Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımızın işğalçı sovet ordusu tərəfindən qətlə yetirilməsindən 20 il keçir. Düz 20 ildi ki, Azərbaycan xalqı bir suala cavab axtarır: 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr faciədir, yoxsa qəhrəmanlıq nümunəsi?
Təəssüf ki, ötən zaman kəsiyində 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilmədiyi kimi, bu qanlı olayın Azərbaycan tarixindəki yerini və rolunu müəyyənləşdirmək də mümkün olmayıb. Yəqin buna görədir ki, 20 Yanvar hadisələrinə hələ də müxtəlif kontekstlərdən yanaşanlar var. Müstəqillikdən sonrakı tariximizdə kədərli notların çox olması «ümumxalq hüzn günü» ifadəsini leksikonumuza daxil edib. Habil Əliyevin dizinin üstündəki kamanın hər il yanvar ayının 20-də insan şüurunun alt qatına işləyən qəmli sədası bu tarixi hadisənin ətrafında yaranmış pessimist ovqatı bir qədər də qüvvətləndirib.
Azərbaycanın istiqlalına qovuşmasında payı olmayan adamların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: «20 Yanvar hadisəsi baş verməsəydi belə, Azərbaycan yenə müstəqil olacaqdı». Yəqin sizlər də razılaşarsınız ki, Qarabağ müharibəsində uğur qazana bilməməyimiz Azərbaycan xalqının mübarizə əzmini ciddi şəkildə zədələyib. Mənə elə gəlir ki, tariximizin ayrı-yarı dövrlərinə öz damğasını vurmuş qəhrəmanlarımıza qarşı hücumların son vaxtlar intensiv xarakter alması bu mənfi tendensiyanı daha da gücləndirib. Hətta 1200 il əvvələ qayıdıb, Xürrəmi hökmdarı Babəki ittiham edənlər də var. Arqument isə xeyli düşündürücüdür: «Əgər Babək hiyləgər Afşinə boyun əysəydi, başını cəllad kötüyündən xilas edə bilərdi».
Tarixdə «bir qaşıq qanını» əqidəsindən üstün tutan milyonlarla insan olub. Amma onların hamısı müasirlərinin lənətinə tuş gəlib. Əqidəsinə dönük çıxan insanlara heç tarixin zibil yeşiyində də yer yoxdur.
Mövzudan uzaqlaşdığıma görə yəqin oxucular məni bağışlayar. Amma bir məqama da münasibət bildirmək istəyirəm: mənə elə gəlir ki, Babək doqquzuncu əsrdə başını edam kötüyünə qoymasaydı, Nəsimi on beşinci əsrdə əqidəsi uğrunda diri-diri soyulmayacaqdı. Mən əminəm ki, Babək, Nəsimi nümunəsi olmasaydı, Xətai tarixdə böyük sərkərdə kimi deyil, karvanbasan quldur kimi qalacaqdı. Yəqin sizlər də razılaşarsınız ki, Cavad xan qəhrəmanlığı Keçəl Həmzədən deyil, Babəkdən, Xətaidən öyrənib. Yoxsa, rus generalının qarşısına qılıncla deyil, allı-güllü xonça ilə çıxardı. Bilirsiniz, bu zaman nə baş verəcəkdi? Əgər Cavad xan 200 il əvvəl doğma şəhərinin azadlığı uğrunda şəhid olmasaydı, indi onun nəvələri rus ayısını tumarlayırdılar.
20 Yanvar milli qürur günümüzdür. Bu tarix bir gün azad olmağı 40 il qul kimi yaşamaqdan üstün tutan vətən övladalrının qanı ilə yazılıb. 20 Yanvar AZADLIQın yazıldığı tarixdir…