Modern.az saytı daha bir yeni rubrikaya start verir. Belə ki, elm, sənət və ədəbiyyat xadimlərinin fəaliyyətinə yönələcək yeni rubrikanın adı “İkinci peşə” adlanır. Burada yazıçı, şair və digərlərinin ikinici peşəsi ilə yanaşı, onların arxa planda qalan həyatı, eləcə də görünməyən tərəfləri oxuculara çatdırılacaq. İlk müsahibimiz isə tanınmış şair-publisist Tofiq Abdindir. Azərbaycan mediasına publisistikanı gətirən T.Abdinlə onun arxa planda qalan həyatı, ikinci peşəsi və həmin peşə ilə mütəmadi məşğul olan zaman başına gəlmiş maraqlı hadisələrdən danışdıq.
“İldə 5000 manat pul, yəni bir maşının pulun qazanırdım”
- 1976-cı ildə yazıçı Anarın köməyi ilə özümə “01” markalı bir “Jiquli” maşını aldım. O vaxt Anarın sürücüsü mənə maşın sürməyi öyrətdi və sonra da hərdən bir taksi kimi işləməyəmi də məsləhət gördü. O dövrdə yəqin ki, sovxoz-kolxozlara gedib pul qazanan şairlər var idi. Deyirdim ki, qardaş, mən bu işi bacarmıram. Amma Anarın sürücüsünün dediyi işi bacardım. Belə ki, hər gün səhər saat 7-də qalxırdım, işə gedənə kimi, yəni səhər 10-a, 11-ə kimi (o vaxt “Qobustan” jurnalında işləyirdim) taksiçiliklə məşğul olurdum. Əhmədli və Yasamal tərəfdə daha çox fırlanırdım. Gündəlik 5-10 manatımı qazanırdım. Yəni ildə bir maşının pulunu –5 min manat. O 5 min manatı xərcləmirdim. Qənaət məsələsinə gəncliyimdə həssas yanaşmışam. Hətta bəzən maşına götürdüyüm yaxın dostlarımdan da pul alırdım: Aslan Qəhrəmanlı, Kamil Vəliyev və başqaları. Deyirdim ki, bu maşına hər gün minirsiniz, heç olmasa bir dəfə pul verin. Bəs mən bu benzini nə ilə alım?
“Bir gün Əhmədlidən qayıdanda...”
- Əhmədli tərəfdən gəlirdim. Gördüm yolda bir qızla bir kişi dayanıb. Qız əl edib maşını saxlatdı. Amma hiss elədim ki, yanındakı adam məni görmür. Korlar Cəmiyyətinə getmək istədiklərini dedilər. Mən qızın yanında oturan adamı tanıdım. Kor bəstəkar idi. Çox təəssüf adı yadımda deyil. Bir səbəbə görə onunla danışmamağa çalışırdım, istəmirdim mənim kim olduğumu bilsin. Amma o, məni söhbətə tutdu. Və qəfildən məndən soruşdu: “Tofiq Abdin deyilsən ki?”. Tutuldum və etiraf etdim. Mən onu bir həftə bundan qabaq jurnalist kimi öz ”Melodiya” adlı radioproqramıma dəvət etmişdim. Pul götürmək istəmədim. Daha doğrusu, özümü elə göstərirdim ki, guya pul götürmək istəmirəm. Amma 7 manat verib düşdülər.
“Dayı, 5 dəqiqəyə qayıdıram...”
- Bir gün bir cavan oğlan maşınıma mindi. Çox yerlərə sürdürdü. Axırda gəlib “Beşmərtəbə” deyilən yerdə saxlatdırıb dedi: “Dayı, 5 dəqiqəyə bu binaya qalxım, qayıdıram”. Maşından düşdü, getdi. Mən də ağlıma gətirməzdim ki, bu məni aldada bilər. Nə isə 10 dəqiqə, 15, 20 dəqiqə gözlədim, gördüm gəlmir, çıxıb getdim. Sonralar də mənə o sözü deyən oldu. Amma mən düşməyinə icazə verirdim. Sadəcə özüm vaxtımı itirib gözləmirdim. Elə maşını sürüb gedirdim.
“İndi təmiz “zibilə” düşdüm...”
- Amma bir dəfə yenə də aldatdılar. Axşam çağı idi. İki mədəni cavan oğlan əllərində də iri bir bağlama maşınıma əyləşdilər. Yasamal tərəfə gedirdilər. Yenə bir binaya çatanda saxlamağı xahiş etdilər. Artıq təcrübəli idim. Amma ona arxayın idim ki, bunların burda iri bir yükü, bağlaması var. Məhz buna görə mütləq qayıdarlar. Yenə yarım saata qədər vaxt keçdi. Gördüm yox, bunlar gələnə oxşamır. Dedim, heç olmasa baxım görüm bunların torbasında nə var? Bir də baxıb nə görsəm yaxşıdır, evin zibilini çox səliqəli şəkildə torbaya yığıb maşına qoyublar. Onda dedim ki, mən əvvəllər də çox zibilə düşmüşəm. Amma bu dəfə deyəsən təmiz zibilə düşdüm.
“Yazıq Məmməd Oruc...”
- Belə hadisələr çox olurdu. Amma onu da deyim ki, məni yenə Bakı şəhərinin içində aldadırdılar. Çünki mən özüm də heç şəhərdən kənara çıxmazdım. Amma taksi sürən digər yazarımız Məmməd Orucu lap pis aldadıblar. Belə ki, yenə iki cavan oğlan onun maşınına oturub Şamaxıya sürdürüblər. Gecə vaxtı imiş. Bir kimsəsiz yerə çatanda deyiblər ki, dayı, saxla biz bir nəfərə əmanət çatdırıb qayıdırıq. O da ziyalı adam. Fırıldaq heç ağlına gəlməzdi. Düz iki saata yaxın gözləyib onları. Axırda görüb ki, gələn deyillər suyu süzülə-süzülə Şamaxıdan Bakıya qayıdıb.
“Sən demə, Fərman Kərimzadə də...”
- Maddi durumun zəifliyindən bizim başqa ədəbiyyat adamlarımız da taksi sürürdülər. Tanınmış və ciddi xarakterli yazıçımız olan Fərman Kərimzadə də mənim kimi əlaltdan pul qazanırdı. Yazarlar aralarında danışırdılar ki, əşi, necə olur e, Fərman müəllim kimi ağır adam da bu işlə məşğul olur? Həmişə deyirdim ki, axı bunun, təmiz zəhmətlə pul qazanmağın nəyi pisdir?..
Bir gün Fərman Kərimzadə yenə iş başında olur. Lakin cibində bir qəpik də pul yox imiş. Bir cavan oğlan maşına əyləşir və deyir ki, stadiona sür. Mənzil başına çatanda oğlan çıxarıb bir “beşlik” verir. Gediş haqqı isə 3 manat olur. Fərman müəllimdə heç bir qəpik olmadığına görə deyir ki, bala, apar xırdala gətir. Oğlan isə qayıdıb deyir: “Fərman müəllim, lazım deyil”. Deyilənə görə, onda Fərman Kərimzadə çox kövrəlibmiş.
“Vaqif Səmədoğludan 20 manat çırpışdırmışam”
- Vaqif Səmədoğlunu rayonlara tez-tez dəvət edirdilər. O da elə şeyləri sevən bir insan idi. Maşınım olduğuna görə məni də özü ilə götürərdi. Həm onun maşın məsələsi düzələrdi, həm də mən istirahət edərdim. Özü də həmişə deyərdi ki, “Tofiq darıxma, qazancın olacaq, gəl gedək”. Onu getdiyi yerlərdə böyük hörmətlə qarşılayırdılar. Böyük qonaqlıqlar öz yerində, hətta yüksək vəzifəli adamlar onun cibinə pul da salırdılar. Sağ olsun, cibinə 100 manat salanda, 50-sini mənə verirdi. Bir dəfə həmişəki kimi sərxoş olan Vaqifin cibinə 100 manat pul saldılar. Möhkəm içkili idi. Dedim, xəbəri olmaz, 100 manatın 20-sini götürüb qalanını Vaqifin cibinə qoydum ki, sonra onun da yarısını alaram. Bir də gördüm Vaqif deyir: “Tofiq, bəs cibimdə 100 manat olmalı idi axı”. Mən də cavab verdim ki “ay Vaqif, nə veriblər odur da...”.
Elmin Nuri