Modern.az

Avrasiya coğrafiyasında türk kimliyi sivilizasiyalararası dialoqun güclənməsinə xidmət edir

Avrasiya coğrafiyasında türk kimliyi sivilizasiyalararası dialoqun güclənməsinə xidmət edir

Parlament

Bu gün, 12:28

Geosiyasi rəqabətin doğurduğu çağırışlar qarşısında beynəlxalq təşkilatların bir çoxu  monolitliyini qorumaqda çətinlik çəkir. Bu, bir tərəfdən, geosiyasi və geoiqtisadi rəqabətin açıq qarşıdurma müstəvisinə keçid etməsi ilə bağlıdırsa, digər tərəfdən, ənənəvi platformaların  mürəkkəb transformasiyaya uyğunlaşa bilməməsi ilə əlaqəlidir. Təhlükəsizlik məsələsində suveren imkanlar arasındakı kəskin fərqlər də təşkilatdaxili münasibətlərdə illərlə mövcud olmuş qarşılıqlı etimadı sınağa çəkir.

Belə mürəkkəb şəraitdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı (TDT), Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü kimi yeni platformaların təsir imkanları daha çox diqqət cəlb edir. Nəzərə alsaq ki, nadir istisnalarla Türk dövlətlərinin mütləq əksəriyyəti bu təşkilatların hər birində təmsil olunur, Azərbaycan Prezidentinin ŞƏT-in Bişkekdə keçirilən 25-ci yübiley sammitində iştirakını həm də bu baxış bucağından dəyərləndirmək daha doğru olardı. Hadisələrin inkişafı göstərir ki, çoxqütblülük yeni dünya düzənində  real faktora çevriləcək və təhlükəsizlik arxitekturasında mühüm rol oynayacaq.

ŞƏT-in adından da göründüyü kimi, təşkilatın mərkəzində Çin Xalq Respublikasının güclənən iqtisadiyyatı, yüksək texnologiyalar sahəsindəki nailiyyətləri və demoqrafik potensialı dayanır. Statistik rəqəmlər ŞƏT-in imkanları ilə bağlı daha obyektiv və daha dolğun təsəvvürün yaranmasına imkan verir. Dünya iqtisadiyyatında nominal ÜDM-in üçdə biri və dünya əhalisinin 42 faizi ŞƏT-ə üzv olan dövlətlərin payına düşür. Son illərdə təkcə Çinin Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsi 700-800 milyard ABŞ dolları səviyyəsində dəyişir. Diqqətdən o da yayınmamalıdır ki, geoiqtisadi rəqabətin hədəfi təbii sərvətlərlə yanaşı, nəqliyyat dəhlizlərinə və logistik bağlantılara çıxış və nəzarəti təmin etməklə bağlıdır.  Mərkəzi Asiya yeni transformasiyanın geostrateji mərkəzlərindən biri hesab olunur və Orta Dəhliz boyunca yerləşən Türk dövlətlərinin ticarət dövriyyəsində Çinin payı kifayət qədər yüksəkdir. Eyni zamanda, Çin Xalq Respublikası Orta Dəhlizin Uzaq Şərqdəki başlanğıc məkanıdır.

Prezident İlham Əliyevin yürütdüyü praqmatik və çoxvektorlu xarici siyasətin uğuru həm də ondadır ki, Azərbaycan bu illər ərzində Orta Dəhlizdə yerləşən ölkələrlə, ilk növbədə, Türk dövlətləri ilə müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərini qurmağa nail olub. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə “C5” formatı faktiki olaraq “C6” formatına çevrilib. Təkcə bu fakt əyani şəkildə göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlığa və siyasi etimad mühitinə söykənir. Ən başlıcası, bu bənzərsiz birliyin təməlində ortaq tarixi köklər, milli-mənəvi və dini dəyərlərimizlə yanaşı, əcdadlarımızdan miras qalan təbii qardaşlıq bağları dayanır.

Tarixi faktlardan biri də onunla bağlıdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini savaş meydanında tam və mütləq mənada bərpa etməklə Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallığın formalaşmasına müvəffəq olub. Özü də bunu məlum güclərin maneə və müqavimətini qıraraq edib. Bədxahlarımız yaxşı bilir ki, Azərbaycanın tarixi Zəfəri onların Türk dünyasını parçalamaq kimi çoxəsrlik məkrli planını iflasa uğradıb və bu Qələbə Türk dünyasının oyanışında, yenidən bir araya gəlməsində bu gün müstəsna rol oynayır.

Növbəti tarixi gerçəklik ondan ibarətdir ki, müstəqil Azərbaycanın ərsəyə gətirdiyi yeni reallıq region ölkələri ilə yanaşı, həm Avropanın, həm də Asiyanın strateji maraqlarına cavab verir. Çünki Prezident İlham Əliyevin siyasi vizyonu Azərbaycanı iki qitə arasında ayırıcı sərhədə deyil, birləşdirici körpüyə çevirməklə bağlıdır. Əgər BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi vaxtında icra edilərək Ermənistanın işğalına son qoyulsaydı, başqaları da sonradan işğala, separatçılığa və qanlı müharibələrə həvəslənməzdi. Prezident İlham Əliyevin sentyabrın 1-də “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışında səsləndirdiyi bu bəyanat, ilk növbədə, dünyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan aparıcı aktorları daha məsuliyyətli davranışa dəvət edir: “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər”.

1545166

Azərbaycan Prezidentinin ŞƏT-in yubiley sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüş dünyaya o mesajı vedi ki, tarixi qardaşlığa və strateji müttəfiqliyə söykənən münasibətlərimiz “Bir millət, iki dövlət” prinsipi əsasında hər ötən gün daha da güclənir. Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü də beynəlxalq auditoriyaya eyni mesajı verdi və müzakirə edilən məsələlər göstərdi ki, Orta Dəhlizin tam gücü ilə işə salınması ölkələrimiz üçün prioritet hədəf hesab olunur.

Azərbaycan Prezidentinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü isə beynəlxalq medianın və aparıcı beyin mərkəzlərinin gündəm mövzusuna çevrildi. Hər iki Liderin Ana dilimizdə səmimi ünsiyyəti dünyaya o mesajı verdi ki, hətta ideoloji fərqliliklər belə, ölkələrimiz arasında qardaşlıq bağlarının, “o üzlü, bu üzlü” Azərbaycan türkü kimliyinin qorunmasına və yaşadılmasına mane ola bilmir. Prezident İlham Əliyevin Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Rusiya, Hindistan və Çin dövlət başçıları, habelə BMT-nin Baş katibi ilə ayaqüstü diplomatik görüşlərini vizual olaraq izləyən hər kəs bir daha dərk etdi ki, qalib xalqın Müzəffər Liderinə münasibət, həqiqətən, çox fərqli olur və pərdəarxası maraqlardan, yaxud şəxsi simpatiyalardan asılı olmayaraq,  yalnız rəğbət və etiram hissi doğurur.

Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü  birmənalı olaraq dünyaya bu mesajı verdi: bütün maneə və təzyiqlərə baxmayaraq, hər iki lider sülh gündəliyinə sadiqdir. Ermənistan hökumət başçısının Bişkekdə səsləndirdiyi bəyanatlardan o da məlum oldu ki, ölkəsinin iqtisadi blokadadan çıxmasına imkan verəcək TRIPP layihəsinin icrasına yaxın aylarda  başlanılacaq.

Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının beynəlxalq auditoriyaya verdiyi mesaj xüsusilə düşündürücü və ibrətamizdir. Mesaj ondan ibarətdir ki,  Türk varlığı, Türk kimliyi və bu faktordan irəli gələn tarixi ənənələr Avrasiya coğrafiyasında olduqca güclüdür. Ən başlıcası, bəzilərinin uydurma fobiyalara söykənən bölücülük və ayrı-seçkilik siyasətindən fərqli olaraq, bu təbii faktorun yeganə hədəfi sivilizasiyalararası dialoqa əməli töhfə verməkdir.

Ülvi Quliyev,
Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...