Modern.az

TDT Azərbaycanın sədrliyi dövründə güclənir

TDT Azərbaycanın sədrliyi dövründə güclənir

Ölkə

Bu gün, 13:08

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın hazırkı sədrliyi dövründə beynəlxalq mövqelərini möhkəmləndirir. “Türk Dövlətləri Təşkilatı plus” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır.

Modern.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı bildirib.

Millət vəkili xatırladıb ki, hazırda Türk Dövlətləri Təşkilatı və üzv dövlətlər arasında 35 sahə üzrə əməkdaşlıq həyata keçirilir. O qeyd edib ki, BMT-də müşahidəçi statusunun alınması, eləcə də digər beynəlxalq hüquq subyektlərinə TDT-də müşahidəçi statusunun verilməsi istiqamətində fəaliyyət aparılır. Bu məsələ ötən il Qəbələdə keçirilən Zirvə görüşündən sonra qəbul edilən yekun sənəddə də əksini tapıb.

“Həmin Qəbələ sammitində ilk dəfə olaraq Türk dünyasının tarixində təhlükəsizlik və sülh, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Bunun əsasında isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi və diplomatik səyləri nəticəsində təmin olunmuş Azərbaycanın Qarabağ zəfəri dayanır. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi və milli ləyaqətimizi bərpa etdik. Milli ləyaqətin bərpasından bütün Türk dünyasına pay düşür”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, qələbənin rəmzlərindən olan Şuşa şəhəri Türküstanla qardaşlaşıb və həmin qədim türk məkanında rəqəmsallaşmaya həsr olunmuş qeyri-rəsmi sammit keçirilib.

“1926-cı ildə keçirilmiş I Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir. Çünki yarımçıq qalmış arzular və ideyalar var. Biz həmin arzuları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq”, - deyə Rizvan Nəbiyev bildirib.

O əlavə edib ki, iki gün sonra Bakıda başlayacaq məskunlaşmaya həsr olunmuş BMT-nin beynəlxalq forumu da xüsusi əhəmiyyət daşıyır:

“Bu Urban Forumda işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti təqdim edəcəyik”.

Rizvan Nəbiyev çıxışında klassik diplomatiya ilə ictimai diplomatiyanın qarşılıqlı əlaqəsinə də toxunub.

“Bunlar Track 1 diplomatiyası, yəni klassik diplomatiyanın fəaliyyətidir. Digər istiqamət isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının fəaliyyətidir ki, bu da Track 2 diplomatiyasıdır. Buraya ictimai diplomatiya, elm diplomatiyası və mədəniyyət diplomatiyası daxildir. Çünki bunların biri digərini tamamlayır.

Hazırda beynəlxalq münasibətlər sistemində yeni bir sintez modeli formalaşıb — Track 1.5 diplomatiyası. Bu isə klassik diplomatiya ilə ictimai diplomatiyanın sintezidir. Gəlin birlikdə düşünək və bu sintez əsasında yeni konsepsiyalar hazırlayaq, Türk dünyasında həmrəyliyin, birliyin və ortaq təfəkkürün möhkəmlənməsinə töhfə verək”, - deyə deputat əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?