Şuşanın işğalının 20 illik “yubiley”ini də beləcə qeyd elədik, bittdi-getdi. İndi, bu saatdan, bu gündən artıq Şuşasızlığın 21-ci ilinə qədəm basmışıq. Həm də bu gün 9 May Qələbə bayramıdır. O üzdən, dünənki qanqaraçılığa görə əhvalınızı pozmayın, bayramın keyfini gərəyincə çıxarmağa çalışın.
Sadəcə, dünənki Şuşa lövhələrinin bir necəsi haqda bəhs edib, sonra sizi yenə bayram ovqatınızla baş-başa buraxacağam.
Yuxarıda yazdığım "yubiley" sözü acığın, hiddətin məhsuludu. Çünki, Şuşanın işğalının 20 illiyini "yubiley" hesab edənlər az olmadı…
İki gün Şuşa ilə bağlı bir tədbirdəydim. "Dövlət məmuruyam" deyib döşünə döyənlər çıxışlarında elə beləcə də deyirdilər: "Şuşanın işğal olunmasının 20-ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ buraya toplaşmışıq. Və bu günü QEYD EDİRİK".
Nə gözəl münasibətmiş, lap Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovu xatırladım. Deyilənə görə, Çernobıl faciəsinin 10 illiyində Gəncədəki Çernobıl əlillərini bir yerə toplayıb və deyib: "Sizi, Çernobıl hadisəsinin 10 illiyi münasibətilə təbrik edirəm". Şuşanın işğalının 20 ilindəki bəzi çıxışlarda bax, bu təbrik çatışmırdı...
"Qeyd etmək" isə vallah bizdə tamam fərqli anlamdadır. Xoş günləri qeyd edirik.
Şuşanın işğalının 20-ci ilində sosial şəbəkədə təklif etdim ki, "Sərkisyan Şuşaya gəlib. Gəlin, biz də acığa Sərkisyana fotoşopla qadın paltarı geyindirək ki, ürəyimiz soyusun". Üstündən, beş dəqiqə keçmişdi, 2-3 gənc mənə cavab yazdılar ki, "dediyin kimi də etdik". Baxdım, uşaqlar həqiqətən əziyyət çəkmişdilər. Bir şəkildə Sərkisyan qadın cildində Medvedevin qucağında oturmuşdu, başqa bir şəkildə yarıçılpaq halda Əhmədnejada göz-qaş edirdi...
Öz-özlüyümdə düşündüm ki, əgər gənclərimiz ironiya dolu yüngül xahişi belə qısa zamanda, can-başla yerinə yetirdilərsə, sabah başqa bir çağırışımız da belə məhsuldar reaksiya doğuracaq.
Şuşa günümüzə isə nöqtəni Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin qoydu. Adam, səbr etməyib, 9 May Qələbə bayramı ilə bağlı təbriki Azərbaycan prezidentinə 8 may Şuşanın işğalı günündə göndərdi.
Şuşanın və küllü Qarabağın işğalında Rusiya dövlətinin həlledici rolu dünyaya əyandır. Azərbaycanın hüznlü günündə Rusiya dövlət başçısının Bakıya təbrik məktubu göndərməsi isə bu işğalçı iştiraka bir qırmızı möhür vurmaq idi...