Bu günləri hər evdə olan 50 yaşlı birisi deyir: “Kaş 20 yaşda olardım” Sualla bu fikri qarşılayanda cavab vermir. Çünki onun etmədiklərini sən edə bilərsən. Və sənin də 50 yaşında bu fikri deməyini istəyir. Etiraf etməsə belə, bu belədir. Başqa mövqeyim yoxdur. Bu gün övladlarını böyüdən valideyn seçimləri özü edir. Nəticə olaraq 50 yaşında özünü doğa bilməyən insan formalaşdırır. Bu yaşda hətta fiziki olaraqda doğmaq mümkün deyil.
Hansı yaşlarda insanın özünü doğmaq şansı var? Hansıki sən bu yaşda gələcəknən bağlı qərarları özün verirsən. Valideynlərinin yox, özünün səhflərini edirsən. Əks halda 20 yaşında olmağı arzulayacaqsan, 50 yaşın olarkən. Bəs nə etməli? Valideynlərə hörmətsizlik etmək, heç vaxt. Çünki sənin “yaşamaq haqqı” şansını onlar verib. Həm də sənin haqqını pozub. Hər zaman bu belədir, pozulmuş haqqların formalaşdırdığı şansların çox olduğu seçimdə yaşamaq. Çünki səndən heç kim bu barədə fikir öryənməyib. Amma sənin özünü yenidən doğmaq şansın var. Bu şansı itirmək səni yalnız fiziki ölməyə sürükləyir. Amma insan siyasi olaraq heç vaxt ölmür. Özünü yenidən doğan insan başqalarını da cəmiyyət üçün doğur.
Reallıq belədir ki, bu gün Azərbaycan gəncliyinin özünü doğduğunu iddia edərək cəmiyyətdə tutduğu mövqe çayxana, meyxana və başqa xanalardan ibarətdir. İnsanlara reallıqdan danışmaq, xüsusən də yaşlı nəsilə danışmaq çətindir. Çünki onun yaşadığı keçmiş hər zaman onu haqlı sayır.
Atalar və oğullar mübahisəsi bütün tarixlərdə təkrarlanır. Nə zamansa bitəcəyini düşünmürəm. Düşünmək isə istəmirəm.
Özünü yenidən doğ! Səni anan dünyaya gətirdi. Atan sahiblik etdi. Bunun belə davam etməsi mümkün deyil. Çünki bir gün başlanan ömür sabah bitir. Və sən tək qalırsan. Artıq ata və ana yoxdur. Uşaqlıqdan gözündə formalaşdırdığın güc yoxdur. Nəticə olaraq nələrin baş verəcəyini anlayırsan. Bu barədə fikirlərimi davam etdirmək istəmirəm. Yazı daha depressiv alına bilər. İndi yazının istiqamətini dəyişək...
18 yaşın olduqdan sonra...hansı ki müstəqil yaşamaq haqqın olduğu bir tendensiyası var. Bu tendensiya bir gün sənin azadlığını əlindən alarsa, özünü yenidən doğ, yeniden azad ol! Şansın artıq səndən ilk addımı məsuliyyətli atmağı tələb edir. Növbəti doğuş şansın zamanın acımasızlığında reallaşmayacaq. Atacağın addımların məsuliyyətini daşımaq, siyasi baxışını formalaşdırmaq, iqtisadi durumunu düşünmək və mədəni əlaqələri qurmaq sənin həyatını cismanilikdən xilas edir.
Özünü xilas et... Dəyişiklik et... Yenidən doğ...
P.S. “İnsanın özünü doğması” zaman anlayışını unudur. İnsanları isə unutmur. Çünki tarix təkrarlana və ya dəyişə bilər, amma insan heç vaxt dəyişmir.