Modern.az

Su obyektlərindən xüsusi istifadə ilə bağlı YENİ QAYDALAR

Su obyektlərindən xüsusi istifadə ilə bağlı YENİ QAYDALAR

Aktual

Bu gün, 12:34

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib.

Daha sonra Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq olunub.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Bu tələblər sahibkarlıq fəaliyyəti ilə məşğul olan və su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər.

Müraciət zamanı təqdim olunan sənədlər təhlil edilir və onların mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanılır. Həmçinin su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir və su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır.

Aparılan təhlil və qiymətləndirmələrin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Xidmətin məlumatına görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...