“Əli və Nino” Kitab evi “Milli Kitab Mükafatı” müsabiqəsinə 260 əsərin daxil olduğunu açıqlayıb. Azərbaycan üçün kifayət qədər böyük rəqəmdi. Belə çıxır ki, heç kim heç kimin kitabını oxumadığı bir zamanda yazıçılar yazırlarmış... Əgər ölkədə kitab oxumaq dəbdə deyilsə, o zaman bu əsərlər nəyin naminə yazılır? Gəlin bundan əvvəl biz başqa bir suala cavab tapmağa çalışaq- Bizdə niyə kitab oxumurlar?
İndi bütün yazıçılar sovet dönəmində kitab oxuyanların çox olduğundan yana-yana danışır, kitablarının 100 min titajla çıxmalarından həsrətlə qeyd edirlər. Doğurdan da Əlibala Hacızadənin “İtkin gəlin”, Vidadi Babanlının “Vicdan susanda”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Bəxtiyar Vahabzadənin şerləri bütün sovet Azərbayacanında yaşayan insanlar tərəfindən sevə-sevə oxunurdu. Hələ sevgi məktubları... Məşhur şairlərin sevgi misraları ilə yazılmış sevgi məktublarını ürəkləri əsə-əsə oxuyan aşiq-məşuqların parlayan gözlərini demirəm.
Bəs hanı o azərbaycanlılar? O kitabsevər, şerbaz azərbaycanlılar hara yox olublar? İndi təəsüflə deyirlər ki, ölkədə kitab oxuyanlar 9-10 faiz civarındadırlar...Bu dəhşətli dərəcədə azdır.. Bir sıra hallarda tənqidşilər yaxşı əsərlərin olmadığı haqda dodaq büzürlər. Amma gəlin kitab oxumaq üçün nələrin vacib olduğuna baxaq. Hansı ədəbiyyatı oxumurlar? Azərbaycanda pis-yaxşı elmi texniki biliklərin əks olunduğu kitabların alıcıları var. Mürəkkəb informasiya texnologiyaları barədə bilgi verən kitabların da müəyyən dairədə bazarı var.
Söhbət bədii ədəbiyyatdan gedir.. Bəli bu sahədə vəziyyət kritikdir. Bu böhranın isə bir sıra səbəbləri var.
Kitab çapının əlçatan olması son illərdə qrafomanların sayını ağılagəlməz sürətlə artırıb. Başını təsadüfən qaldırıb göydə günəşin batdığını görən bu qrafomanlara elə gəlir ki, məhz bu ədəbi vergidir və bu günəş batmasını görmək və bu barədə yazmaq yalnız ona nəsib olub.. Nəticədə ədəbi cızma-qaralar baş alıb gedir.
Bizim nəşriyyatlar nə gəlir çap edirlər.. Arqumentləri də var. Pul. Biznes. Amma Avropada naşirlər belə cinayətlə məşqul olmağı özlərinə sığışdırmırlar. Ötən il ədəbiyyat sahəsində Nobel mükafatı alan alman yazıçı Herta Muller kitablarını çap edən nəşriyyata da təşəkkür edib. Bu mükafat isə Müllerin əsərlərini çap edən naşirlərin prestijini də artması deməkdir. Bu isə əlavə məsuliyyətdir. Həmin nəşriyyat sahibləri ədəbiyyat zir-zibilini çap etməkdən daim çəkinirlər. Çünki tanınmış şöhrətli yazıçılarla müqavilə eyni zamanda nəşriyyatın da prestiji deməkdir. Daha sonra bu prestiji qorumaq əsas məsələyə çevrilir.
Bundan başqa, yaxşı əsərləri üzə çıxarmaq üçün ədəbi agent institutu formalaşmalıdır. Avropada ədəbi agentlər şou-biznesdə prodüserlər kimi hansı ədibin, şairin əsər üzərində işlədiyini yaxşıca öyrənir və bu əsərin harada cap ediləcəyi ilə bağlı təkliflərini yazıçıya təklif edir. Təbii ki, yaxşı qonarar müqabilində!
...Bizim televiziyalar kitab təbliğini sadəcə unudublar. Halbuki elm adamlarının həlledici qərar verənlər kimi təqdim edilməsində TV və kinonun rolu əvəzsizdir. Hollivudu xatırlayırsınızmı? İndiana Cons serialının baş qəhrəmanı kimdir? Tanınmış arxeoloq, ali məktəbdə dərs deyən professor. Şərə qarşı qorxmadan döyüşən bu arxeoloq görün necə təqdim edilir? Elmli, ağıllı savadlı...O gitara çalmır, rəqs eləmir, mahnı oxumur. Kitab oxuyur. Məhz elmi təmsil edən professor Cons şərə qalib gələ bilir. Belə nümunələr çoxdur. Hollivud özünün filmlərində ustalıqla elmin üstünlüyünü tamaşaçıya aşılayır.
Bizim TV-lərdə isə müəllimlər lağlağı obyekti kimi təqdim edilir, savadlı şəxslər isə “yerində olmayan adam” kimi göstərilir. Bizim TV-nin qəhrəmanları kəmsavad şou əhli və bu təbəqənin nümayəndələridir. Guya intellektual veriliş kimi tamaşaçıya itələnən proqram aparıcıları isə gülüş doğurur.
...Kitab oxumaq vərdişini yaratmaq lazımdır. Bəyənmədiymiz sovet dövründə kommunistlər kitab oxumaq məsələsini proritet elan etmişdilər. Elə vəziyyət idi ki, az-çox ziyalı zümrəyə daxil olmaq üçün aşağısı 10 xarici yazıçının romanını, 20 yerli yazıçının kitablarını oxumalıydın ki, məclisdə səni qəbul etsinlər. Sovet dövründə “müəllim” adı mistik və əlçatmaz idi. Şagirdlər müəllimin evdə şalvarını dəydirdiyinə belə inanmırdılar.. Əslində bu əsl ideoliji priyom idi. Çünki kitab oxumaq vərdişini məhz MÜƏLLİM aşılayırdı. Odur ki, sovet müəllimi gələcək ədəbi nəsli və oxucuları hazırlayan bir vacib nöqtə idi.. O hardasa bir qədər müqəddəs bir varlıq kimi görünməli idi. Kitab onun timsalında açılırdı.
...Kitab oxumaq üçün ilk növbədə sistemli kitab biznesini və onun qırılmaz zənciri olan ədəbi mühiti formalaşdırmaq lazımdır. Bəşəri dəyərləri özündə daşıyan kitablar bu çevrə çərçivəsində özünün oxucu təbəqəsini tapa bilər.
...Və sonda. Yazıçı yaxşı əsər yaratmaq üçün yaradıcılıq baxımından azad olmalıdır.