Modern.az

Orxan Fikrətoğlunun “İlk dərs günləri”: “1-ci partadakı uzun hörüklü qıza aldanıb, cəzalandım” - RUBRİKA

Orxan Fikrətoğlunun “İlk dərs günləri”: “1-ci partadakı uzun hörüklü qıza aldanıb, cəzalandım” - RUBRİKA

Ölkə

20 Dekabr 2012, 12:54

Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır.
Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.

Modern. az-ın “İlk dərs günləri adlı rubrikasının bu dəfəki qonağı tanınmış telejurnalist-publisist Orxan Fikrətoğludur. Ona zəng edib rubrikamız haqqında danışdığım zaman maşınla tıxacda qaldığını dedi, amma buna baxmayaraq, böyük məmuniyyətlə ilk dərs günlərini bizə elə yolda qaldığı yerdən danışdı. 

- Birinci sinfə 1973-cü ildə anamla getmişəm. İlk dərs günlərində çox yadda qalan hadisələrim olub.

Yadımdadır ki, hardasa bir həftə olardı ki, dərsə gedirdik. Birinci partada uzun hörüklü Ulduz adında bir qızın yanında otururdum. Bir gün müəllimə yaxınlaşıb mənə “B” hərfini göstərib soruşdu ki, bu hansı hərfdir. Mən bilə-bilə ki, “B” hərifidir, qızın sözünə uyub dedim “V”  hərifidir. Elə bildim ki, qız məndən yaxşı bilər. Müəllimə mənə dedi ki, sən heç nə bilmirsən, get arxada otur. İlk dəfə mən o zaman aldandım və başqasının sözünə inanıb, arxa partada oturmağa məcbur oldum. (Amma sonra taleyim də elə gətirdi ki, mənim bütün ömrüm belə oldu. Heç vaxt bildiyimi deyil başqalarının yalan sözləri ilə müəyyən şərhlər etdim).
Arxaya keçəndən sonra başqa bir qızla yanaşı əyləşdim. Sonra müəllimə dama-dama dəftərimizi çıxartmağı tapşırdı. Məndə də iki dənə ana dili dəftəri var idi. Görünür anam dəftərləri qarışdırmışdı. Qıza dedim ki, məndə ikisi də ana dili dəftəridir. Səndə dama–dama dəftər var?  O da cavabında “var, amma  birini 5 qəpikdən satıram” dedi. Bu dəfə də həyatımda ilk dəfə alverlə rastlaşdım. Bizim ailədə alver məsələsinə o zamanlar çox pis baxırdılar. Görünür qız alverçi ailəsindən idi ki, 3 qəpiklik dəftəri mənə 5 qəpiyə satdı. Sonra öyrəndim ki, doğurdan da bu qızın anası məktəbdə “ponçik” bişirib satırmış.

İlk tanıdığım müəllimə isə Rübabə müəllimə idi ki, maraqlı insan idi. Amma mənim həyatımda bu günə qədər izi qalan müəllimə Səmayə xanım olub. 

5-ci sinfə qədər yaxşı oxuyurdum. Adım şərəf lövhəsində idi.

O dövir üçün isə yadımdadır ki, ağ köynək, qara şalvar bizim məktəbli geyimlərimiz idi.

İndiki geyimimə gəlincə isə Eynişteynin bir kəlamı var, deyir: “Mən Eynşteyn olana qədər geyinmirdim ki, pulum yoxdur, Eynşteyn olandan sonra da geyinmirəm. Nə dəxli var ki, indi hamı mənə Eynşteyn kimi baxır, geyimimə baxmır”. Elə mən də düşünürəm ki, Orxan Fikrətoğluyam, geyimin nə dəxli var. Mənim ətrafım ağıllıdır. Mənim kim olduğuma baxır. Ağılsız da hara baxır, baxsın.

Öyrəndiyim ilk şeiri deyə bilmərəm. Amma sevdiyim şeirlərdən biri yadımda qalıb:

Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə.
Çeynədilər, dişlədilər, diddilər.
Bir-birini al-qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.

Birdə məktəbdə oxuyarkən həmişə heyran qaldığım bir təmsil var idisə, tülkü ilə qarğanın əhvalatı idi. Həmişə məəttəl qalırdım ki, qardaş bu pendiri tutmusan ye də, day nə çıxıb ağacda oturursan?

İlk arzum isə futbolçu olmaq idi. Yaxşı futbol oynayırdım. Hətta Azərbaycan milli yığma komandasının üzvü idim. 1982-ci ildə SSRİ çempionu da olduq. Bıçaqlanandan sonra futboldan ayrıldım.

Sinif yoladaşlarımla əlaqə saxlamağımı soruşursunuzsa, onlardan birini hər gün görürəm. O da bizim evin xanımıdır. 9-cu sinifdə atam gördü ki, qiymətlərimin hamısı “2”dir, məni Ağdam məktəbinə qaytardı. Həmin məktəbə getdikdən sonra həyat yoldaşımla eyni sinifdə oxuyurduq. Dərsi bilməyəndə yoldaşım yerdən dərsi mənə “podskazka” edirdi. Gördüm elə bu yaxşı “podskazka” edir, evləndik onunla (gülür).

Mən uşaqlıqda çox dəcəl olmuşam. Üstəlik karateyə də gedirdim və bütün günü vuruşmağa adam axtarırdım. Tutaq ki, 8-ci mikroyonda yaşayırdıqsa, dəstə ilə gedirdik Sovetskinin uşaqları ilə vuruşmağa.

Şahanə RƏHİMLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı