Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Təşəbbüs Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və icrası ilə bağlı müvafiq tapşırıq verilib.
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir.
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış etməsini böyük məmnunluqla qarşılayıram. Prezident İlham Əliyevin bu mühüm sosial təşəbbüsü yüksək qiymətləndirərək onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.
Əminəm ki, bu qərar tibb ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanacaq. Həkim olaraq yaxşı bilirəm ki, tibb işçisinin əməyi son dərəcə məsuliyyətli, çətin və fədakarlıq tələb edən bir peşədir. İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq sadəcə iş deyil, böyük mənəvi məsuliyyətdir. Bu baxımdan tibb işçilərinin əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, Mehriban Əliyevanın uzun illərdir səhiyyəyə, xüsusilə ana və uşaq sağlamlığına, müasir tibb müəssisələrinin yaradılmasına və insanların müalicəsinə göstərdiyi diqqət cəmiyyətə yaxşı məlumdur:
“Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı bu təşəbbüs də insan amilinə əsaslanan həmin yanaşmanın davamı kimi qiymətləndirilə bilər.

Məsələyə yalnız əməkhaqqının artırılması kimi baxmaq olmaz. Bu, eyni zamanda həkimin, tibb bacısının və digər səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir. Nəticədə qazanan bütövlükdə səhiyyə sistemi və ən əsası, Azərbaycan vətəndaşı olur”.
Müşfiq Məmmədli yeni təşəbbüsün dövlət səhiyyə müəssisələrini peşəkar kadrlar üçün daha cəlbedici edəcəyini və ixtisaslı mütəxəssislərin sistemdə qalmasına əlavə stimul yaradacağını düşünür.
“Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması baxımından əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlərin inkişaf etdirilməsi mühüm nəticələr verə bilər.
Azərbaycan səhiyyəsi son illərdə böyük inkişaf yolu keçib. Yeni və müasir tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu böyük sistemin əsas dayağı olan insan kapitalına – həkimə, tibb bacısına və digər tibb işçilərinə diqqətin artırılması isə islahatların məntiqi davamıdır”.
Deputatın sözlərinə görə, əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsilin, peşəkar inkişafın, şəffaf karyera modelinin və əməyin obyektiv qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də səhiyyənin inkişafına yeni dinamika verə bilər.
“Xüsusilə ilkin səhiyyə və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması mühüm istiqamətlərdir.
Bu təşəbbüsü təkcə sosial qərar deyil, Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirirəm. Əminəm ki, bu addım həm tibb işçilərinin sosial rifahına, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək”, – Müşfiq Məmmədli sonda bildirib.