Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın xroniki residivləşən xəstəliyi olub, onun selikli qişasının ağır dərəcədə diffuz formal xoralı-iltihabi zədələnməsi ilə xarakterizə olunur. Hazırda ingilis ədəbiyyatında bu termin daha dəqiq olaraq “xoralı kolit” kimi ifadə edilir. Bu xəstəlik müxtəlif ölkələrdə müxtəlif cür yayılıb. Belə ki, qeyri-spesifik xoralı kolitə xüsusilə şimal ölkələrindən ABŞ, Böyük Britaniya, Norveç və İsveç kimi ölkələrdə rast gəlinir. Bu xəstəlik haqda daha geniş məlumatı “HERBA FLORA” həkimi, həkim-terapevt Elnur Rəhimovdan aldıq.
O, bildirdi ki, əlamətlər istənilən yaşda üzə çıxa bilər. Qadın və kişilərdə rast gəlinmə tezliyi eynidir. Amerika Harvard Səhiyyə məktəbinin tədqiqatçıları professor Lori Qlimçerin rəhbərliyi altında siçanlar üzərində tədqiqat apararaq müəyyən etdilər ki, bağırsaqda tənzimləyici T-bet zülalının çatışmazlığı bakteriyaların bağırsaq divarından keçməsinə şərait yaradır. Bu da öz növbəsində yoğun bağırsaqda iltihabi proseslərə və xoraların yaranmasına gətirib çıxarır.
Etiologiya.
Qeyri-spesifik xoralı kolitin yaranmasında bir çox amillər rol oynaya bilər: infeksion, immunoloji, genetic və ətraf mühit faktorları. Lakin xəstəliyin patogenezində bağırsaq mikroflorası və virusların rolu hələki, öyrənilməkdədir. İnfeksion agentlərin xəstəliyin yaranmasında əsas factor olması indiyə kimi öz təsdiqini tapmamışdır. Bu sahədə daha çox genetik faktorlara üstünlük verilir. Emosional faktorları isə xəstəliyin kəskinləşməsində səbəb kimi göstərmək olar, xəstəliyin yaranmasında isə onun rolu sübut edilməmişdir. Ehtimal edilir ki, xəstəliyin yaranmasında autoimmune xəstəliklər daha böyük rol oynayır. Bu sahədə daha çox iltihab mediatorlarının, sitokinlərin və immune requlyator hüceyrələrin immune cavabın tənzimlənməsində rol oynadığını izah etməyə çalışırlar. Bir qrup tədqiqatçı isə xəstəliyin yaranmasını bağırsaq epitelisində enerji çatışmazlığı ilə əlaqələndirir.
Patomorfologiya.
Zədələnmə bir qayda olaraq düz bağırsaqdan başlayaraq proksimal istiqamətdə yayılır. Əgər proses yalnız düz bağırsaqda baş verərsə, bu xoralı proktit adlanır. Ancaq bu proses həmişə belə qalmır, bütünlükdə yoğun bağırsağın bütün şöbələrini zədələyərək, necə deyərlər, yoğun bağırsaqda bir dənə də salamat yer qoymur. Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə patoloji proses xüsusi olaraq bağırsağın yalnız selikli və selikaltı qişasını zədələyir. Xoraların forma və ölçüləri fərqli olur, kənarları hamar, dibi qazılmış kimi görünür. Qeyri-spesifik xoralı kolit üçün əsasən bağırsağın boylama əzələləri istiqamətində 2-3 sırada yerləşmiş uzununa formal xoralar xarakterikdir. Kiçik xoraların dibi təmiz, böyüklərin dibi isə bozumtul rəngli fibroz ərp ilə örtülüdür. Xoraların perforasiyasına nadir hallarda baş verir. Bağırsaqda distali stiqamətdə morfoloji dəyişikliklər getdikcə artır. 18-30% hallarda qalça bağırsağın terminal hissəsi zədələnə bilər. Əksər vaxtlarda yoğun bağırsaqda psevdopoliplərə də rast gəlinir.
Təsnifatı.
Lokalizasiyasına görə qeyri-spesifik proktit və proktosiqmoidit, sol tərəfli kolit, total kolit və regionar kolit, gedişin əgörə kəskin, xroniki və residivləşən, ağırlığına görə isə yüngül, orta və ağır formal kolitlər ayırd edilir.
Klinikası.
Xəstəlik başlanğıcda kəskin və ya tədricən başlaya bilər. Xəstəliyin simptomatikası bağırsaqdakı iltihabi proseslərlə əlaqədardır.
Əlamətləri.
İshal, nəcisdəirin, selik və qanın olması, tenezm (ağrılı, yalançı gücənmə), qarında ağrı (çox zaman sol tərəfdə), qızdırma, iştahanın olmaması, çəki itkisi, müxtəlif səviyyəli su-elektrolit balansının pozulması.
Bağırsaqdan kənar əlamətlər. Artritlər, spondilit, görmə orqanının zədələnməsi (irit, konyuktivit, blefarit), stomatit, xolangit, qaraciyər sirrozu, xolelitiaz, qanqrenoz piodermiya, düyünlü eritema, düyünlü poliarteriit, tromboflebit və tromboemboliya, nefrolitiaz. İshalda qanın olması xəstəliyin təzə baş verməsindən xəbə rverir. Əksər insanlarda xəstəlik xroniki gedişli olub, periodic olaraq residivləşir.
Diaqnostika.
Xəstələrdə peritonitə kimi ağırlaşma ola bilər. Palpasiya zamanı perianal abses, düzbağırsaqda çat, sfinkterdə spazm və s. müəyyən etmək olar. Diaqnozu dahadadəqiqləşdirmək üçün endoskopik və rentgenoloji müayinədən istifadə edilir. Qanın laborator müayinəsi zamanı anemiya, müxtəlif səviyyəli leykositoz, hipo- və disproteinemiya müəyyən edilir. Nəcis əkilərək pathogen stafilokokların olması təyin edilir (normadan 60 dəfə çox).
Differensial diaqnoz.
Kron xəstəliyi ilə differensial diaqnostika edilməlidir. Kron xəstəliyi zamanı daha çox nazik bağırsaq zədələnir. Massiv qanaxmalar isə olmur.
Ağırlaşmaları.
Toksiki meqakolon (3-5%), yoğun bağırsağın perforasiyası (3-5%), düz və yoğun bağırsağın strikturası (3-19%), profuz bağırsaq qanaxması (1-6%), yoğun bağırsağın kəskin toksiki dilatasiyası (1-2%), perianal ağırlaşma (4-30%), yoğun bağırsağın xərçəngi (2-3%).
Müalicə.
Xəstəliyin bütün formalarında müalicə konservativ başlayır (ağırlaşmaları çıxmaq şərtilə). Bu məqsədlə kompleks müalicəyə enteral qidalanma, venadaxili kortikosteroidlərin yeridilməsi, antibiotikoterapiya, parenteral qidalanma daxil edilir. Cərrahi müdaxilə isə o zaman tətbiq edilir ki, konservativ müalicənin effekti yoxdur və xəstəlik artıq ağırlaşıb. Bura aiddir: palliativ (ileostomiya), radikal və bərpaedici-rekonstruktiv əməliyyat. Fitoterapevtik olaraq qastren çayından ishal əlamətləri olduqda istifadə olunur.
AZƏR Salehli,
Azərbaycan Tibb Universitetinin tələbəsi