Modern.az

Sosial şəbəkələrdə işarələr - ibtidai icma dövrünə qayıdış, yoxsa...

Sosial şəbəkələrdə işarələr - ibtidai icma dövrünə qayıdış, yoxsa...

Ölkə

25 Aprel 2012, 10:22

İnternet müasir dövrün əvəzolunmaz tələbidir, amma bununla yanaşı, bir sıra problemləri də özü ilə birgə gündəmə gətirir. 

Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq çox sürətlə artır. Bəzi insanlar sosial şəbəkələri sadəcə vaxt itkisi, bəziləri isə həyatlarının vacib tərkib hissəsi sayırlar.

İnternet və sosial şəbəkələr həyatımıza elə daxil olub ki, səmimi və canlı ünsiyyəti zəiflədib, daha doğrusu korlayıb. İnsanlar öz emosiyalarını, duyğularını, kədərini ifadə etmək üçün xüsusi işarələrdən istifadə etməyə başlayıblar.

“Smaylik”, “iki nöqtə”, “mötərizə” kimi işarələr  səmimi olan insan hisslərini ifadə etməyə başlayıb. İnsanlar adicə bir sözlə ifadə etmək rahatlığını hansısa süni işarələrlə əvəz edirlər.

Bu işarələri kim yaradıb və ilk dəfə harda işlədib?

İlk  smile işarəsinin müəllifi Carnegie Mellon universitetinin professoru Scott Elliott Fahlman olub. O, ciddi söhbətləri zarafatlardan ayırmaq üçün bu işarələri yaradıb. Scott Elliott ilk smile işarəsini təqribən 30 il əvvəl, 19 sentyabr 1982-ci ildə işlədib. O,  kompüter üzərindən apardığı bir yazışmada  : - )  və  : - (   iconlarını istifadə edib. Məsləhət də görüb ki, başa düşmək üçün başınızı yana əyib oxuyun. Beləcə o gündən sonra bu işarələr insanlar tərəfindən mənimsənilərək istifadə edilməyə başlanıb. 20 il sonra 2002- ci ildə  bu yazışma Ceff Beyirdom tərəfindən bərpa edilmişdi . Yazışmanı olduğu kimi təqdim edirik :

19-Sep-82 11:44 Scott E Fahlman :-)

From: Scott E Fahlman

I propose that the following character sequence for joke markers:      

: -)       

Read it sideways. Actually, it is probably more economical to mark
things that are NOT jokes, given current trends. For this, use      

: -(

Real həyatda insanlar söhbət zamanı öz duyğularını mimikalar vasitəsilə ifadə edə bilirlər. Amma sosial şəbəkələrdə insanın öz mimikalarını göstərməsinin bircə yolu xüsusi işarələrdən istifadə etməkdir. Bəs bu işarələr bir müddət sonra bizə problemlər yarada, qloballallığa doğru apara bilərmi? Bəlkə bu işarələrin əsirinə çevrilib ibtidai icma dövrünəmi dönürük?  

Dövrün tələbidir, normal yanaşmaq lazımdır...

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli sosial şəbəkələrdə işlənən xüsusi işarələr barədə öz fikirlərini bölüşüb: “Təbii ki, bu işarələrin işlənməsinin müəyyən səbəbləri var və boş-boşuna işlənə bilməz. Sosial şəbəkələrdə işlənən bu işarələr müasir cəmiyyətimizdə hər kəs tərəfindən qəbul olunur və istifadə edilir. Bu o demək deyil ki , bizi ibtidai icma quruluşuna aparacaq, ya da beynəlxalq lallığa gətirib çıxaracaq. Əksinə, beynəlxalq miqyasda olan bu işarələrin işlənməsi hisslərimizi həyata keçirmək üçün yaranmış steriotik sistemlərdir və bundan istifadə edilməlidir. Mən bunu belə anlayıram və qəbul edirəm. Bu işarələrin işlənməsi heç də səmimiyyətin korlanmasına işarə deyil. Sadəcə, insanlar zaman və vaxt baxımından qənaət edir, hansısa fikrini uzun cümləylə yazmaqdansa işarə ilə əvəz edir.

Təsəvvür edin, riyaziyyat sahəsində çalışanlar biri-birini işarələrlə necə anlayırsa, bu da elə bir şeydir. Burda qeyri-adi bir şey yoxdur. Əksinə, bu işarələr dövrün bir tələbidir. Buna normal şəkildə yanaşmaq lazımdır” .

Mən buna qarşıyam...

Xalq şairi Musa Yaqub isə deyib ki, internet insanlara çox şeyləri agah edir və çox şeylərdən də uzaqlaşdırır, çərçivəyə salır: “Məsələn, elə sosial şəbəkələrdə işlənən işarələrdən deyək. Bir növ bizi keçmişə aparır, amma texniki baxımdan. Keçmişdə hər şeyi işarə və şəkillərlə bilirdik. Hansısa qayanın üzərində yazı və şəkil çəkirdilər. Biz də onalrın nə demək istədiyini şəkillər vasitəsilə oxuyurduq. Günəş və ya yol şəkli çəkirdilər. Bu o demək idi ki,  günəşli gündə bu yol ilə gediblər və s. Bu keçmişə qayıdışa çox bənzəyir, amma texniki qayıdışdı. Niyə bizim imkanımız ola-ola bu süni işarələrdən işlədək? Elə sözün özünü yazmaq daha rahat və düzgündür. Bu, demək olar ki, insanları lal dilinə öyrətməyə bənzəyir. Mən də bunun tərəfdarı deyiləm”.

Musa Yaqub bu işarələrin gələcəkdə hansısa bir problem yarada biləcəyi barədə bir fikir söyləyə bilməyəcəyini bildirib: “Bu işarələrin hansısa bir problemləri yarada biləcəyini söyləmək çox çətindir, çünki bu bizi haradasa psixoloji məqamlara doğru aparır. Amma sosial şəbəkələrdə bundan düzgün istifadə edirlərsə, mən burda qorxulu və problemli bir hal görmürəm. Yəni gələcəkdə hansısa ciddi hallar yarada bilərmi,  ya yox, demək çox çətindir. Mən ümumiyyətlə bu lal dili ilə danışmağa qarşıyam və bununla razı deyiləm. İşarələrlə bizdə Morzi əlifbası var. Düzdür, bu əlifbanı sosial şəbəkələrdə olan işarələrlə müqayisə etmək olmaz. Ümumiyyətlə, hər şey açıq və səmimi olsa yaxşıdır”.

Təhlükəli bir şey yoxdur...

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə sosial şəbəkələrdə olan bu işarələrin mövcuduğunun çox normal bir hal olduğunu vurğulayıb: “Sosial şəbəkələrdə insanlar hiss və duyğularını bildirmək üçün qısa işarələrdən istifadə edirlər. Bu, bütün dünyada var və çox normal bir şeydir. Belə hesab edirəm ki, burada təhlükəli məqam ancaq  Azərbaycan dilinin qorunması ilə bağlı ola bilər. Elə mən özüm də bəzən “transliterasiya”dan istifadə edirəm. Bu bizdə sadəcə bir vərdiş halını alıb.  İnternetdə yazışanda, ya da hansısa bir yazını yazanda Azərbaycan əlifbasından  istifadə etmirik. Məsələn,  yazışmada  “ə”, “ü”, “ö” və başqa saitləri yazmırıq. “Ş” hərfini yazmaq üçün digər millətin hərflərindən əlifbalarından ( Sh )  istifadə edirik. Hansı ki, buna transliterasiya deyilir. Bu mövzu ətrafında maraqlı bir diskusiya açmaq olar. İnternetdə, texnologiyalarda bunu qoruyaq və bununla bağlı hansısa tədbirlər görək. Bunun yazılma səbəbi odur ki, bəzi proqramlar Azərbaycan dilini dəstəkləmir. Mən hesab edirəm ki, bu cür yazmaq düzgün deyil və zaman-zaman bunu aradan qaldırmaq lazımdı” .

Osman Gündüz insanların duyğularının sosial şəbəkələrdə ifadə olunmasından da danışıb: “Sosial şəbəkələrdə insanlar öz duyğularını, kədərini və ya sevincini bildirmək üçün xüsusi işarələrdən istifadə edirlər. Gəlin buna belə bir yöndən baxaq, insanlar real həyatda hansısa insanla zarafat edəndə öz mimikalarımı göstərə bilir və sən bu insanın ciddi, ya zarafatyana danışdığını anlaya bilirsən. Sosial şəbəkələrdə yazdığımız zaman isə bu mimik hərəkətlərimizi işarələrdən isrifadə etməklə bildiririk. Məncə indi belə təhlükəli bir hal yoxdur, amma gələcəkdə ola bilər, ya yox bununla bağlı bir şey deyə bilmərəm. İnsanlar bir müddət sonra bu işarələri vərdiş halına gətirəcəksə, bəlkə gələcək üçün bu hansısa bir problem yarada bilər. Amma hazırda elə bir problem yoxdur. Şəxsən mən və mənim ətrafımda olan insanlarda belə bir hal görmürəm. Ola bilsin ki, belə bir problem internetdən daimi asılı olan insanlarda müşahidə olunsun. Necə ki, insanlar siqaret, narkotik, spirtli içkilərdən asılı olur, eyni vəziyyəti bu işarələrə də aid etmək olar. Ola da bilər ki, həmin insanlar real həyatda öz səmimi hisslərini itirsin. Amma bir tərəfdən də bu işarələr zamandan daha da səmərəli istifadə etməyə kömək olur. Daha az mətn yazılır,  kompüter də, internet də daha az yüklənir. Buna görə də bir böyük cümləni yazmaqdansa, bir  işarə nə qədər interneti qorumağa kömək olur”.

Belə insanlar real həyatda çətinlik çəkirlər...

Psixoloq Dəyanət Rzayevin isə sosial şəbəkələrin  indi bütün problemlərin səbəbkarı kimi qələmə verilməsini düzgün saymır: “Ümumiyyətlə, nədənsə hər kəs bir problem olan kimi sosial şəbəkələri günahlandırır. Elə müəllimlər də, Təhsil Nazirliyi də, sıravi insanlar da. Bu, heç də düzgün deyil.

Sosial şəbəkələr insanların həyatında öz mövqeyini dərinləşdirdikcə insanlar  real ünsiyyətdən uzaqlaşırlar və sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar. Səmimiyyət isə daha da zəifləyir. Amma bunda tam olaraq sosial şəbəkələri də  günahlandırmaq düzgün olmazdı. Bəzən də bu sosial şəbəkələr xeyir də olur. Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yarada bilir. Sosial şəbəkələr əksinə, necə-neçə insanları ünsiyyətə cəlb edə bilir” .

Psixoloq insanların sosial şəbəkələrdə və real həyatda olan qarışıq münasibətindən də danışıb:

“İnsanlar real həyatda öz duyğularını göstərmək üçün mimik hərəkətlərdən istifadə edir və fikirlərini çatdıra bilir. Amma sosial şəbəkələrdə bu ancaq işarələr vasitəsilə edilə bilir. Sevinmək, gülmək, təəccüblənmək və sairəni göstərə bilir. Burada təhlükəli bir şey yoxdur. Son zamanlar həqiqətən insanlar arasında soyuq münasibətlər yaranıb, amma bunun günahkarı hamının dediyi kimi sosial şəbəkələr deyil. Əvvəllər bu texnologiyaların çoxu yox idi və insanlar real ünsiyyətdə olurdular, amma indi hər şey dəyişib. İnsanlar demək olar ki, dərdini, fikirlərini, duyğularını bilmir kiminlə paylaşsın. Ona görə də insanlar sosial şəbəkələri seçir. Məsələn, Facebook və ya ayrı sosial şəbəkələrdə ünsiyyətdə olurlar. Fikirlərini bölüşürlər və danışırlar. Ümumiyyətlə, sosial şəbəkələrdə maxsimum bir, ya iki saat oturmaq olar. Ondan artıq oturmaq da heç də düzgün deyil”.

Dəyanət Rzayev insanların daxili problemlərinin də bu işarələrə doğru  yönəlməsində rolu olduğunu qeyd edib: “Real ünsiyyəti zəif olan insanlar daha çox öz duyğularını ifadə etmək üçün bu işarələrdən işlədirlər. Daxilən gərginliyi,  problemi olan, cəmiyyətə uyğunlaşa bilməyən insanlar daha çox bunu edir. Bu zaman bir  mütəxəssisə də müraciət edilməlidir. Sosial şəbəkədə fəal olan insanlar real həyatda bir az zəif olur və ünsiyyətdən əziyyət çəkirlər. Daha çox özlərinə qapanırlar. Ünsiyyətə və danışığa girə bilmir, bacarmır və real rəftarının əksini sosial şəbəkədə o işarələr vasitəsilə bildirir. Belə insanlar sosial şəbəkələrdə həddindən artıq fəal olurlar. Real həyatda isə yaşıdları və insanlarla keyfiyyətli ünsiyyətə girə bilmirlər. Bu işarələrin əsirinə çevrilən insanlar daha real həyatda öz emosiyalarını bildirməkdə çətinlik çəkirlər və artıq beyinlərində yalnız o işarələr canlanır”.

Könül SƏİD

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı