Yola saldığımız həftə Azərbaycan daha bir "vəzifədən imtina" ilə təəccübləndi. İsveçin müdafiə naziri durub-dururkən istefa verdi. Nə ölkəsində əsgər-əsgəri güllələmişdi, nə də zabit əsgərin aylıq məvacibini mənimsəmişdi... Səbəb, mediada adının hansısa maliyyə maxinasiyasında hallandırılması olub.
Dünya praktikası belə imtinalarla zəngindir. Özü də burda yaş faktoru elə də ciddi rol oynamır. Məsələn, bir neçə il öncə ABŞ prezidentinin gənc mətbuat katibi vəzifəsindən istefa verəndə, addımını belə əsaslandırmışdı: "Ailəmə vaxt ayıra bilmirəm". Azərbaycan bürokratiyası üçün təsəvvür olunmayacaq bir izah. Gənc yaşında "ailəmə vaxt ayıra bilmirəm" əsaslandırması ilə prezidentin yanından ayrılasan.
Modern.az saytında ölkənin keçmiş baş prokuroru Əli Ömərovun müsahibəsində bir məqam diqqətimi çəkdi. Xankəndidə başına gəlmiş hadisəni belə nəql edir: "...Kabinetimdə oturmuşdum. Samvelov məni çağırdı ki, "gəl, səni Abas Taqiyeviç çağırır telefona. Respublika prokuroru". Gəldim dedim "eşidirəm". Dedi "nolub orda, sən niyə Gevorkovu təhqir eləmisən". Dedim "o məni təhqir edib, mən də onun cavabını vermişəm". Dedi "trubkanı ver Samvelova". Samvelova tapşırdı ki, "sabah onu öz maşınınla göndər mənim yanıma". Samvelov səhər tezdən məni maşınıyla göndərdi Respublika prokurorunun yanına. İçəri girdim ki, Respublika prokurorunun müavini, Kadr idarəsinin rəisi İlyas İsmayılov da onun yanındadır. Dedi "nolub", sizə söylədiyim kimi buna da danışdım. Dedi "nolsun ey, indi deyib, deyib də...". İlyas İsmayılov dedi "Abas Taqiyeviç, biz savadlı kadr yetişdirməliyik, mən Əli Ömərovu tanıyıram, çox savadlı oğlandı, əgər buna cəza verilməli olsa, onda mən də Respublika Prokurorluğundan çıxmaq istəyirəm". "Udostovereniya"sını çıxartdı qoydu stolun üstünə. Dedi "biz öz kadrlarımızı yetişdirməliyik. İndi bir dığanın sözüylə biz Ömərova cəzamı verməliyik"".
Bu sətirləri oxuduqca həmin situasiyanı və həmin dövrü gözümdə canlandırdım: Hələ Sovet hökumətinin ayaq üstə olduğu bir vaxtda milli kadr təəssübü çəkmək, üstəlik də vəsiqəsini çıxarıb Respublika prokurorunun müavini vəzifəsindən imtina etmək...
Demək, istər şəxsi, istərsə milli maraq xatirinə vəzifədən imtina ilə bağlı biz də nümunələr varmış.
Hər hansı vəzifədə son nəfəsə qədər oturmaq xisləti bizdə təbii ki, bu günün söhbəti deyil. Adi kolxoz sədri vəzifəsindən çıxarılarkən infarkt keçirənləri olmayıbmı?
Elə bu gün, cəmiyyətin müxtəlif sahələrində çalışan təqaüd yaşı çoxdan keçmiş, lakin 20-30 ildir tutduğu vəzifədən bərk-bərk yapışan ağbirçək, ağsaqqal nə qədər desən var.
Azərbaycan bürokratiyasına görə, təqaüdə çıxmaq həyatın sonuncu günündən başlayır...