“Malaylar çox sakitdir, səhvən yolda sən birinə toxunsan, səndən əvvəl üzr istəyəcək”

Modern.az “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Malayziyada Texnologiya Universitetində bakalavr təhsili alan 21 yaşlı Fəxri Bağırovdur.
– Xaricdə təhsil almaq fikri necə yarandı?
– 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum və 2009-cu ilə qədər, yəni iki il orada oxudum. Amma nəsə istədiyim, gözlədiyim təhsili ala bilmədim, özümü inkişaf etdirə bilmədim. Düzü, mühitə uyğunlaşa bilmədim və çarəni xaricdə təhsil almaqda gördüm.
– Bəs niyə Malayziya? Digər ölkələrdə yox?
–Bu ölkəni seçməkdə Jan Kristof Qranjın “Qara qan” əsəri böyük rol oynadı. Əsərdəki hadisələr Cənub-Şərqi Asiyada cərəyan edirdi. Bundan başqa, digər faktorların böyük rolu var, məsələn, burada qiymətlərin ucuz, əhalinin əksəriyyətinin müsəlman olması və s.
– Yad ölkəyə necə uyğunlaşdın?
– Ailəmdən ilk dəfə idi ki, uzaq idim. Azərbaycandan ayrılanda 17 yaşım var idi. İlk günlər xüsusilə ilk gecə çox çətin oldu. Başqa insanlar, başqa hava və s. Amma sonra başım dərslərə qarışdı və getdikcə öyrəşdim. Həm də ki, buranın insanları çox istiqanlıdırlar, qonaqpərvərdirlər. Bir də ki mən xasiyyət etibarilə tez uyğunlaşan adamam. Ona görə də heç çətin olmadı.
– Ümumiyyətlə, əsas çətinliklərin nələr olur?
– Çox böyük çətinliklər olmur. Bir çətinlik yeməkdir. Buranın yeməkləri tamına görə fərqlidir.
– Hansı problemlərlə üzləşibsən?
– Əlhəmdulillah hələ ki, bir problem olmayıb. Belə ki, Malayziya xalqı çox sakitdir, səhvən yolda sən birinə toxunsan, səndən əvvəl üzr istəyəcək.
– Problemləri həll etməkdə çətinlik yarananda səfirliyə və ya diaspora müraciət edirsən?
– Burada diaspora demək olar ki, yoxdur, çünki sayımız azdır. Amma səfirliklə hər zaman əlaqədə oluruq. Sağ olsunlar, tez-tez zəng edib maraqlanırlar.
– Xaricdə oxuyan bir çox tələbələr əsasən yeməkdən narazılıq edirlər. Sən bu problemi necə həll edirsən?
– Bəli, yemək ən böyük problemdir, bizim yeməklər kimi dadlı yeməklərdən sonra bu cür yeməkləri yemək olmur. Bura təzə gələndə heç yumurta qıra bilmirdim. Amma arada vaxt olanda bişirirəm. Çox vaxt universitetin düşərgəsində, yaxud türk, ərəb restoranlarında yeyirik. Burada fast-food çox məşhurdur, arada köməyimizə çatır.
– Azərbaycanlı tələbələrlə əlaqələrin varmı?
– Malayziyada azərbaycanlı tələbə çox azdır. Ümumiyyətlə, bu ölkəyə azərbaycanlı tələbələr təzə-təzə gəlirlər. Sayımız çox azdır, mən soydaşlarımızı buraya oxumağa dəvət edirəm.
– Bəs xarici tələbələrlə münasibətin necədir?
– Universitetdə 100-dən çox ölkədən olan tələbələrlə bir yerdə oxuyuruq. Çox yaxşı münasibətlərimiz var, Xüsusilə də türk, qazax, çin və ümumilikdə afrikalılarla. Əsasən, türk, qazax və çinli tələbələrlə birgə vaxt keçiririk.
– Boş vaxtlarınızı necə keçirirsiniz?
– Dərs ili müddətində demək olar ki, boş vaxt olmur. Elə dərs, kitabxana, yataqxana arasında günümüz keçir. Ancaq yemək vaxtı türklərlə bir yerə yığışırıq. Tətillərdə isə gözəl adalar var, ora gedirik.
– Müəllimlərin tələbələrə olan münasibəti necədir?
– Dost kimi. Təəssüf ki, bu Azərbaycanda mənfi qarşılanır. Burada professorlarla bir yerdə çay içirik, onlar bizə gələcəklə bağlı istiqamət verirlər. Bir sözlə, münasibətlərimiz çox yaxşıdır.
– Malayziyadakı təhsilin haqqında nə deyə bilərsən? Səni qane edirmi?
– Bəzi universitetlər ABŞ, bəziləri isə İngiltərə təhsil sistemini tətbiq edirlər. Bu ölkənin universitetləri son illərdə irəliləyiş göstəriblər, ilk 200-də yer alan universitetlər sırasında yer tutublar. Məsələn, mən oxuduğum universitet texnologiya sahəsində ilk 100-ə girmişdi. Eləcə də “kampus”un gözəlliyinə görə dünyada ən gözəl “kampus”lardandır. Mən vəziyyətdən qaneyəm, baxmayaraq ki, arada problemlər olur.
– O ölkənin təhsil sistemi ilə Azərbaycandakı təhsil sistemi arasında əsas fərqlər nələrdir?
– Burada hər dərsdən ən azı iki imtahan olur, midterm imtahanı və presentationlar. Öyrəndiklərimizi real həyatda tətbiq etmək üçün ssenari hazırlanır, onu tətbiq etməyə çalışırıq. Bundan başqa, İqtisad Universitetində oxuyanda gərək mühazirələri dəftərə yazasan, buna da qiymət verirdilər. Amma burada nə istəyirsən elə, istəyirsən heç dərsə qulaq asma. Müəllim deyir ki, oxumasan, kursda qalacaqsan. Dərsə davamiyyət çox vacibdir, 20%-dən çox dərslərə qatılmasan, avtomatik olaraq, həmin dərsdən kəsilmiş sayılırsan. Amma burada oxumaq çətindir, çox yorulursan. Amma bununla yanaşı, çox da maraqlıdır.
– Ümumiyyətlə, xaricdə təhsil sənə nə verir? Dünyagörüşündə nələri dəyişib?
– Xaricdə təhsil insana çox şey verir. Məsələn, insan formalaşır. Əvvəllər evdə heç bir iş görmürdün, hər işi anam, ya böyük qardaşım görürdü. Amma burada məcburam. Dünya görüşü artır, müxtəlif millətlərdən olan insanlarla tanış olursan, onların mədəniyyətini, eləcə də öz mədəniyyətini onlara öyrədirsən.
– Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, Azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?
– Əlbəttə, ehtiyac var. Hansı ölkə olur olsun, harda azərbaycanlı nəfəs alır, oralara yayırıq Azərbaycan hüdudlarını. Qaldı ki xaricdə təhsil Azərbaycanın gələcəyinə nə verir, Azərbaycan inkişaf edir və ixtisaslı kadrlara ehtiyac artır. Xaricdə təhsil alan tələbələr də gördüyümüz yenilikləri tətbiq edərək gələcək Azərbaycanın daha da inkişafına nail olacağıq.
– Azərbaycandakı tələbə həyatınla oradakı tələbə həyatı arasında hansı fərqlər var?
– Mən tələbə olarkən çox passiv idim, buna tələbə həyatı demək olmazdı. Evdə universitetə, universitetdən də evə gəlirdim. Başqa bir şey düşünmürdüm. Amma burada istər istəməz aktiv olursan. Müxtəlif tədbirlərdə, konfranslarda özünü göstərirsən. Tələbə klubları var, layihələr üçün çalışırsan, yavaş-yavaş bunları Azərbaycanda da görmək olar.
– Bəs Azərbaycanı tanıtmaq üçün nə edirsiniz?
– Burada sayımız az olduğu üçün çox da böyük bir şeylər edə bilmirik. Fakültədə yayırıq, məsələn mən bir dərs götürdüm, Basic Communication adında, orada Azərbaycanın təqdimatını etdim.
– Malayziyada insanların Azərbaycan haqqında məlumatları vardı?
– İlk dəfə gələndə Azərbaycanı tanıyan az adam var idi. Amma indi tələbələr, xüsusilə fakültəmizdə tanıyırlar.
– Çoxları deyir ki, Azərbaycana qayıtmaq istəmirəm. Sən necə, qayıtmağı düşünürsən?
– Önəmli deyil ki, Azərbaycanda qalasan. Elə buradan da ölkəyə xidmət etmək olar. Azərbaycana gedib, boş-boş gəzməkdənsə, elə burada qalıb çalışmaq daha uğurlu olar. Bizim uğurumuz Azərbaycanın uğurudur.
– “Azərbaycan” deyəndə əsas nələr üçün darıxırsan?
– İnternet olduğu üçün ailə, dostlar üçün çox darıxmıram. Amma anam, qardaşım, nənəm, babam darıxıram.
– Bəs hansı yeməklər üçün darıxırsan?
– Yemək üçün arada darıxıram. Xüsusilə də kartof və kotlet üçün darıxıram.
– Universitetin təhsil haqqı nə qədərdir? Aldığın təqaüd bəs edirmi?
– Xaricdə Təhsil Proqramı ilə Malayziyada təhsil alıram. Universitetin illik haqqı 4000 dollardır. Ayda 930 dollar da dövlət ancaq yaşayış xərci üçün ayırır. Bu isə Malayziya üçün çox gözəl məbləğdir. Hər bir ehtiyacımızı qarşılayır.
– Bəs daha çox nəyə pul xərcləyirsən?
– Daha çox yemək və kitab üçün.
– Malayziyanın özünəməxsus hansı xüsusiyyətləri var ki, insanı özünə cəlb edir?
– Havası çox təmizdir, rəngarəng ölkədir. Hər yer yaşıldır və çox təmizdir (hindlilər olan yerləri çıxmaqla).

Sevinc İltifatqızı