Onlar üç dost idi. Bakıya ucqar dağ rayonundan pənah gətirmişdilər. Kənddə böyük evləri, geniş həyətləri, hektarlarla əkin sahələri olsa da, bir tikə çörək qazanmaq üçün Bakıya üz tutmuşdular. Həyat onları çox bərkə-boşa salsa da, heç vaxt üzləri gülməmişdi. Qışın soyuğunda, yayın istisində açıq havada işlədikləri üçün sifətlərinin dərisi də öz təbii rəngini itirmişdi. Onların günü də dərilərinin rəngi kimi qara idi...
Dostlar Böyükşor qəsəbəsində darısqal evlərin birində kirayədə qalırdılar. Yaşadıqları mənzilin eni üç, uzunluğu dörd metr olsa da, ayda 120 manat kirayə haqqı ödəyirdilər. Rütubətli evdə yaşadıqları üçün tez-tez xəstələnirdilər. Onlar bu cür ağır həyatı düşmənlərinə də arzulamırdılar. Kəndə qayıtmağı isə özlərinə sığışdırmırdılar. Bir də ki, qayıdıb nə edəcəkdilər... Torpağı şumlamağa texnika, toxum almağa isə pul lazım idi. Onların qazancı isə ancaq gündəlik ehtiyaclarını ödəməyə çatırdı. Bəzən isə çatmırdı.
Onlar Mərdəkan qəsəbəsində bir tikinti şirkətində fəhlə işləyirdilər. İşləri nə qədər ağır olsa da, gündə 10 manatdan artıq pul qazana bilmirdilər. Bu pulun 2 manatını yola, 60 qəpiyini siqaretə, 2 manatını isə nahar yeməyinə sərf edirdilər. Hər gün 1 manat əlli qəpik də kassaya atırdılar ki, ayın sonunda kirayə haqqını ödəyə bilsinlər. Axşam evə qayıdanda onların hər birinin əlində 3 manat 90 qəpik pul qalırdı. Metronun “Koroğlu” stansiyasının qarşısında avtobusdan düşəndə, 1 manat verib disk alırdılar. Onlar ev sahibinin hədiyyə etdiyi DVD-də “Kurtlar vadisi”, “Aşka sürgün”, “Böyük yalan” kimi türk seriallarına baxıb, yuxuya gedirdilər. Yerlərindən erkən qalxdıqları üçün axşam yuxu onları tez haqlayırdı. Çox vaxt televizorun qarşısında yuxulayırdılar.
Onlar heç vaxt kolorili yeməklərlə qidalanmırdılar. Dostların menyüsü standard idi. Səhər bir stəkan çay içib evdən çıxar, günorta kolbasa və “kola” ilə nahar edər, axşam isə nahar yeməyindəki menyüyə turşu və araq da əlavə edərdilər. Onlar içki düşkünü deyildilər. Ucuz Gəncə arağını canlarındakı ağrı-acını çıxarmaq üçün içirdilər. Bircə gün içməyəndə, əzələlərinin ağrısından gözlərinə yuxu getmirdi. Onlar öz canlarına qəsd edə-edə canlarındakı ağrıdan qurtulmağa çalışırdılar.
Onların taleyi doğulduqları ucqar dağ kəndində hamını yandırır. Hər üç dost təbiətin paytaxt əhlinə sərt üzünü göstərdiyi gün dünyasını dəyişdi. Onları yatdıqları otağa sızan “mavi yanacağın” zəhəri öldürdü. Dostlar qəlblərinin ən dərin güşəsində gizlətdikləri saysız-hesabsız arzuların bircəciyini də dilə gətirə bilmədilər. Baharın ilıq nəfəsini duymaq onlara nəsib olmadı. Onlar ömürlərinin bahar çağında, amma soyuq bir qış günü həyata “əlvida” dedilər...
Onları öz kəndlərində dəfn etdilər. Dağın ətəyində yan-yana düzülmüş üç qəbir dostların son mənzili oldu. Qəbirlərin ətrafında indi al-əlvan çiçəklər bitib. Hansı ki, sağlığında onların bircə arzusu da çiçək açmamışdı. Özləri kimi, onların arzuları da bu dünyadan nakam köçdü...