Modern.az

Ay nənə, bir (erotik) nağıl de...

Ay nənə, bir (erotik) nağıl de...

Ölkə

12 İyun 2012, 12:25

Folklor İnstitutunun nağıllar külliyyatından

O zamanlar 9-10 yaşım vardı. Orta məktəbi yenicə bitirmiş qonşu qızları xəlvətə çəkilib bir-birinə qəhvə rəngli qalın bir kitab göstərirdi. Pıçıltılı suallarını eşidirdim: “Oxudun o yerini, keşiş qızları kilsəyə aparırdı, o biri hekayədə verilən şəkillərə baxdınmı?”.
Biz də “o nə kitabdır elə” deyə soruşduqsa, cavab verirdilər ki “qadağan olunmuş və şəkilləri olan qorxulu kitabdır, onu görsəniz gecə qorxudan yata bilməyəcəksiniz”.
Bundan sonra biz uşaqlar da o kitab barədə qonşu qızlara sual vermədik. Bizim üçün maraqlı da olmadı ki, keşiş qızları kilsəyə nə üçün aparırdı, yəqin öldürməyə aparırmış deyə, düşünürdük. Axı qonşu qızları demişkən, kitab qorxulu hadisələrdən bəhs edirdi. Biz o qonşu qızlarından onu da eşitdik ki, “Dekameron” qadağan olunmuş kitabdır və satışda yoxdur.

Amma kitabın adının “Dekameron” olması nədənsə bu günə kimi də yaddaşımdan silinməyib. Yetkinlik yaşına çatdıqdan sonra italyan yazıçısı Covanni Bokacconun müəllifi olduğu bu kitabın intim mövzuda yazıldığını eşitdim.

Elə orta məktəbin yuxarı sinfində oxuyarkən 11 cildlik “Min bir gecə” nağıllar kitabının da bizim yaşımıza uyğun olmadığını başa salırdılar. Az keçmədi ki Allahverdi Eminovun intim münasibətlər haqqında söhbətlərdən bəhs edən “Payıza qədər” kitabı nəşr olundu. Bu kitabın da orta məktəb şagirdləri üçün nəzərdə tutulmadığını desələr də, elə orta məktəb şagirdləri haradansa o kitabı tapıb xəlvətə çəkilib oxumağa başlayardı.

Nəzərə alsaq ki, yuxarıda sadaladıqlarım yaşadığım sovet dönəmi illərində baş verib, o dövrdə hər yaşa uyğun kitablar nəzərdə tutulmuş və hər yaşın nümayəndəsi də o kitabları oxumalı idi. Bilmirəm bu bir qanun idi, yoxsa tərbiyəvi əhəmiyyət kəsb edirdi. Amma bu belə idi. Azərbaycan müstəqillik qazandıqdan sonra, sovetin qoyduğu bu qadağalar, ənənələr heçə endirildi. Kim nə istədi yazdı, çapa verib ictimaiyyətə təqdim etdi. Son 20 ildə nəşr olunan onlarla bu kimi kitabın adını çəkmək olar. Amma mən son günlər AMEA-nın Folklor İnstitutunun tərtib etdiyi 23 cildlik qalmaqallı “Azərbaycan folkloru külliyyatı” kitabından bəhs edəcəyəm.

“Folklor İnstitutu pornoqrafiyanı təbliğ edir” deyə xəbər saytlarında məlumatlar yayıldı. Məsələyə münasibət bildirən Folklor İnstitutunun direktoru cavab verdi ki guya kitabın satışı qadağandır, o kütləvi satış üçün deyil, mütəxəssislər üçün nəzərdə tutulub... 

Görəsən indiki  zamanda nə qadağandır ki, intim mövzuda yazılan kitab da qadağan olunsun. Az keçməz ki, onun “satışı qadağandır” dediyi kitabın nüsxələri artırılaraq yayılmağa başlayacaq. Mən buna əminəm. Axı qadağan olunan meyvə şirin olur. Böyüklü-kiçikli hamı o qadağan olunan hər nəsə ona meyl edir, maraqlanır.

Onu deyim ki, kitabın ayrı-ayrı cildlərində bəhs olunan nağıllarda açıq-saçıq səhnələrə, şəhvani ifadələrə yer verilir. Hələ bu harasıdır, kitabda bütün ailə üzvlərinin ana ilə, qardaşın qardaşla, atanın inəklə cinsi əlaqəsindən, atanın yeniyetmə qızına zorla evlənmək təklifindən söz açılır. Nağıl deyiriksə, deməli, nağıllar uşaqlar, yeniyetmələr üçün nəzərdə tutulur, axı böyüklərin nağıl dinləmək vaxtı çoxdan keçib. Və ya ailə üzvlərinin ana ilə intim əlaqələrinin mütəxəssislərə nə dəxli var?...

Maraqlıdır, görəsən, adət ən-ənəmiz təhqir olunan, milli mentalitetimizi tapdalanan, uşaqlarda millətə, ailəyə nifrət  və ya əxlaqsızlığa meyllənməni təbliğ edən bu kitablar barədə AMEA-nın rəhbərliyinin xəbəri varmı? Xəbəri olmadıqlarına qətiyyən inanmıram. Belədirsə, bəs bəzi cildliklərdə ailə üzvlərinin bir-biriylə cinsi əlaqədə olmasından bəhs edən bu nağıllar kitabı barədə niyə susur və tərbiyəsiz bir təbliğata göz yumurlar?

İndi təsəvvür edin ki Folklor İnstitutunun nəşr etdirdiyi bu külliyyatın cildlərindən biri hansısa ailənin evindədir. Uşaq da kitabı götürüb gəlir nənəsinin yanında ki, ay nənə mənə bir nağıl de. Bu nənə nəvəyə bu kitabdan hansı nağılı danışsın? Necə desin ki, nənənin nağıllarının yerini Folklor İnstitutunun erotik nağılları tutub?

...Mən də daxil olmaqla hamı yerli telekanallarda göstərilən xarici teleserialların mənəviyyatımıza, uşaq və yeniyetmələrin tərbiyəsinə, ailələrin həyata baxışlarına mənfi təsir etdiyini deyirdik. Bir yandan da tərbiyədən dəm vuran professorlarımızın, akademiklərimizin nağıl kimi sırımaq istədikləri, əslində poroqrafiyanın, erotikanın təbliğ etdiyinin şahidi oluruq. Vallah, nə “Dekameron” əsərində, nə “Min bir gecə” nağıllarında, nə də “Payıza qədər” kitabında müxtəlif erotik süjetlərə toxunulsa da, müəllif qəhrəmanlarına bizim akademiklərin “Azərbaycan folkloru külliyyatı” kitabında verdiyi qədər açq-saçıq sevişmək imkanı yaratmayıb. Mən bu addımı qınayıram və bu addımı atanları gec də olsa səhflərini düzəltməyə çağırıram...

P.S. Mətbuat üzərində senzura ləğv olunduqdan sonra 1997-98-ci illərdə “sarı mətbuat” ayaq açmağa bağladı. Bu tipli qəzetlərdə pornoqrafiyaya məxsus ifadələrə, şəkillərə öz çılpaqlığı ilə geniş yer verilirdi. İctimai qınağa tuş gələn bu mətbu orqanlar az keçmədi ki, qapadıldı. Görəsən, folklorumuzu pornoqrafiyaya çevirən Folklor İnstitutunun biabırçı külliyyatının ləğv olunmasına əncam qılan tapılacaqmı?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı