Modern.az

Nənələrin kədəri

Nənələrin kədəri

Ölkə

23 Mart 2012, 23:02

Baş nazirin müavini Əli Həsənov ötən ay jurnalistlərlə görüşündə təxminən belə bir fikir işlətmişdi:  “Anam canını tapşıranda vəsiyyət etdi ki, onu kəndimizdə dəfn edək. Amma biz anamın bu arzusunu yerinə yetirə bilmədik. Hər dəfə bu hadisəni xatırlayanda, məyus oluram”.

Ötən gün arxivimi səliqəyə salanda, əlimə “Reytinq” qəzetinin 13 il əvvəl işıq üzü görmüş bir nüsxəsi keçdi. Rəngi çoxdan saralmış səhifələri çevirəndə, Xalid Kazımlının 1999-cu ildə yazdığı bir məqalə diqqətimi cəlb etdi. Xalid bəy həmin yazıda dünyadan nisgilli köçmüş bir həmkəndlisindən söhbət açıb. Məqalənin qısa məzmunu belədir: Bakıdakı yataqxanaların birində dünyasını dəyişən yaşlı qadın ölüm ayağında övladlarından xahiş edir ki, onu doğulub boya-başa çatdığı, həytının ən xoşbəxt günlərini yaşadığı kəndlərində dəfn etsinlər. Amma həmin kənd işğal altında olduğu üşün oğlanları analarının bu arzusunu yerinə yetirə bilmirlər. Yağışlı-çiskinli bir payız günü daha bir ağbirçək bu dünyadan nisgilli köçür. Övladları anaları üçün qəbirüstü abidə hazırlayanda, onun başdaşını çəpinə qoyurlar. Bu, həmin qəbrin müvəqqəti olmasına işarədir. Bakıda, eləcə də ölkəmizin müxtəlif bölgələrində çəpinə qoyulmuş minlərlə qəbir var. Təkcə dirilər deyil, ölülər də üzü Qarabağa tərəf yatırlar...

Rəhmətlik nənəm də bizə vəsiyyət etmişdi ki, onu öz kəndimizdə dəfn edək. Babam 1979-cu ildə dünyasını dəyişsə də, nənəm Əzrayıla can verməmiş, düz 20 il oğul-uşağının üstündə ağbirçəklik etmişdi. Nənəm 83 yaşında dünyasını dəyişdi. Torpaq həsrəti, yurd nisgili olmasaydı, o, ən azi 100 il yaşayacaqdı. Nənəmin ən böyük arzusu öz kəndimizdə, rəhmətlik babamın yanında dəfn olunmaq idi. Nənəm sağlığında bu arzusunu bir neçə dəfə dilə gətirsə də, biz hər dəfə özümüzü eşitməməzliyə vurmuşduq. Nənəmi sonradan bizim üçün doğmalaşan, atamın, əmilərimin son mənzilinə çevrilən Zabrat qəbiristanlığında dəfn etdik. Keçmiş İnqilab küçəsindən Zabrat qəbiristanlığına qədər olan məsafə həmin gün bizə dünyanın o başı qədər uzaq göründü...

Bayram günü nənəmin qəbrini ziyarət etməyə getmişdik. Anam məzarın üstünə səməni qoydu. Altıncı sinifdə oxuyan oğlum nənəsindən qəbrin üstünə niyə səməni qoyduğunu soruşanda, anam bunu milli adət-ənənələrimizlə əlaqələndirdi. Amma Şahin yenə nənəsindən əl çəkmədi. O, ulu nənəsinin başdaşındakı əksinə baxıb, daha bir sual verdi: “Nənə niyə kədərlidir?”. Mən, Şahinə həqiqəti dedim. Onu başa saldım ki, nənəmin ən böyük arzusu öz kəndimizdə, ömür-gün yoldaşının yanında dəfn olunmaq idi. Amma biz onun bu arzusunu yerinə yetirə bilmədik. Yəqin, buna görə nənə bizdən inciyib.

Şahin daha heç bir sual vermədi. O, başını aşaqı salıb,  fikrə getdi. Uşağın sifətində qəribə ifadə vardı. Deyəsən, o, nənələrini bu dünyadan nisgilli yola salan bütün nəvələrin yerinə xəcalət çəkirdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı