Modern.az

İlham Əliyevin Paşinyanla görüşündə GÖZDƏN QAÇAN DETAL

İlham Əliyevin Paşinyanla görüşündə GÖZDƏN QAÇAN DETAL

Analitika

Bu gün, 15:36

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti öncəsi Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən yayılan fotoda diqqəti çəkən kiçik, amma siyasi baxımdan kifayət qədər mənalı bir detal var. Paşinyanın pencəyinin yaxasında Ermənistan Respublikasının xəritəsi əks olunub. O ilk dəfə Azərbaycan lideri ilə görüşdə Ermınistanın bugünkü ərazilərini əks etdirən xəritı nişanı ilə çıxıb.

Modern.az xatırladır ki, bu, sadəcə dövlət atributu və ya protokol aksesuarı deyil. Paşinyanın özünün verdiyi izaha görə, həmin nişan Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini - 29 743 kvadratkilometrlik Ermənistan Respublikasını göstərir. Qarabağ bu xəritədə yoxdur. Azərbaycan ərazisinin hər hansı hissəsi Ermənistanın siyasi coğrafiyasına daxil edilməyib. Əslində, xəritənin əsas siyasi mənası da onun üzərində görünənlərdən çox, orada artıq görünməyənlərdədir.

Bu xəritəni sadəcə “Ermənistanın məğlubiyyətinin simvolu” deyil, Paşinyanın sinəsindəki xəritə Ermənistanın onilliklər ərzində Azərbaycan əraziləri hesabına qurmağa çalışdığı siyasi layihənin məğlubiyyətinin simvollarından biridir.

Çünki 2020-ci ilə qədər Ermənistanın siyasi həyatında Qarabağ yalnız xarici siyasət məsələsi deyildi. O, dövlət ideologiyasının, təhlükəsizlik siyasətinin və daxili siyasi legitimliyin əsas elementlərindən birinə çevrilmişdi. Ermənistan hakimiyyətləri müxtəlif dövrlərdə fərqli ifadələrdən istifadə etsələr də, mahiyyət dəyişmirdi: Azərbaycan ərazisində yaradılmış separatçı qurumun mövcudluğu qorunmalı, onun Azərbaycanın suverenliyinə qayıtmasının qarşısı alınmalı idi.

Bu gün isə Ermənistanın hökumət başçısı tamam başqa siyasi tezisi nümayiş etdirir. Ermənistan 29 743 kvadratkilometrdir və dövlətin siyasi ambisiyası həmin sərhədlərdən kənara çıxmamalıdır.

Üstəlik, Paşinyan bunu artıq təkcə xarici auditoriya qarşısında səsləndirmir. İyunun 7-də keçirilmiş parlament seçkilərində onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,75 faiz səs toplayaraq parlament çoxluğunu qorudu. Avqustun 20-də yeni hökumət proqramını təqdim edən Paşinyan açıq şəkildə bəyan etdi ki, seçkinin nəticəsi ilə “Real Ermənistan” ideologiyası ölkədə rəsmi ideologiyaya çevrilib.

Bu məqam Bişkek fotosunun siyasi çəkisini artırır. Artıq söhbət bir siyasətçinin şəxsi baxışından deyil, seçkidən çıxmış hakimiyyətin dövlət haqqında təqdim etdiyi yeni konsepsiyadan gedir.

29 743 kvadratkilometr: yeni Ermənistan konsepsiyasının sərhədi

Paşinyanın son illərdə israrla təkrarladığı 29 743 kvadratkilometr sadəcə statistik göstərici deyil. “Real Ermənistan” konsepsiyasının bütün məntiqi bu rəqəmin üzərində qurulub.

Ermənistanın Baş naziri 2024-cü ildə parlamentdə diqqətçəkən etiraf etmişdi. Bildirmişdi ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 743 kvadratkilometr olması dünya üçün yeni fakt deyil, problem erməni cəmiyyətinin uzun müddət bu reallığı siyasi və psixoloji baxımdan qəbul etməməsində olub. 2025-ci ildə “Real Ermənistan” ayrıca ideoloji konsepsiya şəklində təqdim edildi. 2026-cı ildə isə həmin xətt hakimiyyətin seçki platformasına və daha sonra hökumət proqramına daşındı.

Bu dəyişiklik yalnız Paşinyanın dünyagörüşünün təkamülü ilə izah oluna bilməz. Onun arxasında 2020-ci ildən başlayaraq Cənubi Qafqazda dəyişmiş güc nisbəti və Azərbaycanın yaratdığı yeni siyasi reallıq dayanır.

Əvvəl hərbi reallıq dəyişdi, sonra siyasi terminologiya

Prezident İlham Əliyevin 2020-ci ildən sonrakı siyasətinin mühüm cəhətlərindən biri hərbi nəticəni diplomatik-hüquqi nəticəyə çevirmək oldu.

44 günlük müharibədən sonra Bakı İrəvana Ermənistan ərazisindən pay istəmədi, Ermənistanın dövlətçiliyini müzakirəyə çıxarmadı. Əksinə, Azərbaycan münasibətlərin normallaşması üçün beynəlxalq hüquqa söykənən konkret çərçivə irəli sürdü.

2022-ci ilin martında təqdim edilən beş baza prinsipinin birinci maddəsi qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınmasını nəzərdə tuturdu. İkinci prinsip isə tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığını və gələcəkdə də belə iddia irəli sürməyəcəyini hüquqi öhdəlik kimi müəyyənləşdirirdi. Digər prinsiplər gücdən istifadə etməmək, sərhədlərin delimitasiyası, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılmasını əhatə edirdi.

Bu, əslində, Bakının İrəvan qarşısında qoyduğu yeni siyasi çərçivə idi. Belə ki, Ermənistan Azərbaycanla münasibətləri Qarabağın “statusu” üzərindən deyil, iki beynəlxalq səviyyədə tanınmış dövlətin münasibətləri üzərindən qurmalıdır.

2022-ci ilin oktyabrında Praqada Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürərək qarşılıqlı ərazi bütövlüyünü və suverenliyi tanıdıqlarını təsdiqlədilər. Bununla müzakirənin hüquqi bazası da dəyişdi.

Əgər Ermənistan Azərbaycanı sovet dövründə mövcud olmuş inzibati sərhədlər əsasında müstəqillik qazanmış dövlət kimi tanıyırsa, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ayrıca siyasi bazarlıq predmeti ola bilməzdi.

İlham Əliyevin mövqeyinin əsas mahiyyəti də burada idi.

Rəsmi Bakı “status” müzakirəsini bağladı

Uzun illər danışıqların ən ağır mövzusu Qarabağın gələcək statusu idi. Müharibədən sonra Azərbaycan bu yanaşmanı qəbul etmədi. İlham Əliyev dəfələrlə bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin hüquqları Azərbaycanın daxili məsələsidir və Ermənistanla sülh müqaviləsinə ayrıca Qarabağ gündəliyi daxil edilməməlidir.

2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyini tam bərpa etməsi ilə separatçı qurumun mövcudluğuna da son qoyuldu. Məhz bundan sonra “Real Ermənistan” anlayışının Ermənistan siyasi diskursunda sürətlə önə çıxması təsadüfi görünmür.

Paşinyanın 29 743 kvadratkilometrdən daha tez-tez danışmağa başlaması əslində bir reallığın siyasi dilə çevrilməsi idi: Ermənistan öz gələcəyini Azərbaycan əraziləri üzərində qurulan layihədə deyil, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində axtarmalıdır.

Bakının irəli sürdüyü prinsiplər sülh mətninin hüquqi bazasına necə çevrildi?

Burada daha mühüm bir müqayisə də var.

Azərbaycanın 2022-ci ildə irəli sürdüyü prinsiplərlə 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sülh sazişinin əsas müddəalarına baxdıqda ciddi məzmun ardıcıllığı görünür.

Paraflanmış sənəddə keçmiş sovet respublikalarının inzibati sərhədlərinin müstəqillikdən sonra beynəlxalq sərhədlərə çevrildiyi təsbit olunur. Tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Növbəti maddədə isə Azərbaycan və Ermənistanın bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddia irəli sürməyəcəyi göstərilir.

Yəni 2022-ci ildə Bakının danışıqlar masasının üzərinə qoyduğu siyasi prinsip üç ildən sonra razılaşdırılmış sülh mətninin hüquqi müddəasına çevrildi. Saziş hələ imzalanaraq ratifikasiya edilməyib. 2026-cı ilin avqustunda da tərəflər onu paraflanmış sənəd kimi xarakterizə edirlər. Bu detal xüsusilə vacibdir. Vaşinqtonda imzalanan sənəd Birgə Bəyannamədir, sülh sazişinin özü isə paraflanıb və formal imza mərhələsi qarşıdadır.

Amma siyasi baxımdan daha əvvəl baş verən dəyişiklik artıq ortadadır.

Siyasi bəyanatdan dövlət rəmzinə çevrilən xəritə

Paşinyan martda Avropa Parlamentinin tribunasından sinəsindəki nişanı xüsusi olaraq göstərmiş və onu Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin təsviri adlandırmışdı. Həmin çıxışında bu xəritəni Azərbaycanla qarşılıqlı ərazi bütövlüyünün tanınmasının və sülhün simvolu kimi təqdim etmişdi.

Bişkekdə görülən xəritənin motivinə gəlincə isə, Paşinyanın özü bu nişana artıq siyasi məzmun verib. İlham Əliyevin qəbul etdirdiyi siyasi isə reallıq artıq Paşinyanın sinəsində nişana çevrilib.

Bir neçə il əvvəl Azərbaycan Qarabağın öz suveren ərazisi kimi qeyd-şərtsiz tanınmasını Ermənistan rəhbərliyi qarşısında əsas siyasi tələb kimi qoyurdu. Bu gün isə Prezident İlham Əliyevlə görüşən Ermənistanın Baş nazirinin sinəsində yalnız Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisini əks etdirən xəritə var. Qarabağ isə həmin xəritədə ümumiyyətlə yer almır.

İlham Əliyevin postmüharibə siyasətinin əsas siyasi nəticəsi

İlham Əliyevin postmüharibə siyasətinin nəticəsini yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ölçmək də tam mənzərəni göstərmir.

Daha böyük nəticələrdən biri qarşı tərəfin siyasi gündəliyinin dəyişməsidir.

Bir vaxtlar Azərbaycandan “status” tələb edən Ermənistan hakimiyyəti indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini dövlət ideologiyasının mərkəzinə gətirir. Bir vaxtlar Qarabağı Ermənistan siyasi layihəsinin ayrılmaz hissəsi kimi təqdim edən siyasi sistemin başında duran şəxs bu gün erməni cəmiyyətinə 29 743 kvadratkilometrlik dövlətlə barışmağı deyil, məhz onu vətən kimi qəbul etməyi təklif edir.

Bu dönüşün Ermənistan daxilində öz səbəbləri, Paşinyanın siyasi hesablamaları və yeni xarici siyasət kursu var. Amma onun başlanğıc nöqtəsini görməmək mümkün deyil: 2020-ci ildə Azərbaycan meydandakı vəziyyəti dəyişdi, sonrakı illərdə isə İlham Əliyev həmin nəticəni danışıqlar masasının siyasi və hüquqi çərçivəsinə çevirdi.

Bu baxımdan Paşinyanın sinəsindəki xəritə Ermənistan dövlətinin məğlubiyyət nişanı deyil. O, daha çox başqa dövlətin ərazisi hesabına qurulmuş siyasi xəyalın məğlubiyyət nişanıdır.

Və Bişkekdə həmin xəritənin İlham Əliyevlə üzbəüz oturan Paşinyanın sinəsində görünməsi son altı ildə Cənubi Qafqazda nəyin dəyişdiyini uzun bəyanatlardan belə daha aydın göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...