Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış” prosesi davam etdikcə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların da Qarabağ və Şərqi Zəngəzurda təşkilatlanması məsələsi aktuallaşır.
Modern.az saytı bu mövzuda partiyalar arasında sorğu keçirib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:
“Yox, hələ ki orada qərargahlarımız yaradılmayacaq. Azad olunmuş bölgələrdə insanlar yaşamalı - tam məskunlaşma olmalıdır. Laçından, Qubadlıdan olan üzvlərimiz hələ Sumqayıtda yaşayırlar. Köç olmamış süni şəkildə qərargah açmağın mənası yoxdur”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə:
“AMİP-in işğaldan azad olunmuş ərazilər üzrə rayon təşkilatları fəaliyyət göstərir. Ağdam rayon təşkilatımız işğalda olarkən belə Quzanlı və Çovlan ərazisində mərkəz olaraq fəaliyyət göstərirdi. Kəlbəcər rayon təşkilatımız hazırda Bakıdan idarə olunur. Cəbrayıl rayon təşkilatımız isə Sumqayıtdan idarə olunur. Üzvlərimiz Cəbrayıla geri qayıtdıqdan sonra təşkilat orada fəaliyyət göstərəcək. Zəngilan rayon təşkilatımız isə artıq uzun müddətdir ki, rayonun Ağalı kəndində fəaliyyət göstərir. Həm orada, həm də Bakıda məskunlaşan Zəngilan rayon təşkilatımız idarə olunur. Eləcə də digər rayon təşkilatlarımızda – həm Qubadlıda, həm də Laçında – partiya üzvlərimiz qayıtdıqca yenidən təşkilatlanma prosesinə rəvac verəcəyik. Həmin ərazilər tam məskunlaşdıqdan sonra rayon təşkilatlarının yerli qərargahlarının olmasına çalışacağıq. Digər rayonlarda da təşkilatlarımızın olmasına baxmayaraq, həmin rayonlada mənzil qərargahları yoxdur. Vaxtilə bu mənzil qərargahları olub, sonradan müxtəlif səbəblərə görə başqa məqsədlərlə istifadə olunmaq üçün alınıb. Ölkəni əhatə edən bütün rayonlarda təşkilatlarımız var. Təbii ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə məskunlaşacağıq və yerli mənzil qərargahlarının formalaşdırılması istiqamətində fəaliyyətimiz olacaq”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:
"Hazırda Milli Cəbhə Partiyasının Qarabağda qərargah qurmaq kimi bir planı yoxdur. Hələ ki partiyanın gündəmində bu məsələ dayanmır".
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Tənzilə Rüstəmxanlı:
"İşğaldan azad olunmuş rayonlarda partiya şöbələrinin fəaliyyəti “Böyük Qayıdış” çərçivəsində dövlət tərəfindən həyata keçirilən yenidənqurma və məskunlaşma proseslərinə paralel olaraq təşkil edilir. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlər öz yurdlarına qayıtdıqca, siyasi partiyaların yerli şöbələrinin də həmin ərazilərdə fəaliyyətə başlaması nəzərdə tutulur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:
“Partiyamızın bütün rayonlar üzrə şöbələri mövcuddur. O zaman məcburən ata yurdlarından qovulmuş insanlarımızın təşkilatlanması, onların istəklərinin beynəlxalq qurumlara çatdırılması baxımından bu vacib idi. Mən "Avronest"in üzvü idim və dəfələrlə onların müraciətlərini müəyyən yerlərə çatdırırdım. Avropa İttifaqının sədri Joze Manuel Barrozu bura gələndə məcburi köçkünlərin müraciətlərini də təqdim etdim. Kəlbəcər, Füzuli, Xankəndi və başqa yerlər üzrə müvafiq şöbələrimiz mövcuddur. İşğaldan azad olunmuş yerlərə üzvlərimizin bəziləri köçürlər. Amma hələlik qərargah köçürmək üçün imkanımız yoxdur. Hamı da qayıtmayıb. Prinsip etibarilə yaxşı olardı. Təəssüf olsun ki, bizim, eləcə də digər partiyaların rayonlarda çox məhdud qərargahları var. Deməli, dialoq mühitində siyasi partiyalar və parlamentlə iş üzrə əlaqələr şöbəsində məsələ qaldırmışıq ki, yerlərdə heç olmasa mərkəzi bölgələrdə partiyaların qərargahları qurulsun. Etiraf edək ki, 2019-cu ildən sonra cənab Prezident tərəfindən partiyalar və parlamentlə iş üzrə şöbə yaradıldı və ora hörmətli Ədalət Vəliyev təyin olundu. Doğrudan da çox uğurlu kadr oldu. Partiyalara münasibət dəyişildi. Xeyli təkliflər verə bildik, danışıqlar apara bildik. Partiyalara dəstək verildi. Bakıda mərkəzi qərargahımız var. Hər hansı problemlər yarananda onların aradan qaldırılması üçün dövlət tərəfindən addım atılır. Təşəbbüslərimiz nəzərə alınır. Yerlərdə partiya qərargahlarının qurulması məsələsini gündəmə gətirdik. Yəqin ki, dialoq danışıqları olanda işğaldan azad olunmuş rayonlarda, harada mümkündürsə, ayrılıqda yer verilə bilməsə də, bütün partiyaları ehtiva edən bir yer verilə bilər. Bu, simvolik baxımdan da əhəmiyyətli olar. O ərazilərdə ölkənin idarə edilməsində iştirakçılıq və nəzarət funksiyaları da artıq reallaşar. Bu istiqamətdə hələlik bir addımımız yoxdur, amma təbii ki, bayaq dediyim kimi, bəzi fikirləri həyata keçirmək üçün addım atarıq”.
Ədalət, Hüquq və Demokratiya Partiyasının baş katibi Niyaməddin Orduxanlı:
“Partiyamızın Qarabağda rayon şöbələri fəaliyyət göstərir. Bura Laçın, Füzuli və Ağdam şöbələrimizi nümunə göstərə bilərəm. Onların qərargahı yoxdur. Ancaq bu haqda düşünürük. Rayonlar işğaldan azad olunandan sonra bizə bir sıra müraciətlər var. Məsələn, Qubadlı rayon təşkilatının yenidən qurulması və təsis olunması ilə bağlı. Qubadlı və digər rayonlara köç tam başa çatandan sonra həmin ərazilərdə partiyamızın şöbələrinin açılması üzrə addımlar atılacaq. Amma qərargahın, partiya ofisinin olması planlaşdırılır. Yaxın gələcəkdə bu məsələnin həlli ilə bağlı rəsmi addımlar atılacaq”.
AĞ Partiyanın sədri Tural Abbaslı:
“Ağdamda, Zəngilanda və digər işğaldan azad olunmuş ərazilərdə qərargah yaratmaq, oradan olan üzvlərin gediş-gəlişini təmin etmək daha çox dövlətdən asılıdır. Partiyalar nəinki işğaldan azad olunmuş ərazilərdə, heç digər rayonlarda da normal ofis tapa bilmir. Çünki partiyaların maddi imkanları məhduddur. Hər rayonda ofis saxlamaq xərc tələb edir. Dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə rüsum ödənilməklə ofis saxlamaq üçün güzəşt olunarsa, məmnuniyyətlə aça bilərik. Onsuz da orada məskunlaşan və işləyənlər arasında partiya üzvlərimiz var. Ümumiyyətlə, simvolik baxımdan dövlət marağında olmalıdır ki, ən azı Xankəndidə və ya Şuşada ofislər açılsın".
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadiqov:
“Bizim köçkün rayon şöbələrimiz olub və aktiv fəaliyyət göstəriblər. Düzdür, Xankəndi şəhər təşkilatımız olmayıb. Şükürlər olsun ki, işğal altında olan rayon və şəhərlərimiz azad edildi. Həmin ərazilərdə tikinti işləri gedir, insanlarımız doğma yurdlarına dönürlər. Bizim partiya üzvlərimizdən də bir qismi rayonlarına qayıdıblar. Hələ bu proses davam edəcək, yəqin ki, bütün rayon şöbələrimiz ilin sonuna kimi Qarabağ ərazisində fəaliyyət göstərəcəklər”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli:
“Siyasi partiyaların qərargahla təmin olunması son vaxtlar həyata keçirilib. Belə ki, 2020-ci ildə siyasi qüvvələr arasında həmrəyliyin formalaşmasından sonra ölkədə qərargahsız partiya qalmadı. Ədalət Partiyası müstəqil fəaliyyətini bərpa edəndən sonra qərargaha malik olub. Hazırda biz dövlət tərəfindən icarəyə verilmiş qərargahdan istifadə edirik. Lakin rayon təşkilatlarımızın, təəssüf ki, qərargahı yoxdur. Biz heç olmasa regionlar üzrə qərargahlar təşkil etməyə çalışırıq. Təəssüf ki, hələ buna nail ola bilməmişik. Qarabağda da bütün rayon təşkilatlarını birləşdirən bir ofisimizin olması çox yaxşı olardı. Ümid edirik ki, gələcəkdə Qarabağ da daxil olmaqla bütün regionlarda qərargahımız olacaq. Bunun olması siyasi fəaliyyətimizə dəstək olardı”.
Vəhdət Partiyasının sədri Adəm Bakuvi:
“Partiyanın vaxtilə işğal olunmuş rayonlar üzrə təşkilatları var idi. Qarabağ və onun ətrafı işğaldan azad olunandan sonra bütün rayon təşkilat komitələrimizin iclasları keçirilib və hamısı bərpa edilib. İndi istəyirik ki, şəraitə uyğun olaraq rayon təşkilatlarımız üçün yerlər ayrılsın. Qarabağ bölgəsində rayon təşkilatlarımız fəaliyyət göstərir. Hazırda dövlətimiz orada quruculuq işləri ilə məşğul olur. İnfrastruktur və yaşayış yerləri tikilir. Biz də istəyirik ki, gələcəkdə Qarabağ bölgəsində siyasi ev tikilsin və partiyaların hamısı yerlə təmin olunsun. Düşünürük ki, Ağdamda, Füzulidə, Laçında, Xankəndidə partiyalar üçün yeni siyasi ev tikilər. Orada iclaslarımızı keçirə bilərik. Partiyalarımızın rayon təşkilatları öz fəaliyyətlərini yüksək səviyyədə həyata keçirə bilərlər”.
REAL Partiyasının sədri Natiq Cəfərli:
“İşğaldan azad olunmuş bölgələrdə, əsasən də Xankəndidə qərargahın yaradılması ən böyük arzularımızdan biridir. Amma bunun üçün orada yaşayan əhali sayını və oradakı fəaliyyətin maliyyəsini düşünməliyik. Belə bir fikrimiz var. İndidən belə bir addım atmaq hələ tezdir. Çünki seçkilərə hələ iki il vaxt var. Yəqin ki, 2028-ci il parlament seçkisi öncəsi belə bir təşəbbüsün həyata keçirilməsinə çalışacağıq”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu:
“Gələcək Azərbaycan Partiyası bütün bölgələr üzrə iş aparır. Hazırda partiyamızın Qarabağ bölgəsində yerli rayon təşkilatları yoxdur. Ancaq məcburi köçkünlər Bakıda və digər bölgələrdə yaşadıqları dövrdə belə rayon təşkilatlarımız olub. Qarabağa hazırda böyük köç başlayıb. Çox güman ki, gələn ildən etibarən Qarabağda yerli rayon və şəhər təşkilatlarımızı bərpa edəcəyik”.
Azad Vətən Partiyasının sədri Akif Nağı:
“Qarabağda partiyamızın xüsusi bir qərargahının yaradılmasına ehtiyac olmadığını düşünürəm. İkinci Qarabağ müharibəsi zamanı Bərdə şəhərində Qarabağ Azadlıq Təşkilatının səyyar qərargahını yaratdıq və 44 gün ərzində bölgədə olduq. Bütün ərazi boyunca əhali ilə görüşür, söhbətlər edirdik. Şəhidlərin dəfn mərasimlərində iştirak edirdik. Hətta bir dəfə Bərdəyə atılan mərmi düz qərargahımızın qarşısına düşmüşdü. Həmin anda sədr və digərləri şəhid mərasiminə getdiklərinə görə təsadüfən sağ qaldılar. Torpaqlarımız artıq işğaldan azad edildiyinə görə xüsusi qərargahın yaradılmasına ehtiyac yoxdur. Həmin ərazilərimiz də digər bölgələrimizlə eyni statusdadır. Sadəcə yeni rayon təşkilatları yaradırıq, gücləndiririk. Bölgələr üzrə kuratorlarımız var. Qarabağ üzrə kurator-koordinator Bərdə rayon şöbəsinin sədri Gəray Əsədovdur. Hesab edin ki, Qarabağ üzrə qərargah funksiyasını o yerinə yetirir”.
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami:
“İşğaldan azad olunmuş ərazilərdə köçürülmələr tam həyata keçirildikdən sonra qərargahımızın yaradılmasından söhbət gedə bilər. Onsuz da bizim Qarabağ torpaqlarında – Füzulidə, Ağdamda, Laçında təşkilatlarımız var. Bizim 68-ə yaxın rayon təşkilatımız var. Təbii ki, bu sıraya işğaldan azad olunan rayonlarımız da aiddir. Digər qərargah məsələsi torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatları həyata keçirildikdən, təhlükəsizliyimiz təmin edildikdən onra həll olunar”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı:
“Bu məsələ ilə bağlı müzakirələr davam edir. O rayonların əksəriyyəti üzrə təşkilatlarımız mövcuddur və hazırda Bakı, Sumqayıt, Füzulidə fəaliyyət göstərir. Onların işğaldan azad olunmuş ərazilərə köçürülməsi zamanla həyata keçiriləcək”.