Modern.az

Dünya əhalisinin yarısı, 27 trilyon dollarlıq bazar: Azərbaycan üçün ŞƏT fürsəti 

Dünya əhalisinin yarısı, 27 trilyon dollarlıq bazar: Azərbaycan üçün ŞƏT fürsəti 

Dünya

31 Avqust 2026, 14:51

Bu gün - 31 avqust tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 26-cı dövlət başçıları sammiti başlayır. Görüş sentyabrın 1-dək davam edəcək və maraqlıdır ki, ŞƏT-in yaradılmasının 25-ci ildönümünə təsadüf edir.

Bir vaxtlar Mərkəzi Asiyada sərhədlərin təhlükəsizliyi və terrorizmlə mübarizə məqsədilə yaradılmış bu təşkilat indi tamam başqa miqyasdadır. Çin, Rusiya, Hindistan və İran kimi nəhənglərin eyni masa arxasında oturduğu ŞƏT artıq yalnız təhlükəsizlik platforması deyil, enerji, nəqliyyat, ticarət, maliyyə, rəqəmsal texnologiyalar, süni intellekt və yeni beynəlxalq nizam haqqında danışılan böyük Avrasiya platformasına çevrilib.

ŞƏT-in yaranması Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə postsovet məkanında yaranmış  geosiyasi boşluğu doldurmağa xidmət edirdi. Hər şey 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında sərhəd bölgələrində hərbi etimadın yaradılması haqqında sazişin imzalanması ilə başladı. Daha sonra bu format “Şanxay beşliyi” adlandırıldı.

1997-ci ildə tərəflər sərhədlərdə hərbi qüvvələrin azaldılması barədə razılaşdılar. 2000-ci ildə isə “beşliy”ə Özbəkistanın da qoşulması ilə daha geniş regional əməkdaşlıq formatının yaradılması ideyası gücləndi. Nəhayət, 15 iyun 2001-ci ildə Şanxayda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatını yaratdılar.

ŞƏT-in ilkin gündəliyində əsasən üç təhlükə - terrorizm, separatizm, ekstremizm ön plana çıxırdı

Lakin təşkilatın məqsədləri bununla məhdudlaşmadı. ŞƏT-in Nizamnaməsində qarşılıqlı etimad, mehriban qonşuluq, regional sülh və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, sosial və mədəni inkişaf, yeni çağırışlara birgə cavab verilməsi əsas məqsədlər kimi müəyyənləşdirildi.  Yəni ŞƏT rəsmi olaraq hansısa dövlətə yaxud beynəlxalq təşkilata qarşı yaradılmayıb. 2026-cı ilin iyulunda ŞƏT Xarici İşlər Nazirləri Şurası da bu mövzuda bir daha bəyanat verdi. Amma geosiyasi reallıq daha mürəkkəbdir.

ŞƏT-in yüksəlişi Qərbin dominant olduğu beynəlxalq sistemə alternativ əməkdaşlıq platformasının formalaşması kimi də qiymətləndirilir. Çünki təşkilatın əsas hərəkətverici qüvvəsi Çindir. Bununla belə, təşkilatı rəsmi olaraq “anti-Qərb” layihəsi kimi qiymətləndirmək düzgün olmazdı, onun güclənməsi Qərbin dominant olduğu sistemə alternativ güc mərkəzinin yaranmasına xidmət edir. ŞƏT-in coğrafiyasının böyüməsi, ona üzv dövlətlərin artması da təşkilatın cəlbedicliyini sübut edir.

2017-ci ildə Hindistan və Pakistan tamhüquqlu üzv qəbul edildi. Bu, ŞƏT-in çəkisini ciddi şəkildə artırdı. Çünki artıq təşkilatda dünyanın ən böyük əhali mərkəzlərindən ikisi - Çin və Hindistan, həmçinin Pakistan və Rusiya kimi böyük dövlətlər vardı.  Növbəti illərdə təşkilata üzvlərin sayı artmağa davam etdi. 2023-cü ildə İran, 2024-cü ildə Belarus ŞƏT-ə 10-cu üzv kimi qəbul edildi.

Beləliklə, təşkilatın Avropaya doğru coğrafi uzantısı da yarandı. Bu gün ŞƏT-in 10 üzvü var: Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarus.

Paralel olaraq, 2 ölkə - Əfqanıstan və Monqolustan müşahidəçi üzv, dialoq tərəfdaşı olan 15 ölkə - Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Laos, Maldiv, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka mövcuddur.

Siyahıdan göründüyü kimi Azərbaycan da ŞƏT-lə dialoqda olan ölkə statusundadır. Bu status 2015-ci ildə qəbul olunub, memorandum isə 14 mart 2016-cı ildə Pekində imzalanıb.

Tam üzv olmasa da bu status Azərbaycana ŞƏT-in tədbirlərinə, müzakirələrinə və müxtəlif əməkdaşlıq mexanizmlərinə qoşulmaq imkanı verir. Gələcəkdə bu status vahid “ŞƏT tərəfdaşı” statusunun yaradılmasına xidmət edir. Bu, gələcəkdə Azərbaycan üçün də yeni formatın yaranması demək ola bilər.

ŞƏT yalnız öz üzvləri ilə qapalı platforma deyil. Təşkilat BMT və onun müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir. Buraya UNODC, UNESCO, FAO, UNEP və digər qurumlar daxildir. Eyni zamanda:

ASEAN, MDB, KTMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, CICA, EAEU, Ərəb Dövlətləri Liqası, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatlarla əlaqələri var.  Bu, ŞƏT-in artıq yalnız Çin-Rusiya-Mərkəzi Asiya formatı olmadığını göstərir.

ŞƏT üzv ölkələrə nə verir? Ən vacib sual budur. Çünki beynəlxalq təşkilatın böyüklüyü yalnız üzvlərinin sayında deyil, üzvlərinə verdiyi töhfə, imtiyaz baxımından önəmlidir.

ŞƏT ölkələrə bir neçə istiqamətdə imkan yaradır.

1. Təhlükəsizlik. Terrorizm, ekstremizm, separatizm, narkotik və transmilli cinayətkarlıqla mübarizə mexanizmləri yaradılır. 2025-ci il Tianjin sammitində ŞƏT Antinarkotik Mərkəzi və təhlükəsizlik təhdidlərinə qarşı Universal Mərkəzin yaradılması barədə razılaşmalar imzalanıb.

2. Nəqliyyat. ŞƏT məkanında dəmir yollarının, avtomobil yollarının və tranzit dəhlizlərinin inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu isə Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan özünü Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa marşrutunun mühüm həlqəsi kimi təqdim edir.

3. Enerji. 2025-ci ildə ŞƏT 2030-cu ilədək enerji əməkdaşlığının inkişaf strategiyasının həyata keçirilməsi üzrə yol xəritəsini qəbul edib. Bu, Azərbaycan kimi enerji resurslarına və tranzit imkanlarına malik ölkə üçün əhəmiyyətli istiqamətdir.

4. Maliyyə Ən böyük yeni layihələrdən biri ŞƏT İnkişaf Bankıdır. 2025-ci ildə onun yaradılması barədə siyasi qərar qəbul edilib. 2026-cı ilin may və iyun aylarında isə bankın yaradılması ilə bağlı artıq praktiki məsləhətləşmələr aparılıb və müxtəlif ölkələrdən nümayəndələr iştirak edib. Bu, ŞƏT-in gələcəkdə sadəcə siyasi klub deyil, öz maliyyə mexanizmləri olan iqtisadi platformaya çevrilməsi baxımından çox ciddi addımdır.

ŞƏT-in real gücü bir çox beynəlxalq təşkilatlardan daha çoxdur. Belə ki, ŞƏT Avrasiyanın böyük hissəsini əhatə edir, dünya əhalisinin təxminən yarısına yaxın hissəsini birləşdirir, Çin, Hindistan və Rusiya kimi nüvə və böyük iqtisadi gücləri bir platformada saxlayır, dünyanın ən böyük enerji və xammal resurslarının mühüm hissəsinə malikdir və Avropa ilə Asiya arasında əsas quru və dəniz ticarət marşrutlarının bir hissəsinə nəzarət edir. ŞƏT-in öz məlumatına görə, təşkilat dünya əhalisinin 47 faizindən çoxunu, Avrasiya ərazisinin təxminən üçdə birini əhatə edir və üzvlərinin ümumi iqtisadi çəkisi qlobal ÜDM-in dörddə birindən çoxdur.

Dövlət başçıları səviyyəsində ŞƏT sammitləri hər il keçirilir. Bu ilki Bişkek sammitindən sonra növbəti sammit 2027-ci ildə Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Qırğızıstanın sədrliyi dövründə təşkilatın şüarı: “ŞƏT-in 25 ili: sabit dünya, inkişaf və rifah naminə birlikdə” adlanır.

Gündəliyin əsas istiqamətləri: 

Regional təhlükəsizlik, terrorizm və ekstremizmlə mübarizə, iqtisadi əməkdaşlıq, nəqliyyat və tranzit, enerji, rəqəmsal iqtisadiyyat, süni intellect, investisiya, ticarət, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar və mədəni əlaqələrdir. Bütün bu hədəflər 2025-ci ildə qəbul edilmiş ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası ilə əlaqələndirilir.

Bişkek sammitində Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistan Baş naziri Nikol Paşinyan, Pakistanın Baş naziri Şahbaz Şərif və sammitə ev sahibliyi edən Qırğızıstan Prezidenti Sadır Japarov var.

Sammit çərçivəsində üzv olmayan ölkələr və beynəlxalq təşkilatların da geniş iştirakı nəzərdə tutulur. Azərbaycanın da ŞƏT-in dialoq tərəfdaşı kimi bu platformada iştirakı ayrıca əhəmiyyət daşıyır.

Sammit 2025-ci ildə qəbul edilmiş 2035 strategiyası və 2026-cı ildə davam edən işlər təşkilatın deklarativ siyasi platformadan praktik iqtisadi mexanizmə çevrilmək istədiyini göstərir.

Ən diqqətçəkən layihələr:

ŞƏT İnkişaf Bankı

Bu bank yaradılarsa, üzv ölkələrdə infrastruktur, enerji, nəqliyyat və digər layihələrin maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Bankla bağlı 2026-cı ilin iyununda artıq dördüncü məsləhətləşmə toplantısının keçirilməsi prosesin kağız üzərində qalmadığını göstərir.

Enerji əməkdaşlığı

2030-cu ilədək enerji strategiyasının həyata keçirilməsi nəzərdə tutulur.

Yaşıl enerji

Çin 2025-ci ildə ŞƏT ölkələrində növbəti beş ildə günəş və külək enerjisi gücünün hər biri üzrə əlavə 10 milyon kilovat artırılması təşəbbüsünü irəli sürüb.

Rəqəmsal iqtisadiyyat və süni intellekt

2025-ci il sammitində süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi barədə ayrıca bəyanat qəbul olunub.

Təhlükəsizlik

Antinarkotik Mərkəz və Universal Təhlükəsizlik Mərkəzi kimi yeni qurumlar yaradılır.

Tərəfdaş ölkə olan Azərbaycanın ŞƏT məkanında oynaya biləcəyi rol da çoxfunksiyalıdır. Çünki Azərbaycanın coğrafiyası burada ciddi üstünlük yaradır. Ölkəmiz ŞƏT-ə üzv ölkələr üçün Türkiyə və Avropa bazarına çıxış üçün əsas logistik mərkəz rolunu oynayır və əsas marşrutların üzərində yerləşir. Bu səbəbdən Azərbaycan ŞƏT üçün sadəcə dialoq tərəfdaşı deyil, potensial tranzit və logistika qovşağıdır.

Azərbaycanın ən böyük üstünlüklərindən biri Orta Dəhlizlə bağlıdır. Çin və Mərkəzi Asiya üçün Avropaya alternativ marşrutlar getdikcə daha əhəmiyyətli olur. Bu prosesdə Bakı, Ələt, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars, Transxəzər marşrutu kritik strukturlardır.  

Vacib amil ŞƏT-in iqtisadi gündəliyində nəqliyyat və tranzit əməkdaşlığının genişlənməsi Azərbaycanın maraqları ilə birbaşa üst-üstə düşür. Təşkilatın iqtisadi əməkdaşlıq mexanizmləri arasında xüsusi tranzit, nəqliyyat və ticarətin asanlaşdırılması üzrə işçi qruplar mövcuddur. Deməli, Azərbaycan ŞƏT-dən tranzit imkanları qazana bilər.

Enerji məsələsində də Azərbaycan üçün imkan böyükdür

Azərbaycan ŞƏT məkanının enerji xəritəsində də xüsusi rol oynaya bilər. Çin böyük enerji istehlakçısıdır. Mərkəzi Asiya böyük enerji və xammal ehtiyatlarına malikdir. Azərbaycan isə Xəzər enerji resurslarını Avropa bazarlarına çıxaran əsas ölkələrdəndir. Bu üç istiqamətin birləşməsi Azərbaycanı ŞƏT-in enerji dialoqunda maraqlı tərəfə çevirir. Bakı həmçinin “yaşıl enerji”, elektrik ixracı və regional enerji bağlantıları məsələsində öz rolunu artırmağa çalışır. Bu isə ŞƏT-in 2030-cu ilədək enerji əməkdaşlığı strategiyası ilə üst-üstə düşür.

Çin faktoru - Azərbaycanın ŞƏT siyasətində əsas açarlardan biri

Burada başqa bir mühüm məqam var. Azərbaycanın 2024-cü ildə Çinlə strateji tərəfdaşlıq münasibətləri qurması Bakı-Pekin münasibətlərini yeni mərhələyə çıxardı.  Bu münasibət ŞƏT kontekstində Azərbaycan üçün əlavə imkan yaradır. Çünki təşkilatın ən böyük iqtisadi və siyasi gücü Çindir. Başqa sözlə, Azərbaycanın ŞƏT-lə münasibətlərinin dərinləşməsi eyni zamanda Çinlə iqtisadi əlaqələrin daha geniş regional platformaya çıxarılması deməkdir. Azərbaycan üçün başqa bir üstünlük - Rusiya, İran, Mərkəzi Asiya və Çin eyni platformada olmaq imkanıdır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə paralel əlaqələr saxlamaqdır. ŞƏT bu baxımdan Bakıya hazır platforma verir. 10 ölkəni birləşdirən ŞƏT-ə üzv dövlətlərlə Azərbaycanın ikitərəfli əlaqələri mövcuddur. Bu səbəbdən ŞƏT Azərbaycanın çoxvektorlu xarici siyasətinin əlavə diplomatik meydanına çevrilə bilər.

Əsl böyük dəyişiklik nədir?

ŞƏT-in 2001-ci ildəki ŞƏT ilə 2026-cı ildəki ŞƏT arasında böyük fərq var. 2001-ci ildə əsas sözlər: terrorizm - separatizm - ekstremizm - sərhəd təhlükəsizliyi idi. 2026-cı ildə isə bank - enerji - nəqliyyat - rəqəmsal iqtisadiyyat- süni intellekt - investisiya - yaşıl enerji - ticarət - logistika əlavə olunub. Bu, sadəcə təşkilatın böyüməsi deyil. Bu, ŞƏT-in özünü yenidən müəyyənləşdirməsidir. 2025-ci ildə qəbul edilmiş 2035 strategiyası da məhz bu transformasiyanın əsas yol xəritəsidir.

Azərbaycanın qarşısında böyük imkan açılır

Azərbaycan ŞƏT-in üzvü deyil. Amma tərəfdaş ölkə kimi Azərbaycanın qarşısında bir sıra imkanlar, fürsətlər yaranır.

ŞƏT-in Çin və Mərkəzi Asiya ilə Avropa arasında yaratmaq istədiyi yeni iqtisadi məkanın tranzit qapılarından birinə çevrilmək şansı. Bakı üçün əsas məsələ ŞƏT-in nəqliyyatla, enerji ilə və logistika ilə bağlı layihələrinin içində olmaqdır. Əgər ŞƏT İnkişaf Bankı formalaşarsa, Azərbaycan həmin maliyyə mexanizmlərindən istifadə edən tərəf ola bilər.

Əgər Çin-Mərkəzi Asiya-Xəzər nəqliyyat əlaqələri genişlənərsə, Azərbaycan bundan tranzit gəlirləri əldə edə bilər. Əgər enerji əməkdaşlığı dərinləşərsə, Azərbaycan öz enerji və “yaşıl enerji” potensialını bu bazara çıxara bilər. Əgər rəqəmsal və texnoloji əməkdaşlıq genişlənərsə, Azərbaycan Çin və Mərkəzi Asiya texnologiya ekosisteminə daha yaxın inteqrasiya oluna bilər.

ŞƏT artıq sadəcə “Şərq klubu” deyil

25 il əvvəl Şanxayda altı ölkənin yaratdığı təşkilat bu gün 10 üzv ölkəni, 2 müşahidəçini və 15 dialoq tərəfdaşını birləşdirən nəhəng Avrasiya platformasına çevrilib.

Bişkek sammitinin əsas sualı da əslində budur: ŞƏT daha nə qədər böyüyəcək yox, bundan sonra nə qədər real gücə çevriləcək?

Əgər ŞƏT İnkişaf Bankı, enerji layihələri, nəqliyyat dəhlizləri, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik mexanizmləri real işləməyə başlasa, təşkilatın növbəti 10 ili əvvəlki 25 ildən daha əhəmiyyətli ola bilər.

Azərbaycan üçün isə mesaj daha konkretdir: Bakı ŞƏT-in qapısında dayanan ölkə deyil - onun üzərindən keçən yolların kəsişməsində yerləşən ölkədir. Məhz buna görə ŞƏT-in gələcək gücü Azərbaycanın da iqtisadi və geosiyasi hesablamalarında nəzərə alınmalı amilə çevrilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...