Hökumət gülçülüyü bərpa etmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2,5 mln. manat vəsait ayırıb

Vaxtilə SSRİ-nin əksər şəhərlərini, hətta uzaq Vladivostok vilayətini belə, güllə təmin edən Bakı kəndlərində bu təsərrüfat artıq tarixə qovuşub. Kəndlilərin əsas dolanışıq yeri olan gülçülük ənənələri indi tənəzzül dövrünü yaşayır. İndi nəinki keçmiş sovet respublikalarını, heç Bakının özünü də güllə təmin etmək olmur. O zamanlar ölkənin ən zəngin təbəqəsi sırasına daxil olan gülçülər indi məişət problemlərindən şikayətlənirlər. Bəlkə hər kəsdə belə bir sual da yarana bilər. Hollandiya, Yaponiya, İngiltərə, İspaniya, İsrail və Türkiyə kimi ölkələrində olduğu kimi Azərbaycanda da “Gül bayramı” keçirildiyi halda, niyə gülçülərimiz işsiz qalsın? Niyə hər il milyonlarla qazanc gətirən bu sahənin verə biləcəyi qazanc xaricə axıb gedir?
Vaxtilə bütün MDB məkanını güllə təmin edən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozlarının yerini istixanalar əvəzləyib. Gəlirli sahə olan gülçülük son 10 ildə tamamilə unudulub. İndi güllər yalnız ayrı-ayrı şəxslərə məxsus istixanalarda yetişdirilir. Mütəxəssislər deyir ki, əgər Bakı kəndlərində gülçülüyün durumu 20-25 il əvvəlki dövrlə müqayisə edilsə, 10 faiz gülçülük təsərrüfatının qaldığı məlum olar. Çünki Bakı kəndlərində gülçülük təsərrüfatı birbaşa istixanalara bağlı məsələdir. Son illər istixanalarda da müəyyən problemlərin olması gül təsərrüfatını inkişaf etdirməyə mane olur. İstixanalar üçün veriləcək qazın baha olması əkin işi ilə məşğul olanlara gəlir gətirmədiyindən onlar bu təsərrüfatdan uzaqlaşmaq məcburiyyətində qalırlar. Artıq Abşeronda çox nadir hallarda gülçülük təsərrüfatına rast gəlmək olar. Məsələn, ötən əsrin 80-ci illərində elə nadir qızılgüllər var idi ki, bu gün onlar yoxdur. Elə bu səbəbdən də gül ixrac edən Azərbaycan idxalçıya çevrilib. İndi yay mövsümündə güllər Ekvador, Hollandiya və Türkiyədən gətirilir. İdxal ixracdan 3 dəfə artıqdır. İdxal 1,5 mln. manata çatır. Eləcədə, hər il gül bayramı üçün xaricdən gətirilən güllərə 10 mln. manat pul ayrılır. Əgər xaricdən müxtəlif güllər gətirilirsə, Azərbaycandan qərənfil və bir az qızılgül ixrac edilir.
Elə bunun göstəricisidir ki, Bakıda hər il mayın 10-da keçirilən gül bayramında dəyəri milyonlarla ölçülən bahalı güllər Avropadan gətirilir. Halbuki, sovet vaxtı Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozları fəaliyyət göstərib. Rostov, Tümen, Vladivostoka gül daşıyanlar hər gedişdə 2-3 min manat qazanırmışlar. Ancaq müstəqillikdən bəri gülçülük sovxozları ləğv edilib, gül bayramı keçirilən ölkənin gülçüləri işsiz qalıblar. Onlar bu sahədən indi bir qəpik də qazana bilmirlər.
Gülçülər deyir ki, Bakıdakı bütün gül mağazalarında satılan güllərin 90 faizi xarici ölkələrdən gətirilir. Amma Bakı kəndlərində gülçülüyü bilən adamlar var ki, onlar hollandlardan da qat-qat gözəl güllər yetişdirə bilərlər.
Nardaranlı Vasif Mirzəyev isə deyir ki, 20 Yanvar faciəsi gülçülüyə təsir edib:
“Demək olar ki, bütün qərənfilləri Nardarandan aparırdılar. Başqa kəndlərdən də olub. Kəndin demək olar ki, 80 faizi gülçülüklə məşğul olub. Mən özüm Rusiyaya “Şkoda” ilə gül daşımışam. Camaatın qazanc yeri idi, onu da sıradan çıxarırlar. Xaricdən bahalı güllər gətirmək nəyə lazımdır, öz güllərimizdən heç yerdə yoxdur”.
“Ağla, qərənfil, ağla...”
Peşəkar gülçülər gülçülüyə dəyən ən böyük zərbəni də 20 Yanvar faciəsi ilə bağlayırlar. Bu böyük faciədən sonra matəm gülünə çevrilən qərənfili indi ancaq məzar üstünə qoymaq üçün alırlar. Bu da onun alışını tamamilə azaldıb və qərənfil əkib-becərməyə marağın azalmasına səbəb olub.
Çoxillik qərənfilin Avropa, Asiya, Afrika ölkələrində təxminən 300, Azərbaycanda 26 növü mövcuddur. Mənbələrə görə, dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. Qərənfilin becərilməsi çoxlu çətinliklərlə bağlıdır. Qərənfil aprelin 20-dən iyulun axırına qədər əkilir və təxminən sentyabrın 20-dək dərilir. Hardasa qərənfilin əkildiyi yerdə minimum +12 dərəcə temperatur olmalıdır. Gülçülüklə məşğul olanlar əkdikləri bitkinin normal inkişaf edə bilməsi üçün müxtəlif gübrələrdən istifadə edir. Belə ki, bu cür təsərrüfatlarda duz dərmanı, smer, fundazol, B 58, mikroelementlər və digər gübrələr daha çox işlənir. Bundan başqa, xal üçün “bravo” dərmanından istifadə olunur. “Antroxov”, “stroqi” dərmanları da vacib sayılır. “Stroqi” istifadə olunmasa, güldə pas kimi ləkə olur. Bundan başqa, qərənfilin becərilməsində bir sıra müvafiq dərmanlardan da istifadə olunur. Şitil əkiləndə hər şitilin arasında 20-15-10 santimetr məsafə qoyulur. Əgər oradan çiling yığılacaqsa, arada 20 santimetr, gül yığılacaqsa, 10 santimetr məsafə kifayətdir. Gül qalxdıqca, kvadrat formada sapların arasına alınır. Hər qönçə bir kvadratdan çıxarılır. Hardasa bir qönçə boy atana qədər 3-4 dəfə kvadrata alınır ki, o əyilməsin. Bu gül çox zəhmət tələb edən sahədir.
Vaxtilə gülçülüklə məşğul olan Zakir Həsənov deyir ki, Bakı kəndlərinin qərənfilləri keçmiş SSRİ məkanında da çox məşhur idi. Bəzi gülçülər o dövrlər bir mövsümdə 50-60 min gül satdıqlarını da söyləyirdilər. Sovetlər dağıldıqdan, dünyaya yollar açıldıqdan sonra gülün də bazarı bağlandı.
“Bizim güllər keyfiyyətinə, qoxusuna görə İsrail, İspaniya və Türkiyə güllərindən çox yaxşıdır. Bizim qızılgül tez solsa da xaricdən alınan qızılgüldən qoxusuna görə fərqlənir. Oradan gətirilən güllərin qoxusu olmur. Sadəcə olaraq, onlar gec solur, hətta bir ay təravətli qala bilir. Vaxtilə Azərbaycanda zanbaq yetişdirilərdi. Amma indi onu Hollandiyadan alıb gətirirlər. Adını da “liliya” qoyublar. Birini 5-6 manata satırlar. Bakı kəndlərindəki istixanalarda qızılgül, xrizantem, kala yetişdirilir. Yaxşı olardı ki, bu gülləri bizdən alaydılar. Onda bizim də işimiz olardı. Bunun yerli biznesə də xeyri dəyərdi. Bizdə yetişdirilən nərgizgülü heç yerdə bitmir. Hətta türklər öz ölkələrində yetişdirməyə cəhd edib, ancaq bitməyib. Nərgizgülünün vətəni Azərbaycandır, bizim torpaqdan başqa heç yerdə bitmir. Hətta rəvayətə görə, bir vaxtlar bu gülü peyğəmbərə hədiyyə ediblər. Nərgizgülü yalnız martda açır”.
Gülçülüyün üzündə güllər açacaq
Bakıda vaxtilə gülçülükdən böyük qazanc götürən insanlar bu problemin həllini kəndlərə verilən su, işıq və qaz probleminin həlli, gülçülərə kredit verilməsində görürlər. Onlar inanırlar ki, bu sahəyə sərmayə yatırılsa, ölkədə rəngarəng güllər yetişdirmək, hətta MDB-ni də güllə tam təmin etmək olar.
Bilgəhin sakinləri də Türkiyə, İran, Hollandiya və Ekvadordan gətirilən zanbaq, səhləb çiçəyi, zanbaq, çobanyastığı, qızılgül kimi güllərin Azərbaycanda da yetişdirilməsini mümkün sayır. Onların sözlərinə görə, problemlər üzündən gülçülük təsərrüfatının çökməsi Avropadan gətirilən güllərin bazarı tutmasına səbəb olub. İndi bu, əhaliyə həm ucuz, həm də sərfəlidir. Azərbaycan gülünün isə həmişə həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir.
Qeyd edək ki, hökumət gülçülüyü bərpa etmək məqsədilə ötən il bunun üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2,5 mln. manat ayrılıb.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nda qarşıya qoyulmuş vəzifələrdən olan gülçülüyün inkişafı məqsədilə məhsuldar gül plantasiyalarının salınması, müasir texnologiyaların tətbiqi ilə gül yağı və güldən hazırlanan digər məhsulların istehsalı müəssisələrinin yaradılması və ya yenidən qurulması istiqamətləri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna da başlayıb.
Millət vəkili Eldar Quliyev də gülçülük sovxozlarının məhv edildiyindən gileylənir. Onun dediyinə görə, vaxtilə Nardaran, Maştağa, Bilgəh, Xəzər rayonunun bir hissəsində, Şüvəlan və Mərdəkanda yerləşən gülçülük sovxozlarından əsər əlamət qalmayıb. İndi həmin sovxozlar bölünüb:
“Özəlləşdirmə aparılandan sonra sovxozlar özəl sektorlara verildi. İndi həmin ərazilərdə bir dənə də olsun gül əkilmir. Həmin təsərrüfatların yerində istixanalar fəaliyyət göstərir ki, orada da pomidor, xiyar əkilir. Bu məhsullar isə həm ölkə daxilindəki bazarları, həm də xarici bazarları məhsulla təmin edir”.
Gülçülükdən gələn gəlirin, sovet hökuməti dövründə Bakı kəndlərinin gəlirində önəmli yer tutduğunu deyən iqtisadçı-deputat Əli Məsimlinin sözlərinə görə, həmin vaxtlar Bakı əsasən Moskvanı və qismən də SSRİ-nin bir sıra şəhərlərini güllə təmin edirdi: “Həmin sahədən gələn gəlirlərin rəsmi statistikada öz əksini tapan rəqəmləri real məbləğdən çox aşağı idi. Bəzən belə bir rəqəm işlədilirdi ki, Azərbaycanlılar hər il güldən yarım milyard dollar gəlir götürür. O dövrün kursu ilə bu çox fantastik məbləğ idi. Həmin sahə əvvəlki səviyyədə yaxın perspektivdə bərpa olunmasına inamım azdır. Çünki o vaxt sovet məkanı bazarı bir növ qapalı bazar idi və Azərbaycan gülləri rəqabət görmədən maneəsiz o bazarda dominant rol oynayırdı. İndi həmin bazar açıqdır, rəqabət var. Hollandiyadan və digər ölkələrdən gələn güllər hesabına həmin bazarın xeyli hissəsi artıq tutulub. Həmin sahəni yenidən bərpa etməkdən ötrü xeyli əlavə sərmayəyə, dövlət dəstəyinə və s. ehtiyac var. Bu şərtlər reallaşsa, bazarda mövqe tutmaq və genişlənməkdən ötrü, istehsal edilən güllərin keyfiyyəti və çeşidi həmin bazarın yeni, müasir tələblərinə uyğun olmalı, qiymətlər isə məqbul səviyyədə olmalıdır ki, alıcı Azərbaycan gülünə üstünlük versin. Bu şərtlər daxilində güldən yenə də böyük məbləğdə gəlir götürmək olar”.
Gültəkin Ələsgər