Modern.az

Bakı qərbdə, Bişkek şərqdə əsas mərkəzə çevrilməlidir - Sabiq səfirlə MÜSAHİBƏ

Bakı qərbdə, Bişkek şərqdə əsas mərkəzə çevrilməlidir - Sabiq səfirlə MÜSAHİBƏ

Müsahibə

1 Sentyabr 2026, 12:30

Prezident İlham Əliyevin Qırğızıstana səfəri rəsmi Bakı ilə Bişkek arasında münasibətlərin yeni mərhələyə keçdiyi, Azərbaycanın Mərkəzi Asiya ilə siyasi və iqtisadi əlaqələrinin daha sistemli xarakter aldığı bir dövrə təsadüf edir.

Modern.az saytı Qırğızıstanın Azərbaycandakı sabiq səfiri Kayrat Osmonəliyevlə həmsöhbət olub. Müsahibə zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı səviyyəsi, Orta Dəhlizin perspektivləri, Azərbaycanın Mərkəzi Asiya üzrə siyasəti, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın gələcəyi məsələlərinə toxunulub.

-    Cənab Osmonəliyev, Azərbaycan Prezidenti İlham Əliyev yenidən Qırğızıstandadır. Onun hazırkı səfərini Bakı-Bişkek münasibətlərinin müasir mərhələsi baxımından necə qiymətləndirirsiniz? Son illərdə ikitərəfli münasibətlərin məzmununda baş verən əsas dəyişiklik nədən ibarətdir?

-    Hesab edirəm ki, Prezident İlham Əliyevin Qırğızıstana hazırkı səfəri həm rəmzi, eləcə də praktiki baxımdan çox əhəmiyyətlidir. Bu gün həmin səfəri artıq ayrıca hadisə kimi deyil, son aylarda baş verən proseslərin ümumi kontekstində qiymətləndirmək mümkündür. 2026-cı il avqustun 31-də Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğızıstana gəlib. Bu, xüsusilə ona görə vacibdir ki, Azərbaycan Mərkəzi Asiyada və onun ətrafında gedən siyasi proseslərə getdikcə daha fəal şəkildə qoşulur. Azərbaycan liderinin ŞƏT çərçivəsində Bişkekdə iştirakı Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz məkanlarının bu gün nə dərəcədə sıx şəkildə bir-biri ilə əlaqələndiyini göstərir.

 

Lakin birbaşa Qırğızıstan-Azərbaycan münasibətlərindən danışsaq, onların hazırkı vəziyyətini ilk növbədə, İlham Əliyevin bu il iyulun 30-31-də Qırğızıstana etdiyi tarixi dövlət səfəri müəyyənləşdirir. Niyə mən bu səfəri tarixi adlandırıram? Çünki iyulun 31-də prezidentlər Sadır Japarov və İlham Əliyev Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladılar. Bununla da münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi.

Eyni zamanda energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə tənzimlənməsi və digər istiqamətləri əhatə edən geniş sənədlər paketi imzalandı. Bu, artıq sadəcə diplomatik dostluq və hətta yalnız strateji tərəfdaşlıq deyil. Söhbət münasibətlərin müttəfiqlik modelinə keçidindən gedir. Məncə, əsas dəyişiklik bundan ibarətdir: Bişkeklə Bakı arasındakı siyasi etimad iqtisadi, infrastruktur və institusional layihələrə çevrilməyə başlayır. Bu gün ən vacib məqam da məhz budur. Beynəlxalq münasibətlərdə deklarasiya imzalamaq çox asandır. Onilliklər boyu işləyəcək institutlar, fondlar, nəqliyyat marşrutları, birgə müəssisələr, təhsil proqramları və hüquqi mexanizmlər yaratmaq isə daha çətindir. Qırğızıstan və Azərbaycan hazırda məhz bu mərhələyə yaxınlaşır.

“Azərbaycan Xəzər vasitəsilə ən mühüm qərb qovşaqlarından birinə çevrilə bilər”

-    Siz uzun müddət Qırğızıstanı Azərbaycanda səfir kimi təmsil etmisiniz və bu ölkənin siyasi mühitini yaxından tanıyırsınız. Bu gün Qırğızıstanda Azərbaycana və Prezident İlham Əliyevin regional siyasətinə münasibət necədir?

-    Bu gün Qırğızıstanda Azərbaycan bir neçə il əvvəlkindən tamamilə fərqli şəkildə qəbul olunur. Əvvəllər qarşılıqlı marağın əsasını tarixi qohumluq, mədəni yaxınlıq və Türk dünyasına mənsubiyyət təşkil edirdi. Bütün bunlar öz əhəmiyyətini qoruyur. Lakin buna yeni bir komponent - praqmatik geosiyasət də əlavə olunub. Qırğızıstan Azərbaycanı Cənubi Qafqazda ciddi siyasi çəkiyə, Xəzər dənizinə strateji çıxışa, inkişaf etmiş nəqliyyat infrastrukturuna və Mərkəzi Asiyanın maraqlarını qərb istiqamətində irəli aparmaq imkanlarına malik dövlət kimi görür.

Bununla yanaşı, Azərbaycan ilk növbədə, öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürütmək qabiliyyətini nümayiş etdirir. Mən 2021-2024-cü illərdə Azərbaycanda çalışmış və bu prosesləri bilavasitə müşahidə etmək imkanına malik olmuşam. Buna görə deyə bilərəm ki, Azərbaycan xarici siyasətinin əsas xüsusiyyətlərindən biri praqmatizmin, strateji planlaşdırmanın və ölkənin coğrafi mövqeyindən fəal istifadənin uzlaşdırılmasıdır. Bu təcrübə hazırda Mərkəzi Asiya üçün də maraq doğurur.

Eyni zamanda, Mərkəzi Asiyada hansısa “Azərbaycan təsiri”ndən mənfi mənada danışmağı düzgün hesab etmirəm. Daha dəqiq ifadə maraqların qarşılıqlı tamamlanmasıdır. Azərbaycanın Mərkəzi Asiya ilə dayanıqlı əlaqələrə ehtiyacı var. Mərkəzi Asiyaya isə Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış lazımdır. Burada təbii geoiqtisadi bağlılıq meydana çıxır. Xüsusilə vacib məqam odur ki, iyulun 31-də Çolpon-Atada təkcə ikitərəfli görüş deyil, Azərbaycan və Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi görüşü də keçirildi. Görüşdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderləri iştirak etdilər. Təkcə bu formatın özü yeni regional coğrafiyanın formalaşdığını göstərir.

-    Azərbaycan Prezidenti Qırğızıstana Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün gəlib. Azərbaycanın ŞƏT çərçivəsində fəallığının artması ölkənin Mərkəzi Asiya siyasətində hansı yeni imkanları yarada bilər?

-    Burada fundamental bir məqama diqqət yetirmək istərdim. ŞƏT tədricən Avrasiyada siyasi dialoqun ən mühüm platformalarından birinə çevrilir. Azərbaycan hələ təşkilatın tamhüquqlu üzvü olmasa da, ŞƏT tədbirlərində iştirakı Bakıya eyni vaxtda bir neçə əsas güc mərkəzi ilə əlaqələri genişləndirmək imkanı verir. Azərbaycan üçün bu, Mərkəzi Asiya, Çin, Rusiya, Hindistan, İran və digər dövlətlərlə paralel şəkildə işləmək imkanıdır. Lakin burada Qırğızıstan üçün də mühüm imkan var. Bişkek sədr ölkə statusundan istifadə edərək Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən gündəliyi irəli apara bilər. Məhz nəqliyyat belə birləşdirici mövzuya çevrilə bilər. Bu gün Orta Dəhlizdən getdikcə daha çox danışırıq. Ancaq başa düşmək lazımdır ki, Orta Dəhliz yalnız bir dəmir yolu və ya bir marşrut deyil. Bu, bütöv nəqliyyat əlaqələri sistemidir.

Əgər Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bu sistemin şərq həlqəsinə çevrilərsə, Azərbaycan Xəzər dənizi vasitəsilə onun ən mühüm qərb qovşaqlarından biri ola bilər. Buna görə mən perspektivli geoiqtisadi oxu belə görürəm: Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan/Xəzər - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa. Bu, artıq sadəcə nəqliyyat sxemi deyil. Bu, XXI əsrin potensial iqtisadi dəhlizidir. Onun əhəmiyyəti Qırğızıstan və Azərbaycanın sərhədlərini çox-çox aşır.

-    Siz Orta Dəhlizi qeyd etdiniz. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Transxəzər marşrutu ilə əlaqələndirilməsi nə dərəcədə realdır?

-    Hesab edirəm ki, bu, bütün Avrasiya geoiqtisadiyyatının ən perspektivli layihələrindən biridir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə ötən il başlanılıb. Layihə Çini Qırğızıstan ərazisindən keçməklə Özbəkistanla birləşdirməli və yükdaşımalar üçün yeni istiqamət yaratmalıdır. Lakin bu dəmir yolunun strateji dəyəri təkcə Çin, Qırğızıstan və Özbəkistan arasında nə qədər yük daşıyacağı ilə müəyyən edilmir. Onun həqiqi əhəmiyyəti Mərkəzi Asiyanı daha geniş Şərq-Qərb nəqliyyat kommunikasiyaları sisteminə inteqrasiya etmək imkanındadır. Azərbaycan artıq bu infrastrukturun əsas elementlərinə malikdir: Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər vasitəsilə Mərkəzi Asiyaya çıxış. Azərbaycan tərəfinin məlumatına əsasən, 2024-cü ildə Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə 300 blok-qatar yola salınıb, Çindən konteyner daşımalarının həcmi isə 27 min TEU-ya - iyirmi futluq ekvivalent vahidə çatıb.

2025-ci ildə Özbəkistanın Orta Dəhliz üzrə yükdaşımalarının həcmi təxminən 1,2-1,3 milyon ton təşkil edib. 2026-cı ilin birinci rübündə isə Özbəkistanla Azərbaycan arasında daşımalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıb. Bu, artıq nəzəri perspektivdən deyil, real prosesdən danışdığımızı göstərir. Ancaq burada ciddi problem var: infrastruktur vahid tariflər, rəqəmsal sənədlər, razılaşdırılmış gömrük prosedurları və dəmir yolu administrasiyalarının fəaliyyətinin sinxronlaşdırılması ilə müşayiət olunmalıdır.

2024-cü ildə Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Tacikistanın dəmir yolu administrasiyalarının iştirakı ilə “Avrasiya nəqliyyat marşrutu” Assosiasiyası yaradılıb. Bu, marşrutun institusionallaşdırılması istiqamətində mühüm addımdır. Buna görə proqnozum belədir: Çin-Qırğızıstan-Özbəkistan dəmir yoluna Qırğızıstanın milli infrastruktur layihəsi kimi deyil, transavrasiya nəqliyyat arxitekturasının bir hissəsi kimi baxılmalıdır. Burada Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət qazanır.

-    Azərbaycanla Qırğızıstan arasında siyasi münasibətlərin səviyyəsi hazırda çox yüksəkdir. İqtisadi əməkdaşlıq siyasi dinamika ilə ayaqlaşa bilirmi?

-    Burada mən həm nikbin, həm də tənqidi mövqedəyəm. Nikbinəm ona görə ki, iqtisadi göstəricilər həqiqətən artır. 2025-ci ilin yekununda ikitərəfli ticarət dövriyyəsi 77 milyon dolları ötüb. Azərbaycan məhsullarının Qırğızıstana ixracı isə 2026-cı ilin ilk yeddi ayında illik müqayisədə təxminən dörd dəfə artıb.

Bununla belə, həm də tənqidi yanaşıram, çünki bu qədər yüksək siyasi münasibətlərə malik iki dövlət üçün həmin göstəricilər hələ də kifayət deyil. Biz ticarətdən birgə istehsala keçməliyik. Məhz buna görə 2026-cı ilin iyulunda qəbul edilən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması qərarını son dərəcə vacib hesab edirəm. Bu, prinsipial əhəmiyyət daşıyan alətdir. Əgər həmin vəsaitlər əsasən real layihələrə - birgə müəssisələrə, emala, turizmə, energetikaya, logistikaya, kənd təsərrüfatına, tikinti materialları istehsalına və rəqəmsal layihələrə yönəldilərsə, münasibətlərimizin iqtisadi strukturu keyfiyyətcə dəyişə bilər. İyul səfəri zamanı üç birgə layihənin açılması və daha səkkiz təşəbbüsün həyata keçirilməsinə başlanılması da çox göstəricidir. Bu, məhz qeyd etdiyim keçiddir: deklarasiya diplomatiyasından layihələr diplomatiyasına keçid. 

“İssık-Kuldakı "Bakı" hoteli iqtisadi diplomatiyanın görünən nümunəsidir”

-    Azərbaycan investisiyaları üçün Qırğızıstanda hansı sahələri daha perspektivli hesab edirsiniz?

-    Mən altı istiqaməti qeyd edərdim. Birincisi turizm, ikincisi hidroenergetika və bərpaolunan enerji, üçüncüsü kənd təsərrüfatı və emal sənayesi, dördüncüsü nəqliyyat və logistika, beşincisi rəqəmsal iqtisadiyyat, altıncısı isə təhsil və insan kapitalıdır. Azərbaycanın iştirakı ilə İssık-Kulda beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi xüsusilə rəmzi hadisə oldu. Bu, artıq sadəcə investisiya obyekti deyil. Bu, iqtisadi diplomatiyanın əhali üçün görünən formaya çevrilməsinin nümunəsidir.

Ancaq mən əminəm ki, növbəti mərhələdə daha irimiqyaslı layihələr həyata keçirilməlidir. Məsələn, Qırğızıstan böyük hidroenergetika potensialına malikdir. Azərbaycan isə öz növbəsində “yaşıl enerji” istiqamətini fəal şəkildə inkişaf etdirir. Burada birgə layihələr və texnologiya mübadiləsi üçün imkanlar mövcuddur. Bundan başqa, birgə turizm məhsulları yaratmaq olar. Məsələn, İssık-Kul, Bişkek, Səmərqənd, Bakı, Şəki və Türk dünyasının digər tarixi-mədəni mərkəzlərini birləşdirən turizm marşrutu formalaşdırıla bilər. Bu, eyni zamanda həm iqtisadi, həm də humanitar layihə olardı.

-    Qırğızıstanla Azərbaycan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-    Bu, şübhəsiz ki, tarixi sənəddir. Ancaq vurğulamaq istərdim ki, müttəfiqlik münasibətləri sadəcə diplomatik terminologiyada daha gözəl səslənən anlayış deyil. Müttəfiqlik məsuliyyət deməkdir. Əgər Qırğızıstanla Azərbaycanın müttəfiqliyindən danışırıqsa, bu münasibətlər tədricən dörd istiqamətdə konkret məzmun qazanmalıdır. Birincisi siyasi istiqamətdir. Ölkələr BMT, ŞƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq strukturlarda mövqelərin koordinasiyasını davam etdirməlidirlər. İkincisi iqtisadi istiqamətdir. Qarşılıqlı ticarətin həcmini və xüsusilə birgə müəssisələrin sayını artırmaq lazımdır. Üçüncüsü infrastruktur istiqamətidir. Orta Dəhlizin potensialından maksimum istifadə olunmalıdır. Dördüncüsü humanitar istiqamətdir. Universitetlər, tədqiqat mərkəzləri, gənclər və mədəniyyət müəssisələri arasında davamlı əlaqələr yaradılmalıdır. Əgər bu dörd istiqamət eyni vaxtda işləsə, müttəfiqlik münasibətləri real məzmun qazanacaq.

-    Türk Dövlətləri Təşkilatı burada hansı yeri tutur?

-    Çox böyük. Hesab edirəm ki, məhz indi Türk Dövlətləri Təşkilatı əsasən deklarativ modeldən praktiki inteqrasiya modelinə keçməlidir. Türk dünyası artıq çox böyük insan, iqtisadi və coğrafi potensiala malikdir. Ancaq bu potensialı konkret layihələrə çevirməyə imkan verən institutlar çatışmır. Qırğızıstan və Azərbaycan burada xüsusi rol oynaya bilər. Azərbaycan Xəzərdəki mövqeyi, Qafqaz, Türkiyə və Avropaya çıxış imkanları sayəsində, Qırğızıstan isə Mərkəzi Asiyadakı mövqeyi və Çinlə qonşuluğu sayəsində bu prosesdə mühüm rol oynaya bilər. Buna görə gələcək türk nəqliyyat-iqtisadi məkanının iki dayaq nöqtəsindən şərti olaraq danışmaq olar: şərqdə Bişkek, qərbdə Bakı. Onların arasında nəqliyyat, investisiya, təhsil və rəqəmsal əlaqələr şəbəkəsi işləməlidir. Mən həmçinin türk inteqrasiyasının parlament ölçüsünün gücləndirilməsini perspektivli hesab edirəm. Parlamentlər qanunvericiliyin uyğunlaşdırılması, investisiyaların, nəqliyyatın, rəqəmsal iqtisadiyyatın və transsərhəd əməkdaşlığın tənzimlənməsində daha böyük rol oynaya bilərlər.

“Universitetlərimiz Türk dünyasının yeni intellektual kimliyini formalaşdıra bilər”

-    Sizin hazırkı fəaliyyətiniz Qırğız Milli Universitetində türk irsi ilə bağlıdır. Bakı ilə Bişkek arasındakı siyasi yaxınlaşma elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa nə dərəcədə təsir edir?

-    Burada çox böyük ehtiyatımız var. Siyasi münasibətlər həqiqətən də elmi və təhsil əlaqələrindən daha sürətlə inkişaf edir. Hesab edirəm ki, bunu dəyişmək lazımdır. Türk irsini yalnız muzey ekspozisiyalarında və ya elmi monoqrafiyalarda qorumaq olmaz. Onu müasir intellektual resursa çevirmək lazımdır. Mən bir neçə konkret layihə görürəm. Nümunə olaraq, tarixçiləri, hüquqşünasları, arxeoloqları, filoloqları və rəqəmsal texnologiyalar üzrə mütəxəssisləri birləşdirən Qırğızıstan-Azərbaycan Türk İrsi Elmi Mərkəzi yaradıla bilər.

Digər istiqamətlər birgə magistr proqramları, akademik mübadilə, türk irsinin rəqəmsal arxivinin yaradılması, tarixi mənbələrin, dillərin, əlyazmaların, eposların və şifahi irsin qorunması və təbliği üçün süni intellektdən istifadə ola bilər. Bu, Qırğızıstan üçün xüsusilə vacibdir. “Manas”, Çingiz Aytmatovun irsi, Böyük İpək Yolunun tarixi yalnız milli sərvət deyil. Bunlar daha geniş mədəni məkanın bir hissəsidir. Azərbaycan da heç də az zəngin olmayan irsə malikdir. Buna görə universitetlərimiz təkcə keçmişin öyrənilməsi üçün deyil, həm də Türk dünyasının yeni intellektual kimliyinin formalaşdırılması üçün platformalara çevrilə bilər. Ancaq qeyd etdiyim layihələrin həyata keçirilməsi maliyyələşmə məsələsinə bağlıdır. Azərbaycan bu istiqamətdə əsas rol oynaya bilər.

-    “Mərkəzi Asiya + Azərbaycan” adlı yeni formatın formalaşmasından danışmaq olarmı?

-    Şübhəsiz. Hesab edirəm ki, bu, son illərin ən maraqlı geosiyasi proseslərindən biridir. Burada söhbət yeni beynəlxalq təşkilatın yaradılmasından getmir. Daha çox tədricən institusionallaşan əməkdaşlıq məkanı formalaşır. Bu yaxınlarda, iyulun 31-də Çolpon-Atada Mərkəzi Asiya dövlətləri və Azərbaycan liderlərinin görüşü keçirildi. Prezident İlham Əliyev həmin vaxt Mərkəzi Asiya ilə münasibətlərin Azərbaycanın xarici siyasəti üçün prioritet xarakter daşıdığını vurğuladı. O, qarşılıqlı səfərlərin intensivliyini də qeyd etdi: 2023-cü ilin əvvəlindən etibarən Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib, Mərkəzi Asiya dövlətlərinin liderləri isə Azərbaycana 26 səfər həyata keçiriblər. Bu, artıq münasibətlərin sistemli xarakter aldığının göstəricisidir. Bundan əlavə, 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının görüşləri formatında tamhüquqlu iştirak əldə edib. Beləliklə, yeni geosiyasi qövs meydana çıxır: Mərkəzi Asiya - Xəzər - Cənubi Qafqaz. Qırğızıstan da onun formalaşmasında fəal iştirak etməlidir.

“Bişkek şərq mərkəzlərindən birinə, Bakı isə qərb mərkəzlərindən birinə çevrilməlidir”

-     Azərbaycan-Qırğızıstan münasibətlərinə həm sabiq səfir, həm də alim mövqeyindən yanaşsaq, sizcə, qarşıdakı 5-10 ildə bu münasibətlər hansı səviyyəyə yüksələ bilər?

-    Hesab edirəm ki, qarşıdakı on il ərzində münasibətlərimiz siyasi müttəfiqlikdən tammiqyaslı, çoxşaxəli müttəfiqlik və strateji tərəfdaşlıq modelinə keçə bilər. Mən burada yeddi əsas dayağı görürəm. Birincisi nəqliyyatdır. Əsas vəzifə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunu Orta Dəhlizin daha geniş sisteminə inteqrasiya etməkdir. İkincisi investisiyalardır. 200 milyon dollarlıq fond sadəcə maliyyə mexanizmi deyil, real investisiya mühərrikinə çevrilməlidir. Üçüncüsü energetikadır. Xüsusilə Qırğızıstanın hidroenergetika imkanları və bərpaolunan enerji sahəsi. Dördüncüsü turizmdir. İssık-Kul və Xəzər türk məkanının bir-birini tamamlayan iki turizm mərkəzinə çevrilə bilər.

Bu yaxınlarda ölkələrimizin prezidentləri İssık-Kulda ilk beşulduzlu “Bakı” hotelini açdılar. 2021-ci ildə Azərbaycan Prezidenti ilə görüşümdə ilk dəfə səsləndirdiyim belə bir hotelin yaradılması ideyasının artıq reallaşmasına çox şadam.
Beşincisi rəqəmsal iqtisadiyyatdır. Burada süni intellekt, elektron ticarət, rəqəmsal nəqliyyat sənədləri və kibertəhlükəsizlik sahəsində birgə layihələr inkişaf etdirilməlidir. Altıncısı təhsil və elmdir. Universitetlər və tədqiqat mərkəzlərindən ibarət daimi şəbəkəyə ehtiyacımız var. Yeddincisi təhlükəsizlik və hüquqdur. Transmilli cinayətkarlığın, kibertəhdidlərin və yeni iqtisadi risklərin artdığı şəraitdə hüquqi əməkdaşlığı, təcrübə mübadiləsini və mütəxəssis hazırlığını inkişaf etdirmək lazımdır.

Amma burada daha fundamental bir sual da var: Biz əslində nə qurmaq istəyirik? Əgər ölkələrimiz yalnız səfərlərin və imzalanan sənədlərin sayını artırmaqla kifayətlənsələr, bu, yetərli olmayacaq. Biz əməkdaşlığın yeni modelini yaratmalıyıq. Mən bunu belə ifadə edərdim: Bişkek türk və Mərkəzi Asiya məkanının şərq mərkəzlərindən birinə, Bakı isə bu məkanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən qərb mərkəzlərindən birinə çevrilməlidir. Məhz burada tarixi imkan yaranır. Qırğızıstan Çinin yaxınlığında və Mərkəzi Asiyanın mərkəzində yerləşir. Azərbaycan isə Xəzərin sahilindədir və Mərkəzi Asiya ilə Qafqaz arasında təbii körpü rolunu oynayır.

Bu iki coğrafi nöqtə arasında yalnız mallar daşınmamalıdır. Buradan investisiyalar, texnologiyalar, biliklər, mədəni layihələr, rəqəmsal xidmətlər və yeni nəqliyyat marşrutları keçə bilər. Və ən vacibi, yeni siyasi ideyalar da bu məkan boyunca hərəkət edə bilər. Buna görə əminəm ki, Qırğızıstan-Azərbaycan müttəfiqliyinin əhəmiyyəti sadəcə ikitərəfli münasibətlərdən daha böyükdür. O, Avrasiyada formalaşmaqda olan yeni arxitekturanın elementlərindən birinə çevrilə bilər.

Bu gün beynəlxalq münasibətlərin özü dəyişir. Dövlətlər artıq bir nəqliyyat marşrutundan, bir bazardan və ya bir güc mərkəzindən asılı olmaq istəmirlər. Onlar əlaqələrini şaxələndirməyə çalışırlar. Məhz buna görə Orta Dəhlizin əhəmiyyəti artır. Məhz buna görə Xəzərin rolu yüksəlir. Məhz buna görə Mərkəzi Asiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət güclənir. Və məhz buna görə bugünkü Bişkek Avrasiyanın gələcəyinin müzakirə olunduğu mühüm platformaya çevrilir. Bu mənada İlham Əliyevin ŞƏT çərçivəsində Qırğızıstana hazırkı səfəri sadəcə növbəti beynəlxalq səfər deyil. Bu səfər Qırğızıstanın ŞƏT-ə sədrlik etdiyi, Avrasiyanın ən böyük dövlətlərinin liderlərini qəbul etdiyi və eyni zamanda Dünya Köçəri Oyunlarını keçirdiyi bir vaxta təsadüf edir.

Prezident İlham Əliyev avqustun 31-də Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılışında iştirak edib, tədbirlər çərçivəsində İran və Qazaxıstan liderləri ilə görüşüb, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Bu, çox göstərici məqamdır. Bişkek bu gün eyni zamanda Avrasiya siyasətinin, türk diplomatiyasının və mədəni diplomatiyanın platforması kimi çıxış edir. Azərbaycan isə bütün bu istiqamətlərdə iştirak edir. Buna görə mən tam əminliklə deyərdim: Qırğızıstanla Azərbaycan arasındakı münasibətlərə artıq yalnız iki qardaş dövlət arasındakı münasibətlər kimi baxmaq olmaz. Bu münasibətlər Avrasiyada yeni əlaqəlilik sisteminin formalaşmasının daha geniş prosesinin tərkib hissəsinə çevrilir.

Siyasətçilərin, diplomatların, biznesin və elmi ictimaiyyətin qarşısında duran vəzifə isə bu tarixi imkanın yalnız gözəl bəyanatlar səviyyəsində deyil, konkret layihələr vasitəsilə reallaşdırılmasını təmin etməkdir. Bizdə artıq siyasi etimad var. Müttəfiqlik müqaviləsi var. 200 milyon dollarlıq investisiya fondu var və onu bir milyard dollara qədər artırmaq lazımdır. Nəqliyyat perspektivi var. Türk Dövlətləri Təşkilatı var. ŞƏT var. Orta Dəhliz var. Güclü humanitar və türk birliyi təməli var. İndi növbəti addım lazımdır - işlək sistemin yaradılması. Əgər Qırğızıstan və Azərbaycan öz coğrafi üstünlüklərini, siyasi iradələrini, investisiya resurslarını və intellektual potensiallarını birləşdirə bilsələr, 5-10 ildən sonra artıq münasibətlərimizin potensialından deyil, formalaşmış strateji əməkdaşlıq modelindən danışacağıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...