
Hər kəsin öz mövqeyi var, hər kəsin öz baxış bucağı mövcuddur və istənilən halda, demokratiya, azad düşüncə, azad dünya tərəfdarıyıqsa, o zaman hər kəsin mövqeyinə, baxış bucağına da hörmətlə yanaşmalıyıq, yanaşılmalıdır. Hətta, bu mövqe və baxış bucağı nə qədər yanlış və dözülməz olsa, belə ! Bu baxımdan, “Azərbaycan” qəzetində gedən yazını və orada əksini tapan fikirləri də anlayışla qarşılamaq lazımdır. Bu da bir mövqedir və onların mövqeyidir! Amma bununla yanaşı, bu, heç də o demək deyil ki, orada deyilənlər yüzdəyüz həqiqətdir və hamı da oradakıları Quran ayəsi kimi qəbul etməlidir. Orada adları çəkilən konkret şəxslər və onların birləşdikləri qurum - “Ziyalılar forumu” həmin yazıda irəli sürülən , əksini tapan iddiaları, ittihamları, kinayəli və həqarətli yanaşmanı haqq etmir. Orada səslənən fikirlər və iradlar əslində ittiham obyektinə çevrilən şəxslərin heç birinə yapışmır. Bu, birmənalıdır!
Rüstəm İbrahimbəyovun ziyalılığını tək bizlər deyil, az qala bütün dünya qəbul edir. Hər bir xalq, millət istər ki, onun Rüstəm İbrahimbəyov kimi istedadlı və dünya şöhrətli yazıçısı, ssenaristi, ən əsası onu hər yerdə layiqincə təmsil edəcək bir ziyalısı olsun. Şəxsən mən yaxşı xatırlayıram ki, Rüstəm İbrahimbəyov cəmiyyətimizdə baş verən neqativ hadisələrlə və problemlərlə bağlı mövqeyini hələ 90-ci illərin ortalarında - 1997-98-ci illərdə də səsləndirib. Bunu həmin dövrün qəzetlərinə - konkret olaraq, "Demokratik Azərbaycan" və “Hürriyyət” qəzetlərinə baxmaq kifayətdir. Yəni, Rüstəm İbrahimbəyovun tənqid və iradları heç də iddia edildiyi kimi, onun “biznes maraqlarının təmin edilmədiyinə” görə deyil. Bu, sadəcə, onun ziyalılıq və vətəndaşlıq mövqeyindən irəli gəlir. Onun fikirlərini bütünlüklə və ya qismən qəbul etməmək də olar, bunu heç kəsə qadağan da etmək olmaz, ancaq Rüstəm İbrahimbəyovu ziyalı hesab etməmək olmaz və bunu qəbul etmək də heç cür mümkün deyil.
Eldar Namazov da cəmiyyətin böyük hissəsində savadlı, mədəni, intellektual insan, ziyalı və peşəkar siyasətçi kimi qəbul olunur. Ən azı vaxtilə Eldar Namazovun təsisçisi olduğu “Space” kanalının onun təsisçilik etdiyi dövrü ilə təsisçilkdən istefa etdikdən sonrakı dövrünü müqayisə etmək kifayətdir ki, Eldar Namazovun ziyalı və siyasətçi obrazını düzgün xarakterizə və dərk edəsən. Vaxtilə böyük əksəriyyətin maraqla izlədiyi və ziyalı kanalı hesab etdiyi adıcəkilən televiziya bu gün-daha döğrusu, son on ilə yaxın dövr ərzində reytinqi ən aşağı olan elektron media quruluşu hesab olunur... Bu yerdə onu da qeyd edim ki, şəxsən mən özüm Eldar Namazovun siyasətçi kimi bir çox fikirləri, məsələlərə bəzi yanaşması ilə razı deyiləm, amma bununla belə, Eldar Namazov bu millətin bacarıqlı, qabiliyyətli siyasətçilərindən, ziyalılarındandır və əksəriyyət kimi mən də bunu belə qəbul edirəm.
Eyni zamanda, yazıda adları çəkilməyən, ancaq adları çəkilməsə belə, kimliyi yaxşı məlum olan şəxslər-ziyalılar haqqında da üstüörtülü səslənən fikirlər heç bir halda reallığı əks etdirmir. İstər Cəmil Həsənli, istər Ramiz Rövşən, istər Rafiq Əliyev, istər Əkrəm Əylisli, istər Mehman Əliyev, istər bu qurumun yeni üzvü olan Gültəkin Hacıbəyli və digərləri bu millətin ən layiqli ziyalılarından, ən ləyaqətli övladlarındandır. Onların ziyalılığına şübhə etmək özü belə ziyalılıq məhfumuna şübhə etməkdir, yaxud, ona şübhə (onu iddia edənin) edənin özünün ziyalılığının hansı səviyyədə olduğunu bir daha nümayiş etdirməsidir...
Tam cəsarətlə deyərdim ki, Cəmil Həsənli bu millətin son bir əsrdəıki 3-5 əsl tarixçisindən, elm adamından biridir. Onun tarixi-elmi əsərlərini, araşdırmalarını, monoqrafiyalarıını demirəm , təkcə elə bir neçə il öncə 1954-59-cu illər dövründən bəhs edən və “525-ci qəzet”də gedən silsilə xarakterli yazısını göstərmək kifayət edər ki, Cəmil müəllimin necə böyük və vətənpərvər, qərəzdən uzaq bir Azərbaycan ziyalısı, tarixçisi, elm xadimi, siyasətçisi olduğunu anlayasan . Cəmil müəllim yeganə adamlardan , şəxsiyyətlərdəndir ki, heç kimə və heç nəyə siyası mövqeyinə və əqidəsinə görə qiymət vermir, yanaşmır, sadəcə, hər şeyə olduğu kimi yanaşır və qiymət verir...
Ramiz Rövşən bu millətə Böyük Yaradan tərəfindən verilən, göndərilən bir ətadır, ilahi vergisidir. O şəxsiyyəti ilə yaradıcılığı yüzdəyüz bir-birini tamalayan nadir Şəxsiyyətlərdəndir. Onu təxminən 20 ilə yaxın bir dövr ərzində azdan - çoxdan tanıyan bir adam kimi deyə bilərəm ki, Ramiz Rövşənin millətini və dövlətini sevməkdən başqa heç bir iddiası, şəxsi və korporativ marağı yoxdur...
Təxminən 11 ilə yaxın bir müddət ərzində yaxından tanıdığım Rafiq müəllimin ziyalılığı elə onun səsindən, danışığından, intonasiyasından məlumdur, bəllidir. Onun ziyalılığını görmək və bilmək üçün bunlar da yetər. Yetər ki, sadəcə və sadəcə, bircə dəfə bu böyük insanla üzbəüz oturub söhbət edəsən və ya telefonla danışasan...
Əkrəm Əylisli qədər ikinci bir Azərbaycan yazıçısı yoxdur və tanımıram ki, Azərbaycan türkcəsini o gözəllikdə ifadə və təqdim etsin. Onun əsərləri saf bulaq suyu kimidir, içdikcə - oxuduqca doymaq olmur. Ziyalı olmayan bir şəxs də heç zaman öz ana dilini bu qədər təmiz bilməz və insanlara bu gözəllikdə çatdırmaz. Mən hələ onun başqa keyfiyyətlərini demirəm...
Gültəkin Hacıbəyli “Ziyalılar Forumu”nda təmsil olunan digərləri ilə müqayisədə bir qədər gənc olsa da, amma cəmiyyətdə özünü təsdiqləmiş ziyalılardan, siyasətçilərdəndir. O, 10 illik parlamentarilik fəaliyyəti dövründə deputatlıqdan Millətin Vəkilliyi zirvəsinə ucala bildi. Bu gün parlamentari olmasa da, deputat mandatı daşımasa da, yenə də seçicilərinin, millətinin gözündə, nəzərində Millətin Vəkildir. Rəsmi deputat mandatı daşıyanların 80-90 faizindən daha çox o, Millətin Vəkili adını haqq edir və etməkdədir. Belə olan halda, belə bir insanı-siyasətçini necə və hansı haqla ziyalı hesab etməmək olar?
“Azərbaycan” qəzetindəki yazıda deyildiyi kimi, ziyalılıq ali təhsilli və ya bir neçə diplomlu olmaq deyil. Ziyalılıq Əməldir, Fəaliyyətdir, Səmimiyyətdir, Xalqa, Vətənə bağlılıq , Ona təmənnasız qulluq etməkdir... Bunu isə Azərbaycanda yaşayan hər kəs yaxşı görür, bilir və qiymətləndirir, elə bizlər də...