Bir vaxtlar düşünürdük ki, hər şey qaydasında olacaq, heç kim bir birinin xətrinə dəyməyəcək, insanları qul kimi alıb-satmayacaqlar və sair və o məsələ. Amma iş elə gətirdi ki, təzə çəkilən asfaltı qazıb su-kanalizasiya xətti çəkməyə başladıq. Körpü tikdik, sonradan məlum oldu ki, körpüdə suyun axıb getməsi üçün boru xətləri qoyulmayıb. Nə biləydik ki, avtobusda birinin ayağını tapdalayıb üzr istəsən, səni bıçaqlayacaqlar.
Heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa «VAZ-2107» markalı avtomaşınlara taksi fəaliyyəti göstərmək qadağan ediləcək. Hələ biz bilmirdik ki, ölkəmizdə şadlıq evlərinin, restoranların, istirahət mərkəzlərinin, gecə klublarının, gözəllik salonlarının, bankların, özəl klinikaların və o birilərinin sayı durmadan artacaq. Bütün bu obyektlər yağışdan sonra çıxan göbələk kimi durmadan artdığı halda, onların başında duranlar böyük adamlar olduğu üçün «yer alması» kimi gizlində qalırlar. Amma biz xəbər almaqda, özümüzdən xəbər düzüb-qoşmaqda mahir xalq olduğumuz üçün bilirik ki, həmin obyektlərin çoxunun başında deputatlar, nazir və onların müavinləri, polis rəisləri və onların müavinləri, xüsusən də general rütbəsi daşıyan şəxslər dayanır. Sual veririk ki, niyə məmur kateqoriyalı bu şəxslər belə işlərlə məşğul olur? Cavab verirlər ki, maaşları azdır, toylara, yas mərasimlərinə pul çatdıra bilmirlər. Hələ üstəlik, ölkəmizdə bayramların, el şənliklərinin sayı artdığı üçün hər bayram konsertlərinə dəvət olunan müğənnilərə qonorarı kim verməlidir? Bəs o müğənnilər kimin toyunda 5 saata 10 min manat qazanmalıdır? Əlbəttə, hansısa məmurun oğlunun, qızının, nəvəsinin toyunda.
Bir düşünün ki, rayonlardakı bitib-tükənməyən çatışmazlıqları yazmağa gedən «reket jurnalistləri» kim yola salmalıdır? Əlbəttə ki, icra başçısı və onun müavinləri, rəis və onun müavinləri, idarə, müəssisə rəhbərləri. Ölkəmizdəki çatışmazlıqları yazmağa gələnləri isə nazir və onun müavinləri qarşılayıb yola salmalı olduğu üçün əməkhaqları cəmi 10 manat artırıldı və metroda da qiymətlər qalxdı. Gəlin qədirbilən xalq olaraq özümüzə sual verək; xalqın sevimli övladları olan nazir və onun müavinlər naharda xalqın sevimsiz övladları olan adi adamlar kimi Hindistandan gətirilmiş zebu ətindən hazırlanan dönər yeyər, yoxsa yeməz? Haqqı nahaqqa qurban vermək olmaz.
Bütün fəsillərdə çiçəklənən, müxtəlif çiçəklər açan, hətta, başqa ölkələrin çiçəklərini də açan ölkəmizdə bankların, tibb mərkəzlərinin sayı durmadan artmaqdadır. Baknlar çoxalırsa, demək, camaatın pulu da çoxalır. Xəstəxana çoxalırsa, demək xəstələr da artırır.
Ta qədimdən eşitmişik ki, kimin pulu çoxdursa, onun başına həmişə pis işlər gəlir və o adam heç vaxt rahat olmur, sağlam olmur. Məmləkətimizdə bankların sayı artmaqla varlıların sayının çoxalması müşahidə olunur və bu da pullu olmaqdan əziyyət çəkənlərin sayına təsir edir. Varlıların sayı çoxdursa, o zaman pulu çox olduğu üçün daim təlaşda olan, daxili sarsıntı keçirən həmin varlıların əksəriyyətinin canı salamat deyil. Belə olan halda, pul xəstəliyinə tutulmuş varlıların həkimə ehtiyacı var. Təbii ki, varlı adamın üfunət iyi verən dövlət xəstəxanasına getməsi yaxşı iş deyil. Bu zaman özəl xəstəxanalara zərurət yaranır. Elə buna görə də həmin varlı adamların çoxusu özəl xəstəxanalar açıb. Canlarını heç kimə etibar etməyən bu adamlar həm öz xəstəxanalarındai pul xəstəliyindən müalicə olunurlar, həm də pul qazanırlar.
Məmləkətimizdə ən varlı adamlar deputatlar, nazirlər, onların müavinləri, idarə rəisləri, generallar və başqalarıdır. Çünki onlar həm də bizneslə məşğul olurlar. Hansı ki, qanunla onların bizeslə məşğul olması qadağandır. Bunu yaxşı bilirlər və özlərini yandırmamaq üçün başqasının adı altında biznes qurub pul qazanırlar. Qazanmaq yaxşı şeydir. Amma pis şeyləri də qazananlar var. Məsələn, SPİD xəstəliyi. Bu xəstəliyə elmi dildə qazanılmış immun çatışmazlığı sindromu deyirlər. Bizim məmurların da çoxusu qazanılmış pul çatışmazlığı sindromundan (QPÇS – xalq dilində desək, halal zəhmətlə pul qazanmaqdan boyun qaçırma) əziyyət çəkdikləri üçün halal zəhmətlə qazanılmamış pullara üstünlük verirlər. Bu da o deməkdir ki, pulu özləri qazanmır, kimsə qazanır və gətirib onlara verir. Elmi dildə desək, rüşvət və korrupsiyaya qurşanıb iş görürlər. Mədəni dildə desək, «şirinlik» və «hörmət»ə işləyirlər. Başqa dildə desək, xərclədikləri pulu çıxarmağa çalışırlar. Yəni, qoyulan maya bata bilməz. Biznesin qaydası budur. Qoyduğun mayanı artıqlaması ilə çıxarmasan ona bizes demək olmaz. Bazar olsun, cənablar!