İndi hər yerindən duran deyir ki, biz Avropa dəyərlərini öyrənməliyik, bilməliyik və qəbul etməliyik. Amma Avropa dəyərlərinin nədən ibarət olduğunun fərqinə varmırlar. Fərqinə varanda da, həmən o Avropa dərdi çəkənlərdən çoxunun tüstüsü təpəsindən çıxır.
Avropalılarda qəribə xüsusiyyətlər çoxdur. Bunu deputat Aydın Həsənov daha yaxşı hiss edib. Millət vəkili parlamentdə də bu məsələni qaldırıb və təklif edib ki, 2010-cu ildə parlament seçkiləri keçirilməsin. Çünki Avropadan gəlib seçkini müşahidə edənlər çörəyimizi yeyib, üstündən də suyumuzu içəcək, sonra da gedib bizi pisləyəcəklər.
Bəli, Aydın müəllim haqlıdır. Avropalılar məhz belədirlər, onların çörəyi dizlərinin üstündədir. Amma bizimkilər olsa, deyər ki, əşşi, ayıbdır, bir tikə çörək kəsmişik, gərək tərifləyək. Ona görə də indi gərək biz elə etməliyik ki, Avropa mədəniyyəti, Avropa dəyərləri Azərbaycana gəlməsin, əksinə, biz Avropaya gedək.
Belə götürəndə, biz azərilər kiminsə çörəyini yeyib arxasınca danışimağı kişi işi hesab eləmirik. Amma avropalılar buna fikir vermirlər, çörəyimizi də yeyirlər, arxamızca da danışırlar. Lap yeri gəlsə, bizi tənqid də eləyirlər.
İndi ya Aydın müəllimin sözünə qüvvət verib avropalılarla iş görməyi dayandırmalı, ya da parlament seçkilərinə getməliyik. Məsələ burasındadır ki, ölkədə ən maraqlı seçki elə parlament seçkisidir. Prezident seçkilərində namizədlər az olur, bələdiyyə seçkisinin nə vaxt başlayıb, nə vaxt qurtardığını isə heç hiss eləmirik.
Ölkədə beş ildən bir maraqlı bir hadisə baş verir, onu da Aydın Həsənov gözümçıxdıya salıb. Seçkinin marağı ondadır ki, bir dairədən 30 nəfər namizəd olur, əksəriyyəti də bir-birinə qohum çıxır. Seçkiyə kimi qırırlar bir-birlərini. Bir nəfər də düşür bunların arasına, bundan ona, ondan buna söz aparıb-gətirir, pul qazanır. Seçkidə kimlər uduzur, kimlərsə də udur. Udanlar bax, həmin o aradakı adamlar olur. Bəzən namizədlər də öz yerlərini başqa namizədlərə qanı bahasına satırlar. 2005-ci ildə keçirilən seçkidə bunun canlı şahidi olmuşam. Bir sözlə, parlament seçkiləri keçirilən il vurha-vur başlayır.
Aydın Həsənov deyir: "Gəlin seçki keçirməyək, onsuz da Milli Məclisdə oturan deputatların hamısı yaxşı oğlanlardır". Aydın müəllim, bəs bu yaxşı oğlanlar 5 ildə yığdıqlarını xərcləməsə, onda daha o parlamentdə oturmağın nə marağı olar ki?
Onsuzda oradakı deputatların bir çoxu qanunlar səsə qoyularkən ancaq düymə basmaqla məşğul olur. İşgüzar deputatların başı qırışıq olanda, yeyib yatan deputatlar onların yerinə düymə basıb səs verirlər. Bir də görürsən, deputatların çoxu yerində yoxdu, ya nahara gediblər, ya foyedə siqaret çəkirlər. Bu anda səsvermə başlayır və yerində olmayan deputatların əvəzinə ya onların zaldakı həmkarları, ya da Milli Məclisin aparat işçiləri səs verirlər. Şəxsən mənə maraqlıdır ki, bir deputat o biri deputatın əvəzinə səs verib düymə basarkən hardan bilir ki, həmkarı bu qanunun qəbuluna razıdır, ya yox?
Baxın, biz əminliklə deyə bilərik ki, deputatların bir-birinin əvəzinə səs verməsi, ya da Milli Məclisin aparat işçilərinin millət vəkillərinin yerinə səsvermədə iştirak etməsi qanunsuzdur. Belə çıxır ki, qanunu yazan deputatlar həm də elə qanunu pozanlardır. Milli Məclisin qəbul etdiyi qanunların bir qismi real həyatda ona görə işləmir ki, həmin qanun qanunsuz şəkildə qəbul olunur. Özü də hər iclasda, hər sessiyada. Sonra da həmin deputatların bir qismi narazılıq edir ki, filan qanunda boşluq var, filan qanun cəmiyyətdə düzgün icra olunmur. Qanun qəbul olunanda deputat yerində olmursa, axırı da "boşluq" olmalıdır. İndi gördünüzmü, Avropa bizdən nə istəyir?
Seçkinin yaraşığı parlament seçkisdir. Parlamentin yaraşığı isə Əhəd Abıyev, Baba Tağıyev, Pənah Hüseyn və Aydın Həsənovdur. Düz demirəm?