Modern.az

Səbrin tükəndiyi an

Səbrin tükəndiyi an

Ölkə

15 Fevral 2010, 10:08

Son zamanlarda milli mətbuatımızda milli və dini hisslərimizin təhqir olunması rekord həddə çatıb. Bir sıra “aparıcı” media orqanlarının “aparıcı” yazarlarını oxuduqca vallah özümü təhqir olunmuş hesab edirəm. Bizi inandırmağa çalışırlar ki, kökümüz vəhşi tayfalardan, dinimiz terror və qandan, mentalitetimiz xurafat və cəhalətdən ibarətdir. İsrarla təlqin edirlər ki, əlimizdə olan bütün milli-mədəni dəyərləri, ata-babamızdan qalma əxlaqi-mənəvi prinsipləri tamamilə atmalı və Qərbdən gələn nə varsa, hamısını tərəddüdsüz həzm etməliyik.

 

Həm də elə acgözlüklə təbliğat aparırlar ki, istər-istəməz insanın beyni qarışır. Xüsusilə aşıladıqları cılız psixologiya öz tarixindən, keçmişindən, milli-mənəvi dəyərlərindən, dinindən və millətindən xəbərsiz olan qruplar üzərində təsir yaradır. Bəzən çaş-baş qaldığım vaxtlarda atamın “Əşhədü ən la ilahə illəllah. Və Əşhədü ənnə Muhammədün rəsulallah”ı necə  sevə-sevə təkrarlaması, yaxud hansı şərəfli keçmişdən, fəxarətli ata-babalardan gəldiyimizi danışması gözlərim önünə gəlir və dayanıram.

 

Bu günlərdə yenə beynim qarışdı və bir az araşdırmaq istədim. Axı “aydınlarımızı” manqurta çevirib kökündən qoparan dəyərlər nə olan şeydir? Bu fikirlərlə “Avropa dəyərləri” yazıb axtarışa verdim və qarşıma çıxanlardan şaşırdım: “Azadlıq”, “Demokratiya”, “İnsan haqları”, “Firavan həyat”, “İdeal məkan”... Doğrudan da bütün bunların olduğu yer ideal imiş. 

İlk başdan Qərbin soyuq küləkləri burnuma “azad insan” ətrini gətirdi, məst olub gözlərimi qapadım. Getdikcə kralları taxtdan salıb qanunu taxta çıxaranların qələbə şüarlarını eşitdim. Gözübağlı addımladıqca saxta seçkilərin ayağım altında xırçıltısını hiss etdim, liberal dəyərlərin, bərabərliyin, firavanlığın xoş ətrini duydum.

 

Qəfildən burnum qıcıqlandı. Gözlərimi açıb uçurum gördüm. Uçurumun o tayında bir əlində demokratiya, digər əlində şüar tutmuş adama baxdım və çaşdım: “Stop İslam! Stop Türk!”. Avropanın hər bir ölkəsində rastlaşdığım bu yanaşma yeni idealımı da darmadağın etdi. Məhz türk-müsəlman olduğum üçün Almaniyada kölə edildim, Britaniyada təhqir olundum, Fransada təcavüzə məruz qaldım, İtaliyada terrora uğradım. 

“İdeal qitədə” Müsəlman-Şərq dəyərlərinin aşağılandığı gördükcə bir tərəfdən də sevinirdim ki, nə də olsa bizim siyasilər, deputatlar, ziyalılar milli heysiyyatımızın keşiyində əliqılınclı dayanıblar. Bu fikirdəykən gözümə “Avropaya inteqrasiya və mədəniyyət” başlıqlı yazı dəydi. Açarkən ötən həftə Demokratik İslahatlar Partiyasının (DİP) təşəbbüsü ilə sözügedən mövzuda keçirilən “dəyirmi masa”nın mətnilə rastladım. Sevincək mətni oxumağa başladım və inanın, şok oldum.

 

Tədbirdə çıxış edən DİP sədri, millət vəkili Asim Mollazadə Avroatlantik məkana inteqrasiya yolunda mədəniyyətin vacib amillərdən biri olduğunu və bu sahədə qarşımızda ciddi əngəllər dayandığını bildirib. Sən demə, Avropanın mədəni dəyərlərinə qovuşmaq yolunda “milli mentalitet” dediyimiz arxaik təfəkkür böyük maneə imiş. Bu tip “cılız” dəyərlərin, mədəniyyətin, mentalitetin dəyişməli olduğunu iddia edən Mollazadənin təbirincə, yeganə çıxış yolu Avropa dəyərlərinin qəbul edilməsidir.

 

Yox arkadaş, artıq bunlara “dur” deməyin vaxtı çatıb. Millətin gözündə siyasi səhnəcik qurub “müxalifətçilik” oynadılar – dinmədik. Köhnə silahdaşlarını yanlış siyasi əqidədə ittiham edib yeni “mübarizə yolu” seçdilər – “Eyvallah” dedik. Xalqın hüquqlarını mandata dəyişdilər – “Keçər” dedik. Bu torpaqların sərvətlərini sömürdülər – göz yumduq. İnsanımızı siyasi alətə çevirib qüruru ilə oynadılar – susduq. Amma artıq durun!

 

Bu millətə nə vermisiniz ki, onun sahib olduğu keçmişi, dəyərləri əlindən almağa çalışırsınız? İllərlə müxalifətdə olarkən sahib olduğunuz “Avropa dəyərləri” ilə xalqı irticanın pəncəsindən xilas edə bildinizmi? Qalxmaq istəmədiyiniz deputat qoltuğundan millətin hansı tapdanan hüququnu bərpa edə bildiniz? Avropa tribunalarından kimin haqq səsini çatdırdınız? Avropa dəyərlərinin təməlini təşkil edən bu hüquqları gözardı edib, hansı dəyərlərdən danışa bilərsiniz?

 

Bu yazıdan sonra tamamilə anti-Qərb mövqedə və bəlkə də hansısa müsəlman-Şərq ölkəsinin təsiri altında olmağım barədə fikirlər formalaşacaq. Amma əmin olun ki, mən tiraniyaya, cəhalətə, məddahlığa nifrət edirəm. Avropa dövlətlərinin öz vətəndaşları üçün yaratdığı sosial-siyasi bərabərliyə, azad cəmiyyətə, mülki və vicdan azadlığına, ədalətli hüquqi imkanlara pərəstiş edirəm. Kaş ki, bizdə də belə olaydı. O zaman mən də bir amerikalının “Çox xoşbəxtəm ki, Amerikada doğulmuşam” deyə qürrələndiyi kimi qürrələnərdim.

 

Amma sizlərin Qərbə özəndiyiniz dəyərlər bunlardırmı? Xeyr əfəndim. Bu gün eyni dalğanın cəmiyyətimizə sırımağa çalışdığı “dəyərlərə” baxaq: “postmodernizm” adı altında ata-anasını təhqir edən “müasir” gənclər, 18 yaşınaa bakirəliyə çatmayan qızlar, heyvani şəkildə açıq-saçıq geyim, “söz azadlığı” altında peyğəmbərlərin və müqəddəs hisslərin təhqir olunması, bəşərin təməli olan ailə münasibətlərinin dağıdılması, “topçu” və “popçu” qaraguruhun formalaşdırılması, milli mədəniyyət və ədəbiyyata düşmən münasibət, keçmişin üstündən cahilcə xətt çəkilməsi, cinsini dəyişən kişilər, kişiləşən qadınlar və bu biabırçılığın gecə-gündüz təbliği. Daha nələri sayım? Yazıqlar olsun!

 

O zaman sizin “arxaik təfəkkür” dediyinizə mən qeyrət deyirəm, kişi sözü deyirəm, qadın iffəti deyirəm, qız bakirəliyi deyirəm, valideyn ucalığı deyirəm, sarsılmaz ailə deyirəm, iman deyirəm, milli heysiyyat deyirəm. Daha hansı gözəllikləri demirəm.

 

Amma nə cılız “yazarları”, nə də gözübağlı siyasətçiləri qınayıram. Öz tarixini, ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini, dinini bilməyən insanlardan nə gözləmək olar ki? Bəyənmədiyiniz millətin yaratdığı bir ibrətamiz əfsanəni dinləyin o zaman:

 

Səhranın ortasında ağır xəstələnən kişi can yatağına düşür. Əlindən başqa bir şey gəlməyən dəvəsi isə ağzında su gətirərək onun susuzluğunu yatırmağa çalışır. Öləcəyini anlayan kişi dəvəni yanına çağırıb deyir: “Sənə çox zülm etmişəm, çox incitmişəm, haqqını çox yemişəm. Artıq ölürəm, haqqını mənə halal et”. Gözləri yaşaran dəvə dilə gəlir: “Sən mənim sahibimsən. Hər zülmünə, əzabına dözmüşəm, sənə hər zaman sadiq qalmışam və bütün bunları sənə halal edirəm. Amma bir dəfə ayağım burxulmuşdu, karvandan geri qalırdım. O vaxt sən mənim noxtamı bir eşşəyin quyruğuna bağladın. Bunu sənə heç vaxt bağışlamayacam”.

  Bu millətin başına çox oyun açdınız, çox avam yerinə qoydunuz, haqqını çox yediniz, zülm edib, zülmə şərik oldunuz, nəzarətinizdəki mətbu orqanlarda xalqın inancını təhqir etdiniz. Lakin dediyiniz mentalitetdəndir ki, millət hələ həya edir, etdiklərinizi bağışlayır və səbrlə doğru zamanı gözləyir. Bəlkə də bütün əməlləriniz unudulacaq. Amma bu millət öz ata-babasının söyülməsini, müqəddəs dəyərlərinin təhqir olunmasını, milli mənsubiyyətinin alçaldılmasını heç vaxt sizlərə bağışlamayacaq və qalxıb öz HAQQINI soracaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı