Azərbaycanda bələdiyyələrin fəaliyyətə başlamasından 12 il ötməsinə baxmayaraq cəmiyyətdə yerli özünüidarəetmə qurumlarına səlahiyyətsiz, ancaq torpaq satışı ilə məşğul olan orqanlar kimi baxırlar. “İcra strukturları bələdiyələrin fəaliyyəti üçün müəyən məhdudiyyətlər yaradır. Maliyyə istiqamətinin məhdudlaşdırılması, müəyyən səlahiyyətlərin icrası ilə bağlı addımların atılmasına imkanların veilməməsi, eləcə də qanunvericilikdə olan müəyyən boşluqlar bələdiyyələrin daha geniş fəaliyyət göstərmələrinə imkan vermir”. Bu fikirləri Modern.az saytına acıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli deyib. V.Tofiqlinin sözlərinə görə, bələdiyyələrin təcrübəsziliyini də inkar etmək olmaz. Bu günə kimi bələdiyyə struktuna təcrübəsiz insanların seçilməsi faktı çox olub. Bu təcrübəsizlik hansısa bir vəzifə uğrunda mübarizəyə, anormal addımların atılmasına səbəb olub.
“Birinci seçkidən sonra Bakıda olan 51 bələdiyyədə 5 il ərzində təxminən 27 dəfə sədr dəyişikliyi baş verdi. Bu fakt da bələdiyyələrin fəaliyyətinə əngəllər törədir”.
Ekspertin sözlərinə görə, bələdiyyələrin 12 illik fəaliyyət dövründə müəyyən iş görən qurumlar olub. V.Tofiqlinin fikrincə, süni əngəllər yaradılmasaydı, bu qurumlar 12 il ərzində daha böyük nailiyyətlər qazana bilərdi.
Müsahibimiz bildirib ki, bələdiyyələrə ayrılan əvəzsiz maliyyə yardımının həcmi (dotasiya) hədsiz dərəcədə azdır.
“Son 3-4 il ərzində bələdiyyələrə standart olaraq 3 milyon 500 min manat vəsait ayrılıb. Məsələ ondadır ki, bu gün inkişaf etmiş ölkələrdə bələdiyyələr dövlətdən dotasiya alaraq yaşayır. Tutalım ki, bələdiyyələrə müəyyən sifarişlər dövlət tərəfindən verilir. Bunun da müqabilində müəyyən məbləğ ödənilir. Məsələn, Litva, Latviya kimi ölkələrdə bələdiyyələrin büdcəsinin 45-50 %-ni dövlət tərəfindən ayrılan vəsait təşkil edir. Bu vəsaiti bələdiyyələr kommunal xidmətlərin göstərilməsinə, əhalinin sosial problemlərin həllinə yönəldir. Yəni dövlət əhaliyə yerli bələdiyələr vasitəsi ilə çıxır və lazımı köməkliyini göstərir”.
Bəzi hallarda ayrılan vəsaitin tam şəkildə bələdiyyələrə çatmadığını deyən ekspert bu qurumlara dövlət tərfindən ayrılan maliyyənin xeyli artırılmasını və onun icrasına nəzarət mexanizminin şəffaf olmasını zəruri hesab edir.
“Həftə içi” qəzetinin əməkdaşı, araşdırmacı jurnalist Elxan Salahov isə saytımıza bildirib ki, o, bələdiyələrin fəaliyyət göstərməməsi, onların yararsız quruma çevrilməsi fikri ilə razı deyil. E.Salahovun sözlərinə görə, bələdiyyələrin fəaliyyəti maliyyə təminatından asılıdır.
2009-cu ildə, eləcədə bu il apardığı araşdırmada bu nəticəyə gələn jurnalistin sözlərinə görə, hətta bəzi bələdiyyələr dövlət qurumlarından daha keyfiyyətli xidmət göstərir. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür-Araz qırağı kəndlərdə quraşdırdığı su təmizləyici qurğular dağılıb getmişdi. Bu qurğuların idarəciliyini bələdiyyələrə verilsə də, qurğuları saxlamaq, texniki qulluq göstərmək, qurğuları işlədən operaturlara əmək haqqı verilməsi üçün heç nə verilməmişdi. Bələdiyyələrin faktiki olaraq o qurğulara heç bir qulluq göstərməməsi nəticəsində dövlətin külli miqdarda vəsaiti hesabına başa gələn su təmizləyici qurğular, o cümlədən də su təmizləyici qurğuların bir hissəsi olan bulaqlar, hansı ki şəbəkə deyirik, o şəbəkələr dağıldı. “Lent.az” portalında çalışan zaman məsələni araşdırdım. Araşdırlamalar nəticəsində məlum oldu ki, bələdiyyələrin pulu olmadığına görə o qurğular dağılıb. Həmin araşdırmalardan sonra məsələ hökümətin ən yuxarı dairələrində müzakirə olundu. Gördülər ki, həqiqətən də mənim apardığım tədqiqatlar və o tədqiqatdan çıxarılan nəticələr doğrudur. İki aydan sonra Ekologiya və təbii sərvətlər nazirliyinin mümayəndəli gedib baxdılar. Nazirlər Kabinetinə təklif verdilər ki, doğurdan da qurğuların işləməsi üçün bələdiyyəyə vəsait ayırmaq lazımdır”.
Bu sahədə araşdırmalarını davam etdirdiyini və bu məqsədlə Ağcəbədi, Tərtər rayonlarında olduğunu deyən E.Salahov əlavə etdi ki, yeni araşdırması zamanı da bələdiyələrin işlədiyinin şahidi olub. “Avropa Birliyi mərkəzi aran rayonunda fəaliyyət göstərən 20 bələdiyəyə vəsait ayırıb. Bələdiyələr həmin vəsait hesabına kəntlərdə su təchizatının, yol infrastrukturlarının yaxşılaşdırılması üçün layihələrə başlayıblar. Artezianlar çəkilib, indi birbaşa evlərə mərkəzləşdirilmiş su xətti çəkilir. Hətta “Azərsu” Səhmdar Cəmiyyəti bir dənə də mərkəzləşdirilmiş şəkildə su vermir”.
E.Salahov bildirib ki, 2012-ci ilin dövlət dübcəsindən bələdiyələrə ayrılan vəsait azdır. Onun sözlərinə görə, əgər müvafiq dövlət qurumları bələdiyələri işlək bir qurum kimi, yerli idarə etmə orqanı kimi körmək istəyirsə məsələyə dəqiq yanaşmalıdırlar. Jurnalist eyni zamanda bildirib ki, kənd yerlərinin su təchizatını, səhiyyə, rabitə problemlərinin həli üçün bələdiyyələrə vəsait lazımdır.
Sədaqət SÜLEYMANOVA