Azərbaycanlı jurnalistlərin İsraildəki media turu davam edir. Jurnalistlər Akko şəhərində yerləşən Azərbaycan Dağ Yəhudiləri İcmasını ziyarət edib.
Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Nehemya Şirin Mixaeli bildirib ki, diplomatik əlaqələr, diaspora fəaliyyəti və İsrail-Azərbaycan münasibətləri ətrafında müzakirələr davam edir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, cəmiyyətlərarası münasibətlər və siyasi müstəvidə atılan birgə addımlar diqqət mərkəzindədir:
“Ekspertlər və diaspora nümayəndələri hesab edirlər ki, görünən tərəflərlə yanaşı, münasibətlərin pərdəarxası məqamları da mühüm əhəmiyyət kəsb edir. Bu gün İsrail ilə Azərbaycan arasındakı strateji dostluq və qardaşlıq bütün dünyaya bəllidir. Ulu Öndərin dediyi kimi, bizim aramızdakı münasibətlərin yalnız aysberqin görünən tərəfi göz önündədir. Əsas məsələlər haqqında isə heç kim danışmır və görmür. Bu da bizim üçün böyük bir fəxrdir".
O, qeyd edib ki, qarşılıqlı səfərlər və İsrail cəmiyyətinin Türk dünyasına olan müsbət münasibəti əlaqələrin daha da dərinləşməsinə xidmət edir:
"Sizə bildirmək istəyirəm ki, bu gün sizin buraya gəlməyiniz çox vacibdir. Siz artıq İsraildə gördüklərinizi və eşitdiklərinizi açıq-aydın anlamısınız. Yəqin ki, yalnız bir yerdə olmamısınız; sizi Qüdsə, Təl-Əvivə, hətta Livan sərhədinə də aparıblarsa, deməli, şəxsən çox yeri gəzib görmüsünüz. İsraildə Türk dünyasını çox sevirlər. Vaxtilə Türkiyə ilə İsrail arasında çox gözəl, böyük qardaşlıq əlaqələri olub. İndi isə Azərbaycanla İsrail arasındakı bu qardaşlıq münasibətləri bizə — azərbaycanlılara çox xoş gəlir. Biz də bu istiqamətdə çalışırıq”.